Dövlət Bağçalı: “Ərdoğan aldadır”
13 oktyabr 2009 16:30 (UTC +04:00)

Dövlət Bağçalı: “Ərdoğan aldadır”

“Baş nazirin dedikləri millətimizi aldatmaqdan başqa bir şey deyil”


MHP lideri Dəniz Baykal partiyasının qrup toplantısında Türkiyə və Ermənistan xarici işlər nazirlərinin imzaladıqları protokollarla bağlı bəyanat verib.

Lent.az-ın Türkiyənin “Vatan” qəzetinə istinadən verdiyi məlumata görə, Dövlət Bağçalı deyib ki, imzalanma mərasimində yaşananlar hökumətin bu məsələdəki təslimçi davranışını açıq-aşkar ortaya qoyub.

MHP sədri bildirib ki, AKP hökuməti təslimçi israrını davam etdirərək səhvindən geri çəkilməyib və protokolları imzalayıb: “Protokolların mətnində ermənilərin qondarma “soyqırım” iddialarından vaz keçdiklərinə, Qarabağdan çəkiləcəklərinə dair heç bir kəlmə yoxdur. ASALA-nın şəhid etdiyi diplomatlarımızla bağlı yumşaq üzr belə protokollarda yer almayıb. Əksinə, imzalama mərasimində küncə sıxılmış xarici işlər nazirimiz vardı”.


Dövlət Bağçalı qeyd edib ki, baş nazir Rəcəb Tayyib Ərdoğanın ermənilərin Qarabağdan çıxacaqlarına dair dediyi sözlərlə bu mətnlər arasında heç bir bağlılıq yoxdur: “Baş nazirin qeyri-rəsmi səviyyədə dediyi sözləri bir şərt kimi təqdim etməsi millətimizi aldatmaqdan başqa bir şey deyil. Ermənilərin Qarabağdan çəkilməsi önəmli bir məsələdirsə, nədən AKP hökuməti bu şərtin protokollarda əksini tapmasında israr göstərməyib? Digər tərəfdən, Ermənistan prezidenti soyqırım məsələsinin alt komitədə müzakirəyə çıxarılmasını qəbul etməyəcəklərini söyləyib. Xarici işlər naziri bu protokollara imza atmaqla bunu bir növ təsdiqləyib”.

MHP sədri hökumətə sual da ünvanlayıb: “Sərhəd Azərbaycan torpağı olan Qarabağ işğal edildiyi üçün bağlanıb. İndi bu məsələdə nə dəyişib? Azərbaycanlı qardaşlarımızın könlü necə alınacaq? Baş nazir əvvəlcə verdiyi bəyanatları bir kənara qoyub, protokolları parlamentə necə təqdim edəcək? Hökumət daxil olduğu bu prosesin kabuslarını artıq görməyə başlayıb. Ermənistan prezidentinin sərhədin açılması şərtiylə futbol maçına gələcəyini söyləməsi bu çaxnaşmanı artırıb”.

Dövlət Bağçalı Türkiyə-Ermənistan futbol oyununun keçiriləcəyi stadiona erməniləri pisikdirməmək üçün Azərbaycan bayrağının gətirilməməsi barədə az əvvəl edilən tövsiyələrə də toxunub: “Azərbaycan bayrağı Türkiyə Böyük Millət Məclisindədir. Futbola baxmağa gələnlərin seçilərək içəri buraxılması AKP-nin acizliyini göstərir. Bursalılar qorxmasın və bu şəhəri təslimçilik məkanı kimi göstərməsinlər. AKP hökumətinin onurğası qırılıb. Bu gün hökumət yalnız xaricilərin dəstəyilə ayaq üstə dura bilir”.

MHP sədri CHP sədri Dəniz Baykalın baş nazir Rəcəb Tayyib Ərdoğanla görüşə razılıq verməsini də tənqid edib: “Baykal bu addımıyla AKP-yə qapılarını açıb”.
# 328

Oxşar yazılar