Müxalifət qərara gələ bilmir
06 oktyabr 2009 17:34 (UTC +04:00)

Müxalifət qərara gələ bilmir

İqbal Ağazadə: “Bizə heç kim vaxt verə bilməz”

Bu gün Müsavat Partiyasının mərkəzi qərargahında Qarabağ və Respublika Uğrunda Vətəndaş Hərəkatına daxil olan siyasi partiya liderlərinin növbəti toplantısı keçirilib. Bu barədə Lent.az-a Hərəkata daxil olan Müsavat Partiyasının başqanı İsa Qəmbər məlumat verib.

Onun sözlərinə görə, toplantıda hazırkı durumda aktual olan bir sıra məsələlər müzakirə edilib: “Təbii ki, mətbuatda müzakirə edilən, Vətəndaş Hərəkatının daxilindəki münasibətlərlə bağlı məsələ də diskussiya mövzusu oldu. Tərəflər mövqelərini bəyan etdilər. Hələlik aydın olan odur ki, bəzi partiyalar hələlik yekun qərarı qəbul etməyə hazır deyillər. Ona görə də həmin partiyalara bir az zaman tanındı ki, mövqelərini müəyyənləşdirib ortaya qoysunlar”.

İsa Qəmbər Lent.az-ın əməkdaşının ““bəzi partiyalar” deyərkən Ümid Partiyasını nəzərdə tutursunuzmu” sualını isə cavablandırmayıb.

Hərəkata daxil olan Ümid Partiyasının sədri İqbal Ağazadə isə Lent.az-a açıqlamasında toplantıda heç bir qərarın qəbul olunmadığını bildirib: “Hesab edirəm ki, siyasi partiyalar bu məsələdə yaxın günlərdə müəyyən bir qərara malik olacaqlar və ondan sonra Hərəkat bütövlükdə öz qərarını verəcək”.

Ağazadə “toplantıda Müsavat Partiyası Ümid Partiyasına hansısa məsələ ilə bağlı vaxt veribmi” sualını belə cavablandırıb: “Ümid Partiyasına heç bir məsələ ilə bağlı vaxt verilməyib. Bizə heç kim vaxt verə bilməz”.

Onun sözlərinə görə, Hərəkata daxil olan partiyalar arasında mövqelərini tam şəkildə ifadə etməyən partiyalar var ki, həmin qurumların yaxın günlərdə qərar verəcəyi gözlənilir: “Bu, konkret olaraq Hərəkatın taleyi, Müsavatın şərti, bizim şərtimiz və s. məsələlərə aiddir. Bunlar dəyərləndiriləcək”.

Müsavat və Ümid partiyaları arasında mübahisə təxminən iki həftədən artıqdır ki, davam edir.

Qarabağ və Respublika Uğrunda Vətəndaş Hərəkatında Ümid, Müsavat, Xalq Cəbhəsi, Demokrat, Liberal, Vətəndaş və İnkişaf partiyaları təmsil olunur.

Pərvin ABBASOV
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1781

Oxşar yazılar