Baş prokuror müddətsiz seçilə bilər
29 sentyabr 2009 17:15 (UTC +04:00)

Baş prokuror müddətsiz seçilə bilər

Yeni layihədə baş prokurorun təyinatı ilə bağlı məhdudiyyətin aradan qaldırılmasını nəzərdə tutan müddəanın olduğu təsdiqləndi

Baş prokurorun təyinatı ilə bağlı məhdudiyyətin “Prokurorluq haqında” qanundan çıxarılmasına dair təklif Milli Məclisə prezident İlham Əliyevin qanunvericilik təşəbbüsü ilə daxil olub.

APA-nın məlumatına görə, 6 avqust 2009-cu ildə prezident İlham Əliyevin imzası ilə Milli Məclisə göndərilən “Prokurorluq haqında”, “Prokurorluq orqanlarında qulluq keçmə haqqında”, “Əmək pensiyaları haqqında” qanunlara əlavə və dəyişikliklər edilməsi ilə bağlı məsələ artıq parlamentin payız sessiyasının qanunvericilik işləri planına da daxil edilib.

Dövlət başçısı tərəfindən göndərilən “Prokurorluq haqında” qanuna təklif olunan əlavə və dəyişiklikdə “Eyni şəxs iki dəfədən artıq təkrarən Azərbaycan Respublikasının Baş prokuroru, Azərbaycan Respublikasının Hərbi prokuroru, Naxçıvan Muxtar Respublikasının prokuroru, Naxçıvan Muxtar Respublikasının hərbi prokuroru vəzifəsinə təyin edilə bilməz. Ərazi və ixtisaslaşdırılmış prokurorlar eyni ərazi vahidlərinə iki dəfədən artıq təkrarən təyin edilə bilməz” ifadəsi çıxarılıb.

Belə ki, “Prokurorluq haqında” qanunun 16-cı maddəsinin ikinci hissəsinin mövcud variantı belədir: “Eyni şəxs iki dəfədən artıq təkrarən Azərbaycan Respublikasının Baş prokuroru, Azərbaycan Respublikasının Hərbi prokuroru, Naxçıvan Muxtar Respublikasının prokuroru, Naxçıvan Muxtar Respublikasının hərbi prokuroru vəzifəsinə təyin edilə bilməz. Ərazi və ixtisaslaşdırılmış prokurorlar eyni ərazi vahidlərinə iki dəfədən artıq təkrarən təyin edilə bilməz”.

Təklif olunan variant isə belədir: “16-cı maddəsinin ikinci hissəsi aşağıdakı redaksiyada verilsin:

- Ərazi və ixtisaslaşdırılmış prokurorlar, bir qayda olaraq, həmin vəzifəyə iki dəfədən artıq təkrarən təyin edilə bilməzlər.

Göründüyü kimi, təklif olunan variantda “Eyni şəxs iki dəfədən artıq təkrarən Azərbaycan Respublikasının Baş prokuroru, Azərbaycan Respublikasının Hərbi prokuroru, Naxçıvan Muxtar Respublikasının prokuroru, Naxçıvan Muxtar Respublikasının hərbi prokuroru vəzifəsinə təyin edilə bilməz” cümləsi çıxarılıb ki, bu da qoyulmuş məhdudiyyətin götürülməsi deməkdir.

Parlamentin yaz sessiyasında baş prokurorun, hərbi prokurorun, Naxçıvan Muxtar Respublikası prokurorunun və hərbi prokurorunun iki dəfədən artıq bu vəzifəyə təyin olunmasına qoyulan məhdudiyyətin götürülməsi ilə bağlı təklif Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Qüdrət Həsənquliyev tərəfindən də irəli sürülüb.

Millət vəkili APA-ya açıqlamasında dövlət başçısının imzası ilə parlamentə göndərilən qanun layihəsində onun təklifinin nəzərə alındığını deyib: “Dövlət başçısının göndərdiyi sənəddə təkcə baş prokurorun təyinatına qoyulan məhdudiyyət deyil, bir çox məsələlər yer alıb. Bu sənəd daha mükəmməldir”.

Qeyd edək ki, Milli Məclis Aparatının rəhbəri Səfa Mirzəyev bu günlərdə mətbuata verdiyi açıqlamasında parlamentə baş prokurorun təyin olunmasına qoyulan məhdudiyyətin götürülməsi ilə bağlı heç bir sənədin daxil olmadığını bildirib.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 462

Oxşar yazılar