“Mən rəsmi qəzetlərin fəaliyyətinin dayandırılacağı barədə heç bir açıqlama verməmişəm”
24 sentyabr 2009 12:00 (UTC +04:00)

“Mən rəsmi qəzetlərin fəaliyyətinin dayandırılacağı barədə heç bir açıqlama verməmişəm”

Əli Həsənov: “Demişəm ki, qarşıdakı illərdə Azərbaycanda siyasiləşmiş mətbuat anlayışı aradan qalxsa, o zaman rəsmi dövlət qəzetlərinə də ehtiyac olmaya bilər”

“Mən Benqt Braun ilə görüşdə yaxın vaxtlarda rəsmi dövlət qəzetlərinin fəaliyyətinin dayandırılacağı barədə heç bir açıqlama verməmişəm”.

Bunu APA-ya açıqlamasında Azərbaycan Prezident Administrasiyasının ictimai-siyasi şöbəsinin müdiri Əli Həsənov deyib.

Qeyd edək ki, bu gün Azərbaycana səfərinin yekunlarına dair mətbuat konfransı keçirən Dünya Qəzetçilər Assosiasiyasının (DQA) İdarə Heyətinin sədr müavini Benqt Braun bildirib ki, Azərbaycan Prezident Administrasiyasının şöbə müdiri Əli Həsənov onunla görüşdə rəsmi dövlət qəzetlərinin yaxın vaxtlarda bağlanacağını bildirib.

Ə. Həsənov isə qeyd edib ki, B. Braun görüşdə dövlət qəzetlərinin fəaliyyətinə son qoyulmamasının səbəbi ilə maraqlanıb. Şöbə müdiri isə bildirib ki, hazırda Azərbaycan mediası müxtəlif siyasi cinahlara bölünüb, müstəqil və müxalifət mediası rəsmi dövlət xəbərlərini, qərar və qanunları yaymır: “Mən qeyd etmişəm ki, rəsmi dövlət qəzetləri hazırda hökumətin qəbul etdiyi qərarları, görülən işləri, qanun layihələrini dərc edir. Həmçinin o ümidimi də ifadə etmişəm ki, qarşıdakı illərdə Azərbaycanda siyasiləşmiş mətbuat anlayışı aradan qalxsa, o zaman rəsmi dövlət qəzetlərinə də ehtiyac olmaya bilər. Çünki müstəqil mətbuat, müxalifət mətbuatından fərqli olaraq, dövlətin gördüyü işlərə, qərarlara xəbər kimi yanaşaraq, onları işıqlandıracaq. O zaman ayrıca rəsmi qəzetlərin çağına da ehtiyac olmaya bilər”.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 403

Oxşar yazılar