İrəvanı dolandıran İstanbul
16 sentyabr 2009 16:15 (UTC +04:00)

İrəvanı dolandıran İstanbul

Qapısı “bağlı” Ermənistanda ən çox Tatlısəsi dinləyirlər

Türkiyə ilə Ermənistan arasında sərhəd qapısının açılması məsələsi gündəmdə olan bir zamanda türk jurnalistlərindən biri maraqlı reportaj hazırlayıb.

Lent.az-ın “turkiyeturizm.com”-a istinadən verdiyi məlumata görə, hazırda İstanbul şəhərinin Laləli, Bəyazid və Kumkapı adlanan ərazilərində ölkəyə qanunsuz, yəni qaçaq olaraq gəlmiş 70 mindən çox erməni çalışır. Erməni siyasətçiləri beynəlxalq aləmə “türk soyqırımı” barədə car çəkdiyi bir vaxtda İstanbuldakı ermənilər türklərlə “can-ciyər” kimi yaşayır. Hətta statistikaya görə, 1 milyon əhalisi olan paytaxt İrəvan sakinlərinin 200-300 mini məhz İstanbuldan göndərilən parayla dolanır. Belə ki, İstanbuldakı qaçaq ermənilər 2-3 ayda bir dəfə İrəvana gedərək (yaxud getməyərək) yığdıqları pulları ailələrinə çatdırır. Başqa sözlə, İrəvanın böyük bir hissəsinə İstanbul “baxır”.

Ermənistan İstanbula işləməyə gələnlər əsasən, uşaq baxıcısı, aşpaz və xidmətçi kimi “vəzifə”lərdə çalışır. Ermənilər əsasən Kumkapı bölgəsində məskunlaşıb ki, bunun da səbəbi var: həmin ərazidə istanbullu ermənilər çoxluq təşkil edir, üstəlik burada erməni kilsəsi də var.

Çox da ki “sərhəd qapısı” müzakirə mövzusudur. Əslində isə İstanbuldan İrəvana həftədə 4 dəfə təyyarə uçur. “Armavia Airlines” şirkəti öz təyyarələrilə 2 dəfə və kirayəyə götürdüyü təyyarələrlə 2 dəfə İstanbuldan İrəvana və əks istiqamətdə erməni daşıyır. Ancaq İstanbul-İrəvan marşrutu ilə hərəkət etmək çox bahalıdır. Gediş-gəliş bileti 480 dollardır. Üstəlik İrəvandakı qapı girişində 50 dollarlıq viza haqqı var. İstanbuldakı analoji haqq cəmi 10 dollardır.

Ermənistan-Türkiyə “ilişkilərinin” bir çox görünməyən məqamlarına toxunan türk jurnalistin yazdığına görə, düşmən ölkədə yaşı 50-60-ı keçənlərin hamısı türkcə bilir. Ermənistanda ən çox sevilən müğənni isə kim olsa yaxşıdı? İbrahim Tatlısəs. Ümumiyyətlə, Türkiyədə hansı müğənni populyar oldusa, Azərbaycan məşhurlaşdığı kimi, Ermənistanda tanınır, sevilir, dinlənilir. Bundan başqa, ermənilər türk musiqilərinin sözlərini erməni dilinə çevirərək onları aranjeman da edir.
Və sonda: sən demə Ermənistan ən çox ticarəti elə qapısı “bağlı” olan Türkiyəylə “yapırmış”. Məsələn, 2007-ci ilin analoji rəqəmləri 4-5 milyard ətrafındadırsa, bunun 3,6 milyard dollarının Türkiyə ilə ticarətə ödənildiyi bəlli olub (“Böyük qardaş” Rusiyanın payına cəmi 1,4 milyard dollar düşüb). Əgər Türkiyəylə Ermənistan arasında sərhəd qapısı “açılsa”, bu rəqəm 8-9 milyard dollara çatacaq.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 532

Oxşar yazılar