Prezident İlham Əliyev: “İslahatlar davam etdirilməlidir”
16 sentyabr 2009 13:00 (UTC +04:00)

Prezident İlham Əliyev: “İslahatlar davam etdirilməlidir”

Sentyabrın 15-də Bakıda “Buta” sarayında “Əsrin müqaviləsi”nin 15-ci ildönümünə həsr olunmuş təntənəli mərasim keçirilib.

Azərbaycan Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva mərasimdə iştirak ediblər.

Prezidentin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, dövlət başçısı mərasimdə çıxış edərək bildirib ki, 15 il bundan əvvəl müstəqil Azərbaycanın həyatında çox əlamətdar və son dərəcə həlledici hadisə baş verib. Müstəqilliyin ilk illərinin Azərbaycan üçün çox ağır keçdiyini xatırladan dövlət başçısı, “Əsrin müqaviləsi”nin imzalanmasının ölkəmizin qarşısında yeni imkanlar açdığını diqqətə çatdırıb.

“Əsrin müqaviləsi” imzalanarkən Azərbaycanın milli maraqlarının tam təmin olunduğunu vurğulayan Prezident İlham Əliyev deyib ki, ölkəmiz bu müqavilənin həyata keçirilməsi ilə uğurlu inkişaf yoluna qədəm qoyub. Azərbaycanın müstəqil ölkə kimi dünya birliyinə inteqrasiyası böyük dərəcədə “Əsrin müqaviləsi”nin imzalanması ilə bağlıdır.

Müqavilənin çox sürətlə həyata keçirildiyini xatırladan Prezident İlham Əliyev deyib ki, dünya bazarlarına birbaşa çıxışı olmayan Azərbaycan neft-qaz kəmərlərinin tikintisini də uğurla həyata keçirib. Bakı-Tbilisi-Ceyhan neft kəmərinin işə düşməsi ikinci tarixi hadisə olub. Bu, təkcə Azərbaycan üçün deyil, eyni zamanda region ölkələri üçün də böyük əhəmiyyət daşıyır. Hazırda bu kəmərin əhəmiyyəti daha da artıb, Azərbaycan tranzit ölkəyə çevrilib. Azərbaycanın enerji təhlükəsizliyinin tam təmin olunduğunu diqqətə çatdıran dövlət başçısı bildirib ki, ölkəmizin enerji resursları dünya bazarına çoxşaxəli yollarla nəql edilir.

Bu il Azərbaycanda neft hasilatının 45 milyon tondan çox, qaz hasilatının 30 milyard kubmetrə yaxın olacağını diqqətə çatdıran Prezident İlham Əliyev deyib ki, gələcəkdə bu rəqəmlər artacaq. Bu gün Azərbaycanın enerji siyasəti regional müstəvidən çıxıb, qlobal müstəviyə daxil olub. Azərbaycan neft-qaz ixrac edən etibarlı ölkə kimi dünya birliyi üçün daha önəmli olub. Biz enerji təhlükəsizliyi məsələlərində çox fəal iştirak edirik.

Dövlət başçısı bildirib ki, Azərbaycan hazırda sürətli inkişaf dövrünü yaşayır. Azərbaycanın valyuta ehtiyatları 18 milyard dollardan çoxdur. Son beş ildə Azərbaycanın dövlət büdcəsi 10 dəfədən çox artıb, 2003-2008-ci illərdə ümumi daxili məhsul (ÜDM) 2,6 dəfə çoxalıb, 800 minə yaxın yeni iş yeri açılıb, yoxsulluğun səviyyəsi 49 faizdən 13 faizə enib.

Azərbaycanda şəffaflığın təmin olunduğunu qeyd edən Prezident İlham Əliyev diqqətə çatdırıb ki, 1999-cu ildə yaradılan Dövlət Neft Fondu BMT-nin şəffaflıq mükafatına layiq görülüb.

Ölkəmizdə aparılan islahatların beynəlxalq qurumların hesabatlarında əksini tapdığını xatırladan dövlət başçısı bildirib ki, Dünya Bankı 2008-ci ildə Azərbaycanı bir nömrəli islahatçı ölkə elan edib. Bizim məqsədimiz inkişaf etmiş ölkələrin sırasına daxil olmaqdır. Buna nail olmaq üçün islahatlar davam etdirilməlidir. Neftdən əldə olunan gəlirlər təhsilə, səhiyyəyə, qaçqınların və məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılmasına sərf olunur, yeni, müasir infrastruktur yaradılır. Dünyada maliyyə böhranının hökm sürməsinə baxmayaraq, bu ilin səkkiz ayında Azərbaycan iqtisadiyyatı 5 faiz artıb. Azərbaycan müasir, sabit, güclü iqtisadiyyata malik ölkədir.

Çıxışının sonunda xalqımızı “Əsrin müqaviləsi”nin 15-ci ildönümü münasibətilə təbrik edən Prezident İlham Əliyev vurğulayıb ki, qədim neft ölkəsi olan Azərbaycanda neftçilərin peşə bayramı da məhz “Əsrin müqaviləsi”nin imzalandığı gün – sentyabrın 20-də qeyd olunur. Bu, dövlət tərəfindən “Əsrin müqaviləsi”nə verilən qiymətdir.
“Əsrin müqaviləsi”nin Azərbaycan neft-qaz sektorunun inkişafına verdiyi töhfələrdən danışan ARDNŞ-in prezidenti Rövnəq Abdullayev bildirib ki, məhz bu hadisədən sonra Azərbaycanda neft hasilatı artıb, ölkəmiz nəhəng neft-qaz kəmərlərinin çəkilməsini reallığa çevirib.

“bp-Azərbaycan” şirkətinin prezidenti Rəşid Cavanşir böyük siyasi və iqtisadi əhəmiyyətə malik “Əsrin müqaviləsi”nin ölkəmizin müstəqilliyinin möhkəmlənməsindəki əhəmiyyətindən bəhs edib.

ABŞ dövlət katibinin Avrasiya enerji məsələləri üzrə xüsusi nümayəndəsinin müavini Daniel Ştayn Birləşmiş Ştatların dövlət katibi Hillari Klintonun təbrik məktubunu oxuyub. Daniel Ştayn deyib ki, Azərbaycan ABŞ-ın strateji tərəfdaşıdır və nəql marşrutlarının həyata keçirilməsi ilə bağlı ideyaları dəstəkləyir.

“Əsrin müqaviləsi”nin Azərbaycan üçün yeni imkanlar açdığını diqqətə çatdıran Avropa İttifaqının enerji məsələləri üzrə komissarı Andris Piebalqs bildirib ki, Heydər Əliyevin uzaqgörənliyi Azərbaycanın iqtisadi inkişafını təmin edib.

Mərasimdə “Əsrin müqaviləsi”nin 15-ci ildönümünə həsr olunmuş filmin nümayişindən sonra incəsənət ustalarının ifasında konsert proqramı olub.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 475

Oxşar yazılar