Ohanyan nəyə güvənir? - ARAŞDIRMA
16 sentyabr 2009 12:45 (UTC +04:00)

Ohanyan nəyə güvənir? - ARAŞDIRMA

Ermənistan Ordusunun gücü və imkanları barədə gerçəklər

Ötən həftə Ermənistanın müdafiə naziri Seyran Ohanyanın “lazım gələrsə” Azərbaycana hücum edə biləcəklərini bəyan etməsi gündəmin əsas xəbərlərindən birinə çevrildi. Bəzi siyasi ekspertlər bu bəyanatın üçüncü dövlətlərin – xüsusilə də Rusiyanın təşviqi ilə səsləndirildiyini, hərbi ekspertlər isə müdafiə nazirinin Ermənistan ictimaiyyətində ordudakı problemlərin artması və danışıqlarda Azərbaycanın üstünlüklər əldə etməsi ilə bağlı narahatlıqlarına hesablandığını bildirdilər.

Ümumiyyətlə, Ermənistan müharibəyə, Azərbaycan üzərinə hücuma hazırdırmı? Ermənistanın maddi-texniki və insan resursları, ordudakı mənəvi-psixoloji durum Azərbaycanla müharibə aparmağa yetərlidirmi? Lent.az müxtəlif hərbi mənbələrdən əldə etdiyi məlumatlara əsaslanaraq, bu sualların cavabını araşdırmağa çalışıb.

Birinci Qarabağ müharibəsində itkilərə baxmayaraq, o vaxt maddi-texniki təchizatı düşmənlə müqayisədə heç də yaxşı olmayan Azərbaycan ordusunun 1992-ci ilin yayında və 1994-cü ilin əvvəllərində isə Horadiz və Murovdağ istiqamətində apardığı uğurlu döyüşlər ermənilərin heç də deyilən səviyyədə döyüş qabiliyyətində olmadığını üzə çıxardı. Şübhəsiz ki o dövrdə ermənilərin tərəfində döyüşənlərin böyük əksəriyyəti ya dünyanın müxtəlif bölgələrindən könüllü gəlmiş ermənilər, ya muzdlular, ya da ruslar idi. Xaricdən gələn ermənilər böyük ümidlərlə döyüşsələr də qarşılaşdıqları sərt müqavimət və verdikləri itkilər onların inamını heçə endirdi.

Azərbaycanla atəşkəsdən sonra Rusiya və Ermənistan arasında hərbi əməkdaşlıq haqqında müqavilə imzalandı. Bu müqaviləyə görə, üçüncü dövlət Ermənistanın beynəlxalq səviyyədə tanınan sərhədlərinə təcavüz edərsə, Rusiya dərhal müttəfiqinin müdafiəsinə qoşula bilər. Ekspertlərin fikrincə, Ohanyanın müharibə deyərkən güvəndiyi amillərdən birincisi bu müqavilə, digəri isə ölkəsinin Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına üzv olmasıdır.

Maddi imkanlar, canlı qüvvə və səfərbərlik ehtiyatları

Napoleon müharibəni qazanmaq üçün üç vacib amil göstərib: “pul, pul və pul”. Xaricdəki erməni diasporunun topladığı sədəqəylə dolanan Ermənistan isə maddi imkanlar baxımından ən yaxşı halda 20 gün - 1 ay hərbi əməliyyat aparma imkanına malikdir. Hazırkı şəraitdə hərbi əməliyyatların bir aydan artıq davam etməsi isə Ermənistanda iqtisadi çökmə, sosial partlayışla nəticələnə bilər.

Xatırladaq ki, Ermənistanın 2009-cu il dövlət büdcəsinin gəlirləri 2,9 mlrd. dollar, xərcləri isə 3,1 mlrd. dollar proqnozlaşdırılır. Bu il rəsmi İrəvan dövlət büdcəsində müdafiə xərclərini 34% artıraraq 495,3 mln. ABŞ dollarına (149,6 mlrd. dram) çatdırıb. Hərbi xərclər Ermənistanın 2009-cu il üçün dövlət büdcəsində xərclərin 15,7%-ni, ümumi daxili məhsulun isə 3,6%-ni təşkil edir. Dünyadakı maliyyə böhranının ağır zərbəsini dadan İrəvan hökumətinin bir neçə ay əvvəl açıqladığı məlumata görə, 6 ayın yekunlarında dövlət büdcəsinin mədaxil proqnozu kəsirlə yerinə yetirilib. Müqayisə üçün bildirək ki, 2009-cu ildə Azərbaycanın büdcədən hərbi sahəyə yönəltdiyi vəsaitin həcmi 2,3 mlrd. ABŞ dollarına yaxın olub.

Müharibəni aparacaq əsas qüvvələrə – insan resurslarına gəlincə, beynəlxalq təşkilatların məlumatlarına görə, hazırda Ermənistan 60 min əsgərə və 32 min nəfər əlavə ehtiyat qüvvəyə malikdir. Orduda həqiqi hərbi xidmət üçün yaş senzi 18-27 yaş, total səfərbərlik dövrü hərbi xidmətə çağırış üçün yaş senzi 16-49 yaşdır. Ermənistanda 16-49 yaşlı, səfərbərliyə cəlb oluna biləcək kişilərin 637 776 nəfər, qadınların isə 729 846 nəfərdir. Ermənistanda Silahlı Qüvvələr aktiv və ehtiyat qüvvələrə bölünür. Sülhün qorunması və müdafiəyə bilavasitə cavabdehlik daşıyan aktiv qüvvələr öz növbəsində açılan qüvvələr, təcili reaksiya qüvvələri və əsas müdafiə qüvvələrinə bölünür. Ehtiyat qüvvələr isə komplektləşdirmə və ərazi müdafiə qüvvələrindən ibarətdir.

İldə iki dəfə orduya çağırış olsa da Ermənistan mətbuatının yazdıqlarına görə, 2004-cü ilin payızından bu yana ordu çağırışçı çatışmazlığı problemi ilə üzləşir. Əvvəllər hər çağırışda 15-17 min gənc xidmətə yola salındığı halda, son illər bu göstərici 11-12 min nəfərə düşüb. Çağırışçı çatışmazlığı səbəbindən Qarabağda və Azərbaycanla həmsərhəd ərazilərdə mülki əhali də döyüş mövqelərində keşik çəkməyə göndərilir. Cəbhəyanı kəndlərin sakinlərinə silah paylanıb və onlar ayda 60 dollara, 15 gün üçün posta çıxırlar.

Hərbi mənbələrin məlumatına görə, Ermənistan və Dağlıq Qarabağ separatçılarının Azərbaycanın işğal altındakı ərazilərində saxlanılan hərbi qüvvələrinin sayı 25 min nəfərdir (ştat cədvəli üzrə. Əslində bundan az olduğu güman edilir – R.S). Bu qüvvələr 3 ordu korpusunda cəmləşdirilib. Əsas təhlükəni Azərbaycandan “Dağlıq Qarabağ Respublikası” istiqamətindən gözləyən ermənilər arsenalının 3/4-nü bu istiqamətdə cəmləşdirdiklərini bəyan edirlər.

Məlumatlara görə, işğal olunmuş Azərbaycan ərazilərində ermənistanlı çağırışçılarla yanaşı, 3200 muzdlu da xidmət edir. Xaricdəki erməni diasporunun xətti ilə maliyyələşən muzdlu əsgərin hər birinə ayda 300 ABŞ dolları məvacib verilir. Xaricdəki diaspor tərəfindən maliyyələşdirilən bu muzdluları erməni hərbi ekspertlər özləri də qüvvə hesab etmirlər. Onların fikrincə, savaş başlayacağı təqdirdə muzdlular daha çox pula Azərbaycanın tərəfinə keçə bilərlər.

Əslində isə ermənilər Qarabağa əsgər göndərməkdə çətinlik çəkirlər. Ermənistan “Əsgər Anaları” Cəmiyyətinin son illər açıqladığı ardıcıl hesabatlar da bunu göstərir. Hesabatlarda Azərbaycan ərazilərindəki hərbi hissələrə imkansızların övladlarının göndərildiyi, imkanlı övladlarının Ermənistandakı hərbi hissələrdə xidmət etdiyi bildirilir. Qarabağdakı hərbi hissələrdə isə “dedovşina”, xəstəliklər, nizamnamədən kənar hallar, narkomanlıq baş alıb gedir. Cəmiyyətin açıqladığı son hesabatda Qarabağdakı hərbi hissələrin “disbat” funksiyasını daşıdığını qeyd edilib.

Digər reallıq isə ondan ibarətdir ki, bu gün Ermənistanın özündə yerli ermənilərin Qarabağa hərbi xidmətə göndərilməsinə mənfi yanaşılır. Ermənistanlılar daha çox Ermənistanın özündə və ətraf rayonlarda xidmət etməyə üstünlük verirlər. Qarabağdakı hərbi birləşmələrə əsasən Ermənistanda məskunlaşmış Azərbaycandan köçən ermənilər və arxa hərbi hissələrdə cəzalandırılmış əsgər və zabitlərin göndərilir. Ümumiyyətlə erməni ordusunda əsgərlər bir biri ilə yola getməyən 3 qrupa bölünür: Ermənistan erməniləri, Azərbaycandan gələn qaçqınlar və Dağlıq Qarabağ erməniləri. Bunu Ermənistan ordusunun işgəncələrindən qaçıb könüllü olaraq Azərbaycan tərəfinə keçmiş erməni əsgərləri də deyirlər. Avqustun 24-də Füzuli istiqamətində erməni postunda qarabağlı və ermənistanlı əsgərlər arasında baş vermiş atışmada buna misaldır.

Ermənilərin arsenalında nə var?

Ermənistan Silahlı Qüvvələri Qarabağdakı hərbi birləşmələrsiz 3 ədəd T-54, 5 ədəd T-55 və 160 ədəd T-72 tankı, 10 ədəd BMD-1, 80 ədəd BRDM-2, 869 ədəd BMP-1, 98 ədəd BMP-2, 25 ədəd BTR-60, 228 ədəd BTR-70, 50 ədəd BTR-80, 145 ədəd zirehli rabitə maşınına, 50 ədəd BM-21 «Qrad» və Ural maşınlarının bazasında 9A51 «Prima» reaktiv yaylım atəş sisteminə, «Akatsiya» 2S3, «Qvozdika» 2S1, 90 ədəd D-30, habelə Çin istehsalı olan açıqlanmayan sayda WM-80 artilleriya sistemlərinə, 152 mm çaplı M1955 və 2A36, 29 ədəd T-12 tank əleyhinə topa malikdir. Qeyd edək ki, Qarabağ separatçıları Avropada Adi Silahlar Haqqında Cinah Sazişini tanımır və onlar bu sazişə məcbur edilmirlər. Dağlıq Qarabağdakı hərbi birləşmələr (bunlar Qarabağ separatçılarının balansında olduğundan tərkibi açıqlanmır) isə 316 tank, 324 zirehli personal daşıyıcı, 44 ədəd reaktiv yaylım atəş sistemi, 322 ədəd 122 və daha böyük çaplı artilleriya qurğularına malikdir.

Ermənistan Silahlı Qüvvələri şəxsi heyəti «Vahan» avtomatı, K-3 hücum tüfəngi (xüsusi təyinatlı qüvvələrin arsenalındadır), AK-47, AK-74, AKS-74U, PK pulemyotu, NSV (avtomat), SVD və «Zastava M93» snayperi, RPG-7 əl qumbaraatanı kimi yüngül silahlarla silahlanıb.

Ermənistan Hərbi Hava Qüvvələri (HHQ) Cənubi Qafqaz regionunda ən zəif aviasiya hesab olunur. HHQ-nin inventarına 15 ədəd Su-25 hücum təyyarəsi, bir ədəd MiQ-25PD və 2 ədəd İl-76 hərbi yük təyyarəsinin daxil olduğu bildirilir. Ermənistan hava məkanının qorunmasında bununla yanaşı, 12 ədəd Mi-24 helikopteri və Gümrüdəki 102-ci hərbi bazadakı Rusiyanın 18 ədəd MiQ-29-a bel bağlayır. BMT-yə təqdim olunmuş məlumata görə, Ermənistan 2005-ci ilin sentyabr ayında Slovakiyadan 10 ədəd Su-25 hücum təyyarəsi əldə edib. Bəzi məlumatlara görə bunun 3 və ya 4-ü Su-27 olub. Amma maraqlısı odur ki, heç sovetlər birliyi dönəmində də SSRİ havaya qalxması və manevrləri üçün şəraitin olmaması səbəbindən Cənubi Qafqazda Su-27 saxlamayıb. Azərbaycan və Gürcüstandan fərqli olaraq, Ermənistanda relyef Su-27-lərin havalanması üçün əlverişli deyil.

Ermənistan hərbi aviasiyası 4 bölmədən ibarətdir: Gümrüdəki 121-ci əsas Hücum Aviasiyası Eskadronu, 15-ci Qarışıq Aviasiya alayı (Gümrü), mürəkkəb helikopter eskadronu (İrəvan) və 60-cı Aviasiya Təlim eskadronu (Arzni).
Rusiyaya məxsus 18 ədəd MiQ-29 isə Erebuni aeroportundakı 3624 saylı aviabazada saxlanılır.

Ermənistan HHQ-nin inventarındakı təyyarə və helikopterlər

Model Sayı Işlək say
Su-25 5 5
Su-25K 9 9
Su-25UBK 1 1
MiQ-25PD 1 1
L-39C 6 4
İl-76 2 2
YaK-52 (DOSAAF) 16 16
helikopterlər
Mi-24K 6 4
Mi-24P 8 8
Mi-24R 2 2
Mi-9 2 2
Mil Mi-8T 11 8
Mi-8MT/17 7 3
Mil Mi-2 2 2

Şəxsi heyəti 3 min nəfər təşkil edən Ermənistan HHQ-nin pilotları aviasiya üzrə ali məktəbi bitirmiş şəxslərdən 3-15 illik müqavilə əsasında komplektləşdirilir. Pilotlar və texniki personal İrəvanda Hərbi Aviasiya İnstitutunda kurslar keçirlər. Namizədlər Yak 52-də 80 saat təlim uçuşları, L-39-da isə 60 saat uçuş keçirdikdən sonra orduda onlara təyyarə həvalə olunur. Helikopter pilotları isə HHQ-nin inventarındakı 2 ədəd Mi-2 vasitəsi ilə öyrədilir.

Hərbi aviasiyası çox zəif olsa da Ermənistan Hava Hücumundan Müdafiə Qoşunlarını (HHMQ) atəşkəs dövründə yeni silahlar hesabına daha da gücləndirməyə çalışıb. Hazırda Ermənistan HHMQ zenit reaktiv briqadasından və iki alaydan ibarətdir. Hansı ki bu alaylar müxtəlif modelli 100 zenit kompleksi ilə silahlanıb. Bunların sırasında Osa M79-u, Kruq, S-125 və 102-ci bazada yerləşdirilmiş səkkiz buraxılış qurğusunda olmaqla 24 ədəd S-300 zenit raketi daxildir. Hazırda HHMQ-də 3 min nəfər xidmət edir.

Ermənistan HHQ-yə aşağıdakı zenit-raket kompleksləri daxildir: S-300 raketləri, «Scud B» ballastik raketləri, «Krug 2K11» yer-hava raketləri, Osa (SA 9K33) qısa məsafəli taktiki yer-hava raket sistemi, «Strela 9K35», «S-125 Neva/Pechora» yer-hava raketləri, «Strela 9K32» yer-hava raket sistemi, ZSU-23, ZU-23, ZU-23M özüyeriyən zenit sistemi, P-40, P-15 və P-12 radarları.

Ermənilərin “Qarabağ müharibəsi” planı

Ermənilər başlanacaq ikinci Qarabağ müharibəsi ilə bağlı xüsusi planlarının olduğunu da tez-tez bəyan edirlər. Ohanyanın sözlərinə görə, müharibəyə başlayan Azərbaycan ordusunun həmlələri az bir zamanda dəf ediləcək və rəsmi Bakı elə əməliyyatların ilk mərhələsində ağır itkilərə məruz qalaraq əvvəlki mövqelərinə çəkilməli olacaq.
Bu müharibə planlarını birinci müharibənin uğur və uğursuzluqlarının təhlili əsasında hazırladıqlarını bəyan edən erməni generalları dağ döyüşlərində tanklardan istifadənin effektsiz olduğunu əsas gətirərək piyadaların döyüş maşınlarından (PDM), reaktiv atəş sistemlərindən, kiçik ölçülü qaubitsalardan və minaatanlardan istifadənin mümkünlüyünə inanırlar. Ermənilər həmçinin yaratdıqları müdafiə istehkamlarına da güvənirlər. Ermənistan Silahlı Qüvvələrinin ən çox təhlükə gözlədiyi ərazilər isə birinci müharibədə olduğu kimi cəbhənin episentri – Ağdam, Tərtər və şimalda Murovdağdır.

Hərbi ekspertlərin fikrincə, Ağdam və Tərtər istiqaməti Xankəndinə daha tez yetişmək, Murovdağdan hücum edən Azərbaycan ordusu əsas strateji yüksəklikləri ələ keçirərək, Laçın dəhlizinə və Zod aşırımına çıxmaqla, Dağlıq Qarabağdakı qüvvələri təchizatdan məhrum etmək mümkündür. Buna görə də ermənilər həmin istiqamətləri mühəndis-istehkam qurğuları ilə gücləndiriblər.

Hərbi ekspertlərin fikrincə, ermənilərin müharibə taktikasında onların özlərinin səsləndirdiyi kimi qeyri-adi heç nə yoxdur. Ermənilərin işğal altında olan ərazilərdə güclü müdafiə istehkamları yaratdıqlarını təsdiqləyən ekspertlər hesab edirlər ki, bu heç də o istehkamların “keçilməz” olması demək deyil.

Ermənistanın hücumları nədən ibarət ola bilər? Ümumiyyətlə, son illər erməni generalların və onların sözçülərinin səsləndirdiyi fikirlər Ermənistanın heç də “Kür çayına qədər irəliləmək” və ya Gəncəni, Mingəçeviri və Yevlaxı tutmaq gücündə olmadığını deməyə əsas verir. Ermənilərin hücum hədəsi açıq-aşkar ya ölkənin qərbində, sərhədə yaxın keçən əsas ixrac neft və qaz kəmərlərinə zərbə endirməklə bağlıdır.

Rəşad Süleymanov
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 942

Oxşar yazılar