Milli Məclisdə almanlarla görüş keçirilib
12 avqust 2009 16:30 (UTC +04:00)

Milli Məclisdə almanlarla görüş keçirilib

Olktay Əsədov Bundestaqda Cənubi Qafqazdakı münaqişələrlə bağlı qəbul olunmuş sənəddə Azərbaycanın ərazi bütövlüyünü dəstəkləməsini yüksək dəyərləndirib



Bu gün Milli Məclisin Sədri Oqtay Əsədov Almaniyanın Baden–Vürttemberq Federal Torpağının Baş naziri Günther H.Oettingerin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

Lent.az-ın Milli Məclisin rəsmi internet saytına istinadən yaydığı məlumata görə, Oktay Əsədov deyib ki, Azərbaycan-Almaniya münasibətlərinin zəngin tarixi ənənələrə malikdir, almanlar hələ XIX əsrin sonunda Azərbaycanın Qərb bölgələrində məskunlaşmıblar.

Almanlar Azərbaycanda üzümçülüyün, şərabçılığın və digər sahələrin inkişafına əhəmiyyətli tövhələr verib, yerli əhali ilə sıx təmasda olublar. Təəssüf ki, sovetlər dönəmində, II Dünya müharibəsi zamanı onlar Orta Asiyaya deportasiya ediliblər.

Milli Məclisin sədri qeyd edib ki, Azərbaycan müstəqillik əldə etdikdən sonra münasibətlərimiz yeni məna kəsb edib. Ölkəmiz Avropanın iqtisadi cəhətdən qüdrətli dövlətlərindən sayılan Almaniya ilə əməkdaşlığın inkişafına böyük önəm verir və bu sahə ölkə prezidentinin daim diqqət mərkəzindədir.

Oqtay Əsədov bildirib ki, bugünədək dövlətlərimiz arasında imzalanmış 50-dən çox sənəd münasibətlərimizin daha da dərinləşməsi üçün əlverişli hüquqi zəmin yaradıb. Əlaqələrimiz siyasi, iqtisadi, mədəni, humanitar sahələrdə yüksələn xətlə inkişaf edir. Əgər 2007-ci ildə ölkələrimizarası ticarət dövriyyəsi 1,5 milyard ABŞ dolları təşkil edibsə, ötən il bu rəqəm 2,4 milyard dollar olub.

Milli Məclis sədri Almaniya Bundestaqında Cənubi Qafqazdakı münaqişələrlə bağlı qəbul olunmuş sənəddə Azərbaycanın ərazi bütövlüyünü dəstəkləməsini yüksək dəyərləndirib. Spiker Almaniyanın gələcəkdə də bu məsələdə prinsipial mövqe tutacağına inamını ifadə edib.

Günther H.Oettinger geniş nümayəndə heyəti ilə Azərbaycanda səfərdə olduqlarını söyləyib. Qonaqlar qeyd ediblər ki, Almaniya Azərbaycanla əməkdaşlığa böyük maraq göstərir və həyatın bütün sahələrində münasibətlərimizin daha da inkişafı üçün geniş imkanlar mövcuddur. Bu cür səfərlər, Bakıda keçirilən Azərbaycan-Almaniya Biznes forumu əməkdaşlığımızın daha da dərinləşməsinə xidmət edir.

Söhbətdə parlamentlərarası, iqtisadi, mədəni, elm-təhsil, gənclər siyasəti və digər sahələrdə əlaqələrin inkişafı barədə fikir mübadiləsi aparılıb.

Görüşdə Milli Məclis Aparatının rəhbəri Səfa Mirzəyev, ölkəmizin Almaniyadakı səfiri Pərviz Şahbazov, Almaniyanın Azərbaycandakı səfiri Per K. Stankina və digər rəsmi şəxslər iştirak ediblər.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 523

Oxşar yazılar