Vətən burdan başlayır...
31 iyul 2009 18:15 (UTC +04:00)

Vətən burdan başlayır...

Bu gün sərhədçilər günüdür

Son vaxtlar dövlət sərhədlərini pozmağa cəhd göstərən bir neçə sərhəd pozucusu ya saxlanılıb, ya da atışmada Azərbaycan sərhədçiləri tərəfindən məhv edilib. Bir ay əvvəl Göytəpə Sərhəd Dəstəsinin xidməti ərazisində, Cəlilabad rayonunun Əsədli kəndində radikal dini təmayüllü terrorçuların, eləcə də bir neçə gün əvvəl Balakən rayonunda bir silahlının öldürülməsi və çoxlu sayda hərbi sursatın müsadirə edilməsi buna misal ola bilər.

Lent.az-ın araşdırmalarına görə, dövlət sərhədlərinin mühafizəsi istiqamətində son 4 ildə həyata keçirilən tədbirlər nəticəsində Azərbaycanın həm quru, həm də dəniz sərhədlərinin mühafizəsi güclənib. Quru sərhədlərinin müəyyən hissəsində elektron mühafizə sistemləri tətbiq edilib. Dənizdə isə bir neçə radiolokasiya stansiyası qurulub, bu il daha 2 stansiyanın qurulub istifadəyə verilməsi planlaşdırılır. Eləcə də ötən ilin sonlarında Bakı yaxınlığında Dövlət Sərhəd Xidməti Sahil Mühafizəsinin Xəzər regionunda anoloqu olmayan, ən müasir avadanlıqlarla təchiz olunmuş bazası istifadəyə verilib. Sahil Mühafizəsində mükəlləfiyyətli heyət peşəkar heyətlə əvəzlənib. “Dövlət sərhədinin mühafizəsi sisteminin 2006-2010-cu illərdə texniki inkişafına dair Dövlət Proqramı” çərçivəsində Naxçıvan Sərhəd Diviziyasında 2 sərhəd zastavası, Göytəpə Sərhəd Dəstəsində 4 mənzilli yaşayış binası, Zaqatala Sərhəd Dəstəsində 3 zastava kompleksi, Sahil Mühafizə bazası, Şimal DRES Sahil məntəqəsi, Hərbi Hospitalda kopyüter tomoqrafiyası binası, Şüvəlan qəsəbəsində hərbi hissə, DSX Akademiyasının “Sitalçay” Təlim-Tədris Mərkəzi istifadəyə daxil edilib. Hazırda bir sıra sərhəd dəstələrində 4 sərhəd zastavasının, 13 zastava kompleksinin, 3 sərhəd komendantlığının, 1300 yerlik kazarmanın, 4 mənzilli yaşayış binasının, DSX Akademiya kompleksinin, “Sərhədçi” İdman Kompleksinin, Mərkəzi Anbarlar kompleksinin, Sahil Mühafizəsi limanının, Nərimanov rayonunda 264 mənzilli 3 yaşayış binasının tikintisi davam etdirilir.

Sərhədçi necə formalaşır?

Sərhəd Qoşunlarında xidmətin maraqlı olduğu qədər də özünəməxsusluqları, kaprizləri var. SSRİ dövründə Dövlət Təhlükəsizlik Komitəsinin, müstəqillik dövründə 2002-ci ilin ortalarınadək Milli Təhlükəsizlik Nazirliyinin tabeliyində olan Sərhəd Qoşunlarında xidmətə çağırışçılar xüsusi seçim əsasında yığılıb. Sərhəd Qoşunlarında xidmətə qəbul olunan şəxslərin tərcümeyi-halına daha çox önəm verilib. Sovet dövründə Sərhəd Qoşunlarında xidmət edənlərin xidmətdən sonra hüquq-mühafizə orqanlarına, güc strukturlarına qəbuluna “yaşıl işıq” yanırdı. Bu üstünlüklər indi də mövcuddur.

2015-ci ilə qədər tədricən mükəlləfiyyətli heyətin müqaviləli heyətlə əvəzlənməsi planlaşdırılan Sərhəd Qoşunlarının əsgər və çavuş heyəti hazırda çağırış əsasında formalaşdırılır. Digər qoşunlarda olduğu kimi, əsgərlər öncə hərbi hissələrdə karantin dövrü keçir. Hərbi And içəndən sonra müxtəlif sərhəd komendantlıqları və sərhəd zastavalarına xidmətə göndərilirlər. Əsas xidmət də məhz sərhəd zastavalarında başlayır.

Sərhədçilərin əsas formalaşma dövrü xidmətə ilk qədəm qoyduqları gündən karantin dövrünün sonunadəkdir. Bu dövrdə gənc əsgərlərə sərhəd anlayışları, silahla davranış, sərhəd pozucuları ilə mübarizə metodları öyrədilir. Burada əsas yük əsasən tərbiyyəçi zabitlərin üzərinə düşür. Karantin və ondan sonrakı bir neçə ay ərzində sərhədçi əsgərlərin çox güclü psixoloji hazırlanma prosesi həyata keçirilir. “Vətən sərhəddən başlanır”, “vətəninin asayişi bir sərhədçinin sayıqlığından asılıdır” və s. kimi fikirlər əsgərlərin “beyninə yeridilir”. Sərhədçi şüurunun formalaşmasında da məhz bu ideyalar əsas rol oynayır.

Sərhəd pozucusu – öldürmək olar

Regional hərbi-siyasi vəziyyət, baş verən müxtəlif hadisələr sərhədlərdə yeni təhdidlər meydana gətirir. Bu gün sərhədlərin pozulması bir istiqamətdən deyil, həm qonşu ölkədən, həm də daxildən baş verir. Məsələn, 2001-ci ildə Rusiya ilə sərhəddə quldurluq və separatçılıqla məşğul olan Hacı Maqamedovun bandasının, eləcə də ötən il Qusarda “Meşə qardaşları” dəstəsinin terror və təxribat hərəkətləri, ötən ilin yanvarında Yardımlıda narkotik qaçaqmalçıları, bu ilin iyun ayında radikal dini qruplaşmanın üzvləri ilə atışmalar sərhədçiləri həddən artıq sayıq olmağa vadar edir. On il əvvəl yalnız qaçaqmalçılar, təxribatçı-casuslarla və narkotik alverçiləri ilə mübarizə aparan sərhədçilər bu gün silahlı cinayətkarlar, radikal dini təmayüllü qruplar, qanunsuz miqrasiya, digər ölkələrdə terror aksiyaları törətmək istəyən və bu məqsədlə Azərbaycan ərazisindən istifadə etməyə çalışan qüvvələrlə üzləşməli olurlar. Məsələn, təkcə 2008-ci ildə Azərbaycan sərhədçiləri tərəfindən Pakistanda Talibanın hərbi düşərgələrində təlim keçmiş və Əfqanıstanda antiterror koalisiyasına qarşı əməliyyatlarda iştirak etmiş 3 nəfər saxlanılıb.

Sərhədçilərin hazırlığı prosesində də məhz bu təhdidlər nəzərə alınır. Gənc əsgərləri psixoloji cəhətdən hazırlamaq üçün onların qarşısında sərhəd pozucuları ilə əlbir olmuş əsgərlərin açıq məhkəməsi keçirilir.

Sərhədçi əsgərlərə sərhəd pozucuları ilə mübarizədə bir çox səlahiyyətlər verilir. Bu səlahiyyətlərindən sərhədlərin qorunmasında istifadə edən sərhədçilərin fəaliyyəti isə yüksək qiymətləndirilir. Məsələn, sərhəd pozucusunu gördükdə, sərhədçi əvvəlcə “Dayan!” komandası verməlidir. Sərhəd pozucusu əmrə tabe olmadıqda onu saxlamağa cəhd etməli, əks halda, buna nail olmadıqda əvvəlcə xəbərdarlıq atəşi açmalıdır. Sərhəd pozucusu bu əmrə də tabe olmadıqda əsgər ona atəş aça, hətta öldürə bilər. Sərhəd pozucusu silahlı olduqda isə əsgərin özünə mövqe seçib onu məhv etməsinə icazə verilir. Hazırlıq ərəfəsində mümkün təhdidlərin qiymətləndirilməsi səbəbindən bu gün sərhəd xidməti daha keyfiyyətli təşkil olunur və minimum itki ilə daha çox nailiyyət əldə edilir.

Sərhəd Qoşunlarını digər hərbi birləşmələrdən fərqləndirən digər məsələ isə sərhəd pozucusunu öldürmüş, qaçaqmal tutmuş əsgərlərin dərhal başqa zastavalara və ya komendantlıqlara dəyişdirilməsidir. Bu həmin əsgərlərin təhlükəsizliyi üçün həyata keçirilir.

Hay ver mənə, cənab leytenant...

Sərhəd Qoşunlarının spesifik xüsusiyyətləri sırasında əsgər-zabit münasibətlərinin yüksək səviyyədə təşkili, eləcə də sərhədə bağlılığın yaradılması da var. Sərhədçi elə hazırlanır ki, xidmətini başa vurandan sonra, sərhəd zonasında yaşayanlar sərhədlərin mühafizəsində müxtəlif formada iştirak edirlər.

Sərhəddə xidmətin kaprizlərinə gəlincə, xidmətdən sonra ən azı 5 il adlar Sərhəd Qoşunlarının siyahısında saxlanılır. Bu müddətdə hər hansı bir şəxsin xidməti dövründə baş vermiş qanun pozuntusu, zamanında üstü örtülmüş cinayət aşkarlanarsa, həmin şəxs sərhədçi kimi məsuliyyətə cəlb oluna bilir.

Rəşad Süleymanov
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1577

Oxşar yazılar