“O ermənilər Bakını bir gün görmək üçün hər şeydən keçərlər”
13 iyul 2009 10:30 (UTC +04:00)

“O ermənilər Bakını bir gün görmək üçün hər şeydən keçərlər”

Ravil Buxarayev: “Şuşadakı ermənilər öz evlərində yaşamadıqlarını dərk edirlər”


“Mən həmişə Dağlıq Qarabağ problemi ətrafında baş verən münaqişələri ürək ağrısı ilə izləmişəm. Biz dünyada baş verən bütün münaqişələrə qarşıyıq. İslam bütövlükdə münaqişəyə qarşı çıxır, Allah birliyi sevir. Harda ki, birlik yoxdur, orada parçalanma başlayır”.



Bu sözləri APA-nın Qazaxıstandakı müxbirinə açıqlamasında Tatarıstan Respublikasının görkəmli ictimai xadimi, 35-dən artıq nəşr əsərinin, tarixi və dini-fəlsəfi kitabın müəllifi, şair, dramaturq, Qurani-Kərimi rus dilinə tərcümə edən müəlliflərdən biri Ravil Buxarayev deyib.


Eyni zamanda Londonda “Muslim TV Ahmadiyya International” adlı müsəlman TV-sində çalışan R.Buxarayev bildirib ki, 1999-cu ildə CNN televiziyasının xətti ilə problemi araşdırmaq üçün Şuşa şəhərinə səfər edib: “Elə oldu ki, gecənin birini Azərbaycanın baş tacı olan Şuşada azərbaycanlı evində yaşayan ermənilərin qonağı oldum. Şuşanın o gecəsi mənim yaddaşımda qara və qaranlıq bir gecə kimi qaldı”.


R.Buxarayevin sözlərinə görə, hər yeri dağıdılmış şəhər xarabazara bənzəyirdi: “Və bu xarabazarda azərbaycanlı evində yaşayan erməni bütün həqiqəti ilə dərk edirdi ki, bu onun evi deyil. Onların evində bir köhnə televizor vardı, ancaq Azərbaycan telekanallarını izləmək mümkün idi. Bakıdan qaçıb gələn bu erməni ailəsi televiyadakı verilişləri öz mədəniyyəti, öz televiziyası kimi qəbul edirdi. Azərbaycan dilini çox gözəl bilən bu ermənilərin danışıqlarından hiss edirdim ki, bütün qəlbləri ilə Azərbaycan üçün narahatdırlar. Azərbaycan dilində verilişlərə baxanda gözləri dolurdu. O ermənilər Bakını bir gün görmək üçün hər şeydən keçərlər”.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2348

Oxşar yazılar