Azərbaycanla İran arasında torpaq davası - EKSKLÜZİV
01 iyul 2009 18:00 (UTC +04:00)

Azərbaycanla İran arasında torpaq davası - EKSKLÜZİV

Dövlət qurumu İranın Bakıdakı səfirliyini məhkəməyə verib

Dövlət Əmlakının Dövlət Reyestr Xidmətinin Bakı Şəhər Ərazi İdarəsi ilə İran İslam Respublikasının Azərbaycandakı Səfirliyi arasında məhkəmə çəkişməsi yaşanır. Lent.az-ın əldə etdiyi məlumata görə, məhkəmə prosesi səfirliyi yerləşdiyi torpaq ərazisi ilə bağlıdır.

Belə ki, Dövlət Əmlakının Dövlət Reyestr Xidmətinin Bakı Şəhər Ərazi İdarəsi səfirliyin yerləşdiyi ərazinin bir hissəsinə aid torpağın qeydiyyat vəsiqəsinin ləğv edilməsinə dair iddia qaldırıb. İddiaya 1 saylı Bakı Yerli İqtisad Məhkəməsində baxılıb.

Məhkəmə işində Azərbaycan Dövlət Sərhəd Xidmətinin də adı çəkilir. Ancaq bu dövlət qurumunun işlə hansı formada bağlılığını, həmçinin proseslə bağlı bütün təfərrüatları dəqiqləşdirmək və qərarın hansı tərəfin xeyrinə çıxardığını dəqiqləşdirmək mümkün olmayıb.

İşə hazırda Bakı Apelyasiya Məhkəməsində baxılır. İyunun 30-da hakim Vaqif Mursaqulovun sədrliyilə baxılan məhkəmə işinin avqustun 12-də – hakim məzuniyyətdən qayıtdıqdan sonra davam etdirilməsi qərara alınıb.

İşlə bağlı Bakı Apelyasiya Məhkəməsindən məlumat verilməyib.

Lent.az məsələnin təfərrüatlarını öyrənməyə çalışacaq.

Qeyd edək ki, səfirliyə qarşı iddia Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti ləğv edilməmişdən əvvəl qaldırılıb.

Bu il mayın 19-da isə prezidentin sərəncamı ilə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti (həmçinin Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsi) ləğv edilib. Onun əsasında Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti yaradılıb.

Pərvin ABBASOV
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1008

Oxşar yazılar