Berlində Qarabağ münaqişəsilə bağlı tədbir keçirilib
01 iyul 2009 17:00 (UTC +04:00)

Berlində Qarabağ münaqişəsilə bağlı tədbir keçirilib

Azərbaycandan olan gənc tədqiqatçı - Almaniyanın Mannhaym Universitetinin siyasi elmlər üzrə doktorantı, Azərbaycanlı Tələbələr və Elmi İşçilər Birliyinin (ATEİB) üzvü Azər Babayev Almaniyadakı Azərbaycanlıların Əlaqələndirmə Mərkəzində (AAKM) “Dağlıq Qarabağ münaqişəsində sülh üçün gözlənilməz şans“ mövzusunda məruzə ilə cıxış edib. Bu barədə Lent.az-a Diasporla iş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən bildirilib. Berlin şəhəri parlamentinin deputatı Andreas Köhlerin (SPD fraksiyası) moderatorluq etdiyi tədbirdə Almaniyanın müxtəlif təşkilatlarının nümayəndələri, Azərbaycan diasporunun nümayəndələri iştirak ediblər. Azər Babayev məruzəsini əsasən Cənubi Osetiya hadisələrindən sonra Dağlıq Qarabağ münaqişəsi ətrafındakı proseslərə həsr edib. O, diqqəti ilk növbədə bu məsələyə çəkib ki, Cənubi Osetiya hadisələrindən sonra Qərbin aparıcı gücləri regionla bağlı siyasətlərinə düzəlişlər etməyə can atırlar və xüsusən də Rusiya tərəfindən dövlət müstəqilliklərinin tanındığı Cənubi Osetiya və Abxaziyanın Dağlıq Qarabağ üçün presedent hala çevrilməsinə qarşıdırlar. Bununla yanaşı, Qərb siyasi dairələri ümumən ərazi bütövlüyü prinsipinin bu tip münaqişələrin həllində xüsusi rolunu önə çəkməyə başlayıblar. Digər tərəfdən Ermənistanın regional təcrid vəziyyəti Cənubi Osetiya hadisələri kontekstində bir daha üzə çıxardı ki, rəsmi İrəvan uzun müddətə Dağlıq Qarabağın müstəqilliyini təmin etmək gücündə deyil. Bu mənada regional sabitliyin, xüsusən də iki vacib qonşu dövlət – Türkiyə və Azərbaycan ilə normal münasibətlər qurmağın əhəmiyyəti Ermənistan üçün çox artıb. Son dövrdə rəsmi İrəvanın Türkiyə ilə yaxınlaşmaya xüsusilə can atmasını da bu mənada dəyərləndirmək olar.

Daha sonra gənc tədqiqatçı ümid etdiyini bildirib ki, Cənubi Osetiya hadisələri regionda xüsusi maraqları olan xarici güclər üçün bir “şok” effekti yaratmış oldu ki, bu da onların Qarabağ münaqişəsi ilə bağlı mövqelərində daha konstruktiv olmasına müsbət təsir edib. Məruzədən sonra mövzu ətrafında müzakirələr aparılıb. Tədbirin alman iştirakçıları mövzuya marağı və fəallığı ilə seçiliblər.
Tədbiri yerli “Deutsche Welle” alman radiosu lentə alıb.

Pərvin ABBASOV
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 835

Oxşar yazılar