“Avropa Şurasında gedən proseslər təşkilatın özünü zəiflədir”
27 iyun 2009 18:15 (UTC +04:00)

“Avropa Şurasında gedən proseslər təşkilatın özünü zəiflədir”

“Avropa Şurasında gedən proseslər təşkilatın özünü zəiflədir. Xüsusilə Azərbaycan və Ermənistana münasibətdə müşahidə olunan yanaşmalar düzgün deyil.

Bu, Azərbaycana yox, daha çox Avropa Şurasının özünə mənfi təsir göstərən amildir”.

APA-nın məlumatına görə, bunu Azərbaycanın AŞ Parlament Assambleyasındakı (AŞ PA) nümayəndə heyətinin rəhbəri Səməd Seyidov deyib.

Ermənistanda hansı hadisələrin baş verməsindən bütün dünyanın xəbərdar olduğunu qeyd edən deputat bu hadisələri ört basdır etməyin, onun üstündən keçməyin AŞ PA-ya xeyir gətirmədiyini bildirib: “Mən əminəm ki, gec-tez onsuz da bu proseslər özünü göstərəcək. Ancaq təəssüflər olsun ki, çox böyük nüfuza malik, 60 illiyini qeyd edən bir təşkilat belə yanlışlığa yol verir. Bunu Azərbaycan nümayəndə heyəti açıq bəyan etmişdi. Mən də öz çıxışımda qeyd etmişdim ki, təşkilat, təəssüflər olsun ki, dəyərlərin qorunması ilə yox, daha çox öz arasında vəzifələrin paylanması ilə məşğuldur. Baş katib seçkisi buna nümunədir. Baş katib seçkisi iyun ayında olmalı idi, təəssüf ki, bu baş vermədi və heç kim də bilmir ki, nə vaxt baş tutacaq. Ona görə hesab edirəm ki, Azərbaycan Avropa Şurasında öz mövqeyini açıq-aşkar şəkildə bəyan etməkdə davam etməlidir.


Azərbaycana qarşı siyasi məhbuslarla bağlı məruzəçinin təyin olunması tamamilə qeyri-obyektiv qərardır. Bu, həmin təşkilatda ikili standartlara yol verilməsinin daha bir göstəricisidir. Əminəm ki, bu məsələyə də beynəlxalq təşkilatlar, o cümlədən Avropa Şurası öz münasibətini bildirəcək. İkili yanaşma həmin təşkilatın fəaliyyətinə müsbət yox, mənfi təsir göstərir”.

Azərbaycanın bəzi beynəlxalq qurumlar və təşkilatlarla əməkdaşlığına toxunan S. Seyidov bunları deyib: “Azərbaycan elə mərhələdədir ki, ona qarşı qeyri-obyektiv, yaxud ikili standartlar münasibəti göstərən təşkilat özü öz taleyi və mövqeyi haqqında fikirləşməlidir. Yəni bu, Azərbaycanın yox, həmin münasibətləri göstərən təşkilatların regionda mövqeyini zəiflədir, nəticədə bu münasibət təşkilatın özünə böyük mənada mənfi təsir göstərən həlledici amilə çevrilir”.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 846

Oxşar yazılar