Səfir: “907-ci düzəliş bərpa olunmayıb” - MÜSAHİBƏ
25 iyun 2009 11:00 (UTC +04:00)

Səfir: “907-ci düzəliş bərpa olunmayıb” - MÜSAHİBƏ

- Bəzi KİV-lər erməni mənbələrinə istinadən Konqresin Aşağı Palatasının Təxsisatlar Komitəsinin “Azadlığa dəstək aktı”na 907-ci düzəlişin bərpası haqqında qərar qəbul etdiyi barədə məlumat yayıb. Bu məsələ ilə bağlı vəziyyət nə yerdədir?

- Çox konkret cavab verim: bu məlumat həqiqətə uyğun deyil.

- Lakin ermənilər iddia edir ki, bu “qərar” guya Azərbaycan tərəfinin cəbhə xəttində atəşkəsi pozduğu üçün qəbul olunub...

- İcazə verin sizin sualınıza Təxsisatlar Komitəsinin öz sözü ilə, yəni büdcə layihəsinin mətnindən sitatla cavab verim. Orada deyilir: “Təxsisatlar Komitəsi münaqişənin sülh yolu ilə həllinə xidmət edən “Minsk prosesini” və Dövlət Departamentinin bu il danışıqlar prosesinin sürətlənməsi istiqamətindəki səylərini dəstəkləyir. Bu proses irəli getdiyi dövrdə, Komitə hesab edir ki, münaqişənin hər iki tərəfi təhdid, gücün istifadə olunmasına təhrikdən və digər qızışdırıcı ritorikadan çəkinməlidirlər”. Yəni, Komitənin sənədində Azərbaycanın ünvanına heç bir irad və ya arzu açıqlanmır, münaqişənin hər iki tərəfinə sadəcə təmkinli olmaq barədə məsləhət verilir. Bu bir daha göstərir ki, bu məsələ ilə bağlı yayılan məlumatlar həqiqətə uyğun deyil.

- Bəs Təxsisatlar Komitəsinin bəyəndiyi büdcə layihəsində məlum düzəlişlə bağlı nə deyilir?

- Burada dəqiq və faktlara əsaslanan məlumat vermək lazımdır. “907-ci düzəliş” 1992-ci ildə qəbul olunub. 2001-ci ilə kimi bu düzəlişə bəzi yumşaldıcı əlavələr edilib. 2001-ci ildə, 907-ci düzəlişi qəbul edən elə həmin Konqres, 11 sentyabr hadisələrindən sonra ABŞ prezidentinə əlavə səlahiyyət verir ki, məlum düzəlişin qüvvəsini dayandırsın. Xatırladım ki, ABŞ prezidentinə verilən səlahiyyətlər çərçivəsində 907-ci düzəlişin bir dəfəlik yox, hər il dondurulması nəzərdə tutulub. Yəni 907-ci düzəliş qanun olaraq mövcuddur və onu heç kim ləğv etməyib. 2002-ci ildən ABŞ prezidenti onun tətbiqini hər il dayandırır. ABŞ-da qəbul olunmuş prosedur qaydalara görə, büdcə vəsaitlərinin hansı istiqamətdə, hansı miqdarda xərclənməsi barədə son qərarı Konqres qəbul edir. Buna görə də 907-ci düzəliş mövzusu hər il ali maliyyə sənədi müzakirə olunan zaman gündəliyə gəlir. Bu mövzu ilə bağlı tam aydınlıq üçün Təxsisatlar Komitəsindən “Minsk prosesi” haqqında daha bir sitatı diqqətə çatdırmaq istərdim. Sənəd layihəsində deyilir: “Konqresin 2002-ci maliyyə ili üçün Təxsisatlar Aktı çərçivəsində Prezidentə 907-ci düzəlişə münasibətdə geniş dayandırma səlahiyyəti verdiyini və həmin dövrdən etibarən bütün maliyyə illərində bu səlahiyyətin tətbiq edildiyini nəzərə alaraq, Komitə tövsiyə edir ki, Dövlət Departamenti 2010-ci maliyyə ilində dayandırma səlahiyyətini tətbiq etməmişdən əvvəl Təxsisat Komitələri ilə dayandırma maddəsi üçün tələb olunan bütün şərtlərin tam yerinə yetirilməsi ilə bağlı məsləhətləşmə aparsın”. Buradan tam aydın görünür ki, real vəziyyət nə yerdədir.

- Bununla, yaranmış anlaşılmazlığı bitmiş hesab etmək olar?

- Qeyd edim ki, ABŞ-ın təxsisatlar haqqında qanunun müzakirəsi və təsdiqi uzunmüddətli və çoxmərhələli bir prosesdir. Hələ Nümayəndələr Palatası qanun layihəsini müzakirə etməli, paralel olaraq Senat da öz alt qurumları ilə bu məsələni nəzərdən keçirməlidir. Ən sonda ilin sonunadək yekun sənəd qəbul olunmalıdır. Biz bu məsələni daim diqqətdə saxlayırıq.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 970

Oxşar yazılar