Partiyalar yay tətilinə çıxacaqmı? - SORĞU
24 iyun 2009 17:15 (UTC +04:00)

Partiyalar yay tətilinə çıxacaqmı? - SORĞU

Bir sıra siyasi qüvvələrin rəhbərliyi yayın isti günlərində məzuniyyətə çıxmaq qərarı versə də, əksər partiyalar ilin sonunda keçiriləcək bələdiyyə seçkilərini əsas gətirərək, tətil elan etmək fikrində deyil.

APA partiyaların yay tətili proqramları ilə bağlı sorğu keçirib.

Yeni Azərbaycan Partiyasının icra katibinin müavini Mübariz Qurbanlı APA-ya bildirib ki, partiya qanunlar əsasında fəaliyyət göstərir və rəhbərlikdə çalışan şəxslər vaxtaşırı olaraq məzuniyyətə gedir: “Yəni məzuniyyət sistemi ilə iş görürük və hər kəs vaxtı çatanda məzuniyyətə gedir. Amma partiya hər hansı mövsümlə bağlı bütövlükdə tətil elan etmir. Yay fəslində hansı funksionerlərin növbəsi çatacaqsa, onlar məzuniyyətə gedəcəklər”.

Müsavat Partiyasının Mərkəzi İcra Aparatının rəhbəri Arif Hacılı isə yay tətili ilə bağlı xüsusi bir proqramlarının olmadığını deyib: “Amma yay aylarında bir qədər yumşaq iş rejimi tətbiq olunub. Partiyanın bəzi nümayəndələri yay ərzində rayonlara, imkanı olanlar bağlara gedir. Amma xüsusi bir tətil elan olunmayacaq. Müsavat Partiyasında adətən tətil elan olunmur, yalnız bir qədər sərbəst iş rejimi olur”.

Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlu isə bildirib ki, hazırda məzuniyyətdədir: “Mən qayıdandan sonra digər funksionerlər də yay tətilinə çıxacaqlar və bu, növbə ilə olacaq. Mənim fikrimcə, hər bir adamın istirahət hüququ var, o cümlədən siyasi partiyaların rəhbərlərinə də istirahət lazımdır. Digər tərəfdən insan nə qədər çox istirahət edirsə, bir o qədər də iş qabiliyyətini bərpa edə bilir. İstirahət etməyən adamın işinin keyfiyyətindən danışmaq olmaz. Ona görə də elə başa düşürəm ki, partiyaların rəhbərləri də istirahət etməlidirlər”.

Azərbaycan Sosial Demokrat Partiyasının həmsədri Araz Əlizadə isə bildirir ki, əslində Azərbaycandakı siyasi partiyalar 20 ildir ki, istirahətdədir: “Partiyalar o qədər də ağır iş rejimində işləmir. Digər tərəfdən isə şəxsən yadıma gəlmir ki, 1979-cu ildən bəri bir ay, yarım ay tətil götürüb istirahət edim. Pulum yox, imkanım yox ki, xaricə və yaxud hansısa istirahət düşərgəsinə gedim”.
A.Əlizadə yay fəslini də paytaxtda keçirəcəyini qeyd edib.

Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Əli Kərimli də rəhbərlik etdiyi qurumun tətilə çıxmayacağını deyib: “Biz hamımız Bakıda olacağıq. Amma desəm ki, işlərimiz çox gərgindir, o da düzgün olmazdı. Ofisimiz olmadığına görə, çox gərgin ofis fəaliyyəti də yoxdur. Amma eyni zamanda istirahətlə, yay tətili ilə bağlı xüsusi planlarımız da yoxdur”.

Azərbaycan Milli İstiqlal Partiyasının katibi Əli Orucov rəhbərlikdə təmsil olunanların yalnız fərdi şəkildə məzuniyyətdə olacaqlarını deyib: “Amma rəhbərlik ümumi tətil elan etməyəcək. Çünki qarşıdan bələdiyyə seçkiləri gəlir və biz seçkilərdə fəal iştirak etmək fikrindəyik. Amma əvvəlki illərdə partiya istirahət tətili elan edib”.

Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Qüdrət Həsənquliyev bildirib ki, partiya rəhbərliyi iyul və avqust aylarında növbəli şəkildə istirahət edəcək: “İnsanlar il ərzində çalışırlarsa, onlara imkan vermək lazımdır ki, istirahət etsinlər. Düzdür, bizdə reqlamentləşdirilmiş iş saatları yoxdur. Yalnız aparatın müəyyən məhdud sayda işçiləri var ki, səhərdən axşama kimi qərargahda işləyirlər. Qalan vəzifəli şəxslər isə başqa yerlərdə çalışırlar. Onlar iş yerlərində məzuniyyətə çıxırsa, həmin müddətdə onu partiya işinə dəvət etməyimiz doğru olmaz. O baxımdan hazırda bəzi şəxslər məzuniyyətdədir və digərləri də növbə ilə məzuniyyətə gedəcəklər”.

Ümid Partiyasının Ali Məclisinin sədri Əvəz Ağayev qarşıdan bələdiyyə seçkilərinin gəldiyini əsas gətirərək tətilə çıxmayacaqlarını qeyd edib: “Partiyanın qarşısında mühüm məsələlər var və bunların ən vacibi bələdiyyə seçkilərinə hazırlıqdır. Hazırda seçkilərlə bağlı partiyada ciddi işlər görülür. Gələn ay rayonlara səfərlər olacaq, namizədlərlə görüşlər keçiriləcək. Ona görə də istirahət etmək fikrimiz yoxdur”.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 528

Oxşar yazılar