Ombudsman haqqında qanun dəyişdi
21 dekabr 2010 16:47 (UTC +04:00)

Ombudsman haqqında qanun dəyişdi

Milli Məclisin (MM) bu gün keçirilən iclasında “İnsan hüquqları üzrə müvəkkil haqqında” Konstitusiya qanununa əlavə və dəyişikliklər layihəsi müzakirə olunub.


APA-nın xəbərinə görə, MM-in Hüquq siyasəti və dövlət quruculuğu Komitəsinin sədri Əli Hüseynov bildirib ki, Ombudsman BMT-nin “İşgəncə və digər qəddar, qeyri insani rəftar və ya cəza əleyhinə Konvensiya”sının Fakültativ protokolunda nəzərdə tutulan milli preventiv mexanizmin funksiyalarını yerinə yetirməli, bu məqsədlə Ombudsman Aparatında Milli preventiv qrup yaradılmalıdır. Qrup istənilən vaxt, maneəsiz və əvvəlcədən xəbərdarlıq etmədən cəzaçəkmə müəssisələrinə, müvəqqəti saxlama yerlərinə, istintaq təcridxanalarına və saxlanılan şəxsin öz iradəsi ilə tərk edə bilmədiyi yerlərə daxil olmaq, həmin yerlərdə saxlanılan şəxslərlə görüşmək və digər hüquqlara malik olmalıdır. Ə. Hüseynov qeyd edib ki, Milli preventiv qrupun üzvü öz funksiyalarının yerinə yetirilməsi ilə əlaqədar ona məlum olan faktlar barədə ifadə verməyə məcbur edilə bilməz.


Qeyd olunub ki, layihədə başqa bir əlavə isə Müvəkkilə informasiya sahibi olan dövlət orqanları və ya vəzifəli şəxslərin «İnformasiya əldə etmək haqqında» qanundan irəli gələn vəzifələri yerinə yetirmələri üzərində nəzarəti həyata keçirmək səlahiyyəti verir.


Daha sonra layihə ilə bağlı müzakirələr başlayıb. MM-in İnsan Hüquqları Komitəsinin sədri Rəbiyyət Aslanova deyib ki, bu əlavə və dəyişikliklərin edilməsi zərurətdən irəli gəlir.


Deputat Siyavuş Novruzov isə bildirib ki, informasiya əldə etmək bütün vətəndaşlara aid olunmalıdır: “Bunun Mətbuat Şurasına nə aidiyyatı var? O zaman qanun qəbul olunandan bəzi həmkarlarımız orada özünə vəzifə yeri qoymuşdu. Amma alınmadı”.


Millət vəkili Elmira Axundova informasiya Ombudsmanın səlahiyyətlərinin Ombudsmana verilməsi barədə Prezident Administrasiyasının şöbə müdir Əli Həsənovun, Mətbuat Şurasının rəylərini xatırladıb. Deputat deyib ki, Ombudsmanın işi çox olduğuna görə, o bu işin öhdəsində gələ bilməyəcək. E. Axundova təklif edib ki, bu səlahiyyətlər Ombudsmana verilirsə, o zaman Müvəkkil Aparatında informasiya ilə məşğul olan qrup və yaxud əlavə ştat yaradılmalıdır.


Deputat İqbal Ağazadə də informasiya ombudsmanının səlahiyyətlərinin Ombudsmana verilməsinin əleyhinə çıxış edib.


Layihə səsə qoyulub, 111 nəfər lehinə, 1 nəfər əleyhinə olmaqla sənəd qəbul edilib.


Qeyd edək ki, 2005-ci ildə qəbul edilmiş «İnformasiya əldə etmək haqqında» qanunda media Ombudsmanı institutunun yaradılması nəzərdə tutulub. Əlavə və dəyişikliklər qüvvəyə minəndən sonra “İnformasiya əldə etmək haqqında” qanunun mətbuat üzrə ayrıca Ombudsman yaratmaq barəsində müddəası qüvvədən düşəcək və həmin səlahiyyət indiki ombudsmana keçəcək.
# 692

Oxşar yazılar