Azay Quliyev özəl qurumlardan şikayətləndi
22 dekabr 2010 16:08 (UTC +04:00)

Azay Quliyev özəl qurumlardan şikayətləndi

Azərbaycanda özəl qurumlar, böyük sahibkarlar Qarabağ, Azərbaycan həqiqətlərinin dünyaya çatdırılması ilə bağlı layihələrə diqqət ayırmır.


Lent.az-ın verdiyi məlumata görə, bunu Azərbaycan Respublikası Prezidenti Yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının sədri Azay Quliyev söyləyib.


Azay Quliyev QHT-lərin belə təkliflərə sayğısız yanaşan və məntiqsiz cavablar verən özəl qurumların adlarının ictimaiyyətə açıqlanmasını zəruri sayıb: “Qarabağ və Azərbaycan həqiqətlərinin beynəlxalq ictimaiyyətə çatdırılması, qaçqın və məcburi köçkünlərin hüquqlarının müdafiəsi istiqamətində layihələr həyata keçirən, təşəbbüslərlə çıxış edən QHT-lər dəfələrlə özəl qurumlara müraciət etdiklərini söyləyir. Onlara verilən ənənəvi cavab belə olur ki, bu, onların fəaliyyət istiqamətinə daxil deyil. Bu, belə layihələri maliyyələşdirməkdən imtina edən beynəlxalq təşkilatların mövqeyindən heç nə ilə fərqlənmir. QHT-lər belə ümummilli məsələlərə laqeyd, etinasız yanaşan böyük özəl qurumların adlarını ictimaiyyətə açıqlamalı, onlar ictimai qınaq hədəfi olmalıdır. Digər tərəfdən, bəzi özəl qurumlar bir dəfə bir iş görür, bunu da mətbuatda 1000 dəfə reklam edir”.


Qarabağ və Azərbaycan həqiqətlərinin dünyaya çatdırılması, qaçqın və məcburi köçkünlərin hüquqlarının qorunması istiqamətində Şuranın dəstəyi ilə 2010-cu ildə QHT-lərin həyata keçirdiyi layihələrlə bağlı təşkil olunan tədbirdə çıxış edən Azəri-Türk Qadınlar İctimai Birliyinin sədri Tənzilə Rüstəmxanlı bankların da belə layihələrə dəstək verməkdən imtina etdiklərini bildirib: “Biz şəxsən bir neçə banka müraciət etmişik. Cavabları belə olub ki, bu, fəaliyyət istiqamətlərinə daxil deyil. Onlar Azərbaycanda sərvət qazanmır?”


Tədbirə qatılan digər QHT nümayəndələri də ümummilli məsələlərə özəl qurumların laqeyd yanaşmalarından gileylənib.


Ramiz
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 348

Oxşar yazılar