Müsavatçı professor “İl Foglio” qəzetinin təkzibinə münasibət bildirib
23 dekabr 2010 11:50 (UTC +04:00)

Müsavatçı professor “İl Foglio” qəzetinin təkzibinə münasibət bildirib

Tibb elmləri doktoru, müsavatçı professor Adil Qeybulla İtaliyanın “İl Foglio” qəzetində yayılan məlumatın təkzib edilməsinə münasibət bildirib.

APA-nın məlumatına görə, A. Qeybulla deyib ki, mahiyyəti ABŞ xarici kəşfiyyat şəbəkəsinin diplomatik missiya adı altında əldə etdiyi və müvafiq qurumlara ötürdüyü yazılı informasiyaların ictimailəşməsindən ibarət olan, dünyada ciddi diplomatik eksseslərə səbəb olmuş “WikiLeaks” saytının açıqlamaları sıradan hadisə deyil: “Bu hadisə sosialist düşərgənin demontajından sonra birqütblü dünyanın yenidən bölünməsi, yeni müstəqil dövlətlərin yaranması və dünyada yenidən formalaşan siyasi-diplomatik, iqtisadi və hərbi münasibətlər sisteminin qurulması prosesinin tərkib hissəsidir. Məntiqi nəticələrdən biri odur ki, bu prosesin arxasında nəhəng güc dayanır. Diplomatik qalmaqala səbəb olan sənədlərin açıqlanması münasibətlərdə elə bir etimadsızlıq mühiti yaradıb ki, bu, əvvəlki diplomatik ünsiyyət prosedurlarında yer alan səmimi dialoqun gələcəkdə nəzərə alınmasını və informasiya təhlükəsizliyinə yeni yanaşmanın zəruriliyini ortaya qoyur.

Əslində yaranmış situasiyadan istifadə edib saytda müəyyən maraqlara xidmət edən informasiyaların yerləşdirilməsi Amerikanın xarici siyasətinə ciddi problemlər və etimadsızlıq mühiti yaradır”.

A. Qeybulla bildirib ki, bir çox informasiyaların insanların, xüsusilə dövlət xadimlərinin şəxsi həyatına nüfuz etməsi və onların məqsədli şəkildə ictimailəşdirilməsi göstərir ki, saytın diplomatik mənbələrə istinad edən məlumatlarında qərəz elementləri də yox deyil: “Bir neçə gün öncə “İl Foglio” qəzetində yayılan məlumatın qəzetin sonradan Azərbaycanın birinci xanımı Mehriban Əliyevadan, prezident İlham Əliyevdən və bütün Azərbaycan xalqından üzr istəyərək yalan olduğunu rəsmən etiraf etməsi, onu jurnalist səhvi adlandırılması buna bariz misaldır. Qəzet yazır: “Bizim məqalədə istifadə etdiyimiz mənbələr tamamilə etibarsız çıxdı, biz öz səhvimizi etiraf edir və üzrxahlıqla bu təkzibi dərc edirik”.

Nəzərə almaq lazımdır ki, ABŞ rəsmən etiraf edib ki, saytda yerləşdirilən məlumatlar ABŞ dövlətinin mövqeyi kimi qəbul edilə bilməz. Əslində bu informasiyalar hansısa bir diplomatın ABŞ rəsmi dövlət və kəşfiyyat strukturları ilə yazışması sənədidir və orada ifadə olunan sənədlər ilk növbədə həmin diplomatın subyektiv mülahizəsi hesab edilməlidir. Subyektiv mülahizələrdə ifadə olunan fikirlərin qərəzli olmasına və konkret maraqlara xidmət etməsinə isə heç bir təminat yoxdur”.
# 424

Oxşar yazılar