Litvalı şagirdlər Xocalıdan yazıblar
24 dekabr 2010 14:08 (UTC +04:00)

Litvalı şagirdlər Xocalıdan yazıblar

Vilnüsün M.K.Çürlyönis adına Milli İncəsənət Məktəbinin konsert zalında Litva məktəbliləri arasında keçirilmiş “Azərbaycan mənim gözlərimlə” beynəlxalq müsabiqəsinin yekun mərasimi olub.

Diasporla İş üzrə Dövlət Komitəsindən Lent.az-a verilən məlumata görə, yekun mərasimində Azərbaycan Respublikasının Litvadakı səfiri Nairə Şahtaxtinskaya, Türkiyənin Litvadakı səfirliyinin 1-ci katibi Şayda Hanbay, Litva Respublikasının təhsil və elm naziri Gintaras Stəponaviçyus, Litva Seyminin İqtisadiyyat komitəsinin sədri, millət vəkili Daynyus Budris, Litva mədəniyyət nazirinin müavini Deyvidas Staponkus, Diasporla iş üzrə Dövlət Komitəsinin şöbə müdiri Surəddin Hümbətov, Litva Seyminin sədri İrena Degutinenin müşaviri və xüsusi nümayəndəsi Laurinas Kasçyunas, Litva mədəniyyət nazirinin müşaviri İmantas Melyanas, Estoniya–Azərbaycan Mədəniyyət Mərkəzinin sədri Niyazi Hacıyev, Latviya azərbaycanlılarının “Ocaq” cəmiyyətinin sədri Roman Əliyev, eləcə də digər rəsmilər, ölkənin tanınmış elm, mədəniyyət, incəsənət və siyasət xadimləri, bir sıra nüfuzlu ictimai təşkilatların rəhbərləri, milli azlıq qurumlarının nümayəndələri və başqaları iştirak ediblər.

Qeyd edək ki, müsabiqəni Litva Azərbaycanlıları Cəmiyyəti bu ölkənin Təhsil və Elm Nazirliyi, Litva Milli İcmalar Evi və Litva Gənclərinin Turizm Mərkəzi ilə birgə təşkil edib. Layihəyə maliyyə dəstəyini isə Diasporla iş üzrə Dövlət Komitəsi göstərib. Litva Respublikasının təhsil və elm naziri bu müsabiqənin təşkili barədə Litva Azərbaycanlıları Cəmiyyətinin təşəbbüsü ilə bu ilin iyul ayında öncədən xüsusi sərəncam imzalayıb, müsabiqənin Əsasnaməsini və eləcə də bu layihə ilə əlaqədar digər sənədləri təsdiq edib. Əsasnamədə göstərilib ki, müsabiqə Litva-Azərbaycan mədəniyyətlərarası bilgilərinin genişləndirilməsinə həsr edilir və onu keçirməkdən məqsəd şagirdlərdə Azərbaycanın qədim keçmişinə və dövlətçilik tarixinə, mədəni irsinə, coğrafiyasına, təbiətinə maraq oyatmaq, informasiya texnologiyalarından istifadə etməklə onlara Azərbaycanla bağlı fikir və düşüncələrini yaradıcı surətdə təqdim etmək üçün imkan yaratmaqdır.


Müsabiqə Litva-Azərbaycan mədəniyyətlərarası dialoqu layihəsi çərçivəsində bu ölkənin ümumtəhsil məktəblərinin 7-12-ci siniflərində oxuyan şagirdləri arasında keçirilib. 2010-cu ilin sentyabr-oktyabr aylarında keçirilmiş müsabiqədə Litvanın müxtəlif şəhər və rayonlarında yerləşən 119 təhsil müəssisəsində oxuyan 526 şagird iştirak edib. Layihəyə həmçinin, müsabiqə işlərinin rəhbərləri olaraq 121 müəllim qatılıb. Bu layihədə Litvanın bir sıra milli azlıqlarının 16 ümumtəhsil məktəbinin şagirdləri də iştirak ediblər. Müsabiqənin 12 nəfərdən ibarət nüfuzlu münsiflər heyətinə 375 iş göndərilib. 1 müsabiqə işi orta hesabla 15 slayddan ibarət olub. Beləliklə, layihənin təşkilatçılarına 5500 ədəddən artıq müsabiqə slaydı təqdim olunub.


Müsabiqəyə göndərilmiş işlər arasında əsasən Azərbaycanın qədim keçmişi və dövlətçilik tarixi, dövlət rəmzləri, siyasi sistemi və rəhbərliyi, coğrafiyası və təbiəti, əfsanə və hekayətləri, Azərbaycan dili və yazılı ədəbiyyatı, mədəniyyəti və musiqisi, milli mətbəxi, xalq geyimləri və adət-ənənələri, idmanı və xalq oyunları, respublika əhəmiyyətli şəhərləri və milli parkları, Dünya sivilizasiyası xəzinəsinə töhfələr vermiş görkəmli xadimləri, Dağlıq Qarabağ münaqişəsi, 20 yanvar Bakı faciəsi və Xocalı soyqırımı, milli Azərbaycan ordusu, Azərbaycanın müasir dünya ölkələri sırasında yeri və görünüşü, Azərbaycan mövzusunda şagirdlərin yaratdıqları orijinal ədəbi-publisistik yazılar və etüdlər, Litva-Azərbaycan ictimai-tarixi və mədəni əlaqələri, dövlətlərarası münasibətləri və digər mövzular üstünlük təşkil edib. Müsabiqə işləri arasında Litva azərbaycanlıları haqqında məlumatları əhatə edən işlər də var.


Komissiya 10 nominasiya üzrə müsabiqənin laureatlarını təyin edib. Nəticələrə görə, 30 şagird birinci, ikinci və üçüncü yerlərə layiq görülüb. Müsabiqənin yekun tədbirində və laureatların mükafatlandırma mərasimində 141 nəfər müsabiqə işinin müəllifləri və onların müəllimləri dəvət olunub. Yekun tədbirində 300-dən çox şagird, onların valideynləri və müəllimlər iştirak ediblər. Mərasimdə iştirak etmiş bütün şagird və müəllimlərə xatirə hədiyyələri və Litva Respublikası Təhsil və Elm Nazirliyinin fəxri fərmanları, sponsorların hədiyyələri, Litva Gəncləri Turizm mərkəzinin təşəkkür məktubları təqdim edilib. 30 qalib şagird isə Diasporla iş üzrə Dövlət Komitəsinin xüsusi hədiyyələri ilə mükafatlandırılıb. Kaunasın Vayjgantas adına orta məktəbinin şagirdləri Yurgita Milyauskayte və Ayste Makarovaya Xocalı faciəsi mövzusunda yaratdıqları ən uğurlu iş üçün Azərbaycan Respublikasının Litvadakı səfirliyinin xüsusi hədiyyələri təqdim olunub. Litvanın Təhsil və Elm Naziri Gintaras Stəponaviçyus müsabiqəyə ən çox iş göndərmiş təhsil müəssisələrinə – Plunges rayonunda yerləşən Kulyu orta məktəbinə (28 iş), Alsedjyu orta məktəbinə (24 iş), Vilnüs şəhər Taykos məktəbinə (21 iş) və Klaypeda şəhərindəki Pranas Maşyotas adına məktəbə (17 iş) Nazirliyin təsis etdiyi hədiyyələri təqdim edib.


Qeyd edək ki, Vilnüsdə fəaliyyət göstərən „Garsu pasaulis“ şirkəti və „Penki kontinentai“ Qapalı Səhmdar Cəmiyyəti müsabiqənin sponsorları qismində tədbirlərin gerçəkləşdirilməsinə mühüm dəstək veriblər.
Müsabiqənin nəticələrinə həsr olunmuş tədbirdən sonra Azərbaycan musiqisi və rəqslərindən ibarət geniş konsert proqramı təqdim olunub. Tallindən gəlmiş milli rəqs qrupunu ifası böyük maraqla qarşılanıb.
# 654

Oxşar yazılar