“Müharibənin olub-olmayacağını yaxın günlərdə görəcəksiniz”
10 dekabr 2010 11:46 (UTC +04:00)

“Müharibənin olub-olmayacağını yaxın günlərdə görəcəksiniz”

“Ermənistanın qondarma Dağlıq Qarabağ rejiminin tanınması ilə bağlı etdiyi cəhdlərin heç bir perspektivi yoxdur. Çünki ermənilər özləri də gözəl başa düşürlər ki, qondarma rejimin tanınması Ermənistanın işğalçılığının hüquqi cəhətdən bir daha təsdiqi olacaq. Ermənistan başa düşməlidir ki, bu siyasətin heç bir perspektivi yoxdur”.


APA-nın məlumatına görə, bu açıqlamanı jurnalistlərə Milli Məclis (MM) sədrinin birinci müavini Ziyafət Əsgərov verib.


Qarabağ probleminin həlli ilə bağlı danışıqlar prosesinin dalana dirənməsi barədə sualı cavablandıran Ziyafət Əsgərovun sözlərinə görə, bu bir daha onu göstərir ki, Ermənistan beynəlxalq hüquqa meydan oxumaqdadır: “Təəssüf edirəm ki, ATƏT-in Minsk Qrupunun həmsədrləri və digər beynəlxalq təşkilatlar da Ermənistana təzyiq artırmır. Düzdür, çox vaxt onlar prosesin uzanmasından narahat olduqlarını deyirlər. Amma maraqlıdır, onlara təzyiq göstərməkdə kim mane olur? Narahatlıqlarını ifadə edirlər, amma ortada bir nəticə yoxdur. Hesab edirəm ki, bundan sonra artıq Azərbaycanın bütün iqtisadiyyatı, xüsusilə də sənaye sahəsi hərbi relslər üzərinə keçirilməlidir. Bu istiqamətdə çox böyük işlər görülüb. Artıq Serj Sərkisyanın və onun hakimiyyətin ərköyün siyasətinə dözməyə nə imkanımız, nə də vaxtımız var. Azərbaycan bu günə kimi çox böyük hövsələ nümayiş etdirdi. Dünya ictimaiyyəti də gördü ki, Azərbaycan sülh, danışıqlar tərəfdarıdır. Ancaq beynəlxalq hüquq imkan verir ki, Azərbaycan öz ərazisini istənilən şəkildə azad etsin. Bu bizim hüququmuzdur və bu hüququ özümüzdə saxlayırıq”.


MM sədrinin birinci müavini jurnalistlərin “müharibə olacağını gözləmək olarmı” sualına cavabında “bunu yaxın günlərdə özünüz görəcəksiniz” deyib.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 651

Oxşar yazılar