“Qarabağ münaqişəsi Qafqazda stabillik yolunda əsas maneədir” - MÜSAHİBƏ
10 aprel 2009 16:00 (UTC +04:00)

“Qarabağ münaqişəsi Qafqazda stabillik yolunda əsas maneədir” - MÜSAHİBƏ

NATO baş katibinin Cənubi Qafqaz və Mərkəzi Asiya üzrə xüsusi nümayəndəsi Robert Simmons Azərbaycan kütləvi informasiya vasitələrinə müsahibə verib. Xüsusi nümayəndənin suallarını cavablandırdığı KİV arasında APA da olub. APA R. Simmonsun müsahibəsini təqdim edir.


- NATO baş katibi bəyan edib ki, hərbi alyans Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasında iştirak edə bilməz...

- NATO etiraf edir ki, Dağlıq Qarabağ münaqişəsi Cənubi Qafqaz regionunda sülh-və stabillik yolunda əsas maneədir. Biz bu münaqişəyə son dərəcə ciddi yanaşırıq və münaqişənin dinc yolla nizamlanmasına yönəlmiş səyləri dəstəkləməkdə davam edəcək. Bununla belə NATO Dağlıq Qarabağ münaqişəsinin həllində vasitəçilik səylərində aparıcı rol oynamır. Bu rolu hazırda ATƏT-in Minsk Qrupu həyata keçirir və biz onların işini tam dəstəkləyirik. Mövcud danışıqlar formatını dəstəklədiyimiz üçün bu prosesdə NATO-ya ayrı bir rol ayrılmasına zərurət görmürük.

- Azərbaycan Silahlı Qüvvələri NATO standartlarına cavab verirmi? Bu standartlara uyğunlaşma prosesi necə gedir? Bu məsələdə hər hansı problem varmı?

- Azərbaycan Silahlı Qüvvələrinin döyüş qabiliyyətinin artırılması son 15 ildə əməkdaşlığımızın əsas elementi olub. Azərbaycan bu sahədə əhəmiyyətli irəliləyişə nail olub və Azərbaycan hərbçilərinin NATO-nun rəhbərliyi altında İSAF sıralarında Əfqanıstanda uğurlu xidmət keçməsi bunu isbatlayır. Bundan başqa, Azərbaycan Silahlı Qüvvələri qarşısına NATO-ya üzv ölkələrdəki standartlara, o cümlədən təhlükəsizlik sektoruna demokratik nəzarət standartlarına cavab vermək kimi məqsəd qoyub. Bu uzunmüddətli bir prosesdir və təəccüblü deyil ki, qarşıda görülməli olan çox iş var. Şimali Atlantika Alyansı bu kimi hərbi islahatların həyata keçirilməsinə yardım göstərmək üçün Azərbaycanla əməkdaşlığı davam etdirəcək.

- NATO-nun Kel-Strasburq sammitindən sonra alyansın Cənubi Qafqaz regionunda təhlükəsizlik məsələlərinə dair gələcək siyasətini necə görürsünüz?

- NATO-nun Cənubi Qafqaz regionuna yönəlik siyasəti dəyişməyib. Biz əvvəlki kimi Avroatlantik təhlükəsizliyini mühüm elementi kimi regionda sülh və stabilliyin bərqərar olmasını istəyirik. Biz gələcəkdə də region ölkələri ilə həm siyasi, həm də praktiki nöqteyi-nəzərdən əməkdaşlığı davam etdirəcəyik. NATO-nun Kel-Strasburqda keçirilən sammitində quruma üzv ölkələrin dövlət və hökumət başçıları yüksək kürsüdən qeyd etdilər ki, tərəfdaşlıq və əməkdaşlıq, münaqişələrin dinc yolla nizamlanmasına dəstək, Gürcüstanın alyansa qəbulunun mümkünlüyünə dair NATO-nun Buxarest sammitində qəbul olunan qərarlara bağlılıq hərbi alyansın regiona yönəlik siyasətinin təməl daşı rolunu oynayacaq. Azərbaycana gəldikdə isə əminəm ki, tərəfdaşlığımız həm kəmiyyət, həm də keyfiyyət baxımından inkişaf etməkdə davam edəcək. Mən Azərbaycana səfər etməyi səbirsizliklə gözləyirəm ki, ölkənizin rəhbərləri ilə münasibətlərimizdəki tərəqqi məsələlərini müzakirə edəm.
# 1188

Oxşar yazılar