Türkiyəli deputat: “Ermənistanla sərhədlər 2009-cu ildə açılmayacaq”
06 mart 2009 10:30 (UTC +04:00)

Türkiyəli deputat: “Ermənistanla sərhədlər 2009-cu ildə açılmayacaq”

“Sərhədlər yalnız Dağlıq Qarabağ münaqişəsi həll olunandan sonra açıla bilər”

Vaşinqtonda səhərdə olan Türkiyə Böyük Millət Məclisinin üzvləri Şükrü Ələkdağ (CHP), Murat Mərcan (AKP), Nursuna Məməcan (AKP) və Mithat Melen (MHP) Strateji və Beynəlxalq Araşdırmalar Mərkəzində (SBAM) Türkiyə üzrə ekspert və jurnalistlərlə görüşüblər.

APA-nın ABŞ bürosunun məlumatına görə, SBAM-ın Türkiyə üzrə direktoru Bülənd Əlirzanın sədrliyi ilə keçirilən müzakirələrdə iki ölkə arasında gərginliyə səbəb olan mövzular diqqət mərkəzində olub.

Türkiyə Böyük Millət Məclisinin xarici əlaqələr komitəsinin sədri Murad Mərcan Obama hakimiyyəti dövründə ABŞ xarici siyasətinin gərginlik yaratmağa deyil, dialoqa yönəldiyini deyib. Türkiyənin Sovet İttifaqının dağılmasından sonra çox vektorlu xarici siyasət reallaşdırdığını deyən millət vəkili, bunun ölkə ətrafında mövcud olan dörd iri münaqişə ilə bağlı olduğunu qeyd edib. Türkiyənin xarici siyasət fəlsəfəsinin qonşularla “0 problem” bəndindən, Avropaya inteqrasiya və öz siyasi nüfuzundan istifadə etməkdən ibarət olduğunu bildirib: “Bu siyasi nüfuz özünü Balkanlarda, Suriyada, Gürcüstanla Rusiya arasında olan son müharibədə də özünü göstərdi. Türkiyənin Qərbyönümlü ölkə olduğunu və regionda baş verən proseslərə görə məsuliyyət daşıyır”.

Ermənistanla siyasətlərinə toxunan millət vəkili onların məqsədinin təkcə rəsmi İrəvanla münasibətlərin yaradılması deyil, həmçinin Qafqazda sülhün yaradılmasına xidmət etmək olduğunu vurğulayıb.

CHP-dən olan millət vəkili Şükrü Ələkdağ Türkiyəni narahat edən məsələlər sırasında qondarma “erməni soyqırımı”, İraqın şimalında fəaliyyət göstərən PKK terror təşkilatı və Dağlıq Qarabağ münaqişəsi olduğunu deyib. Türkiyənin ABŞ-dakı sabiq səfiri “Ermənistanla sərhədlərin açılmasına yol vermək olmaz”, - deyərək bu məsələnin yalnız Dağlıq Qarabağ məsələsi öz həllini tapdıqdan sonra etməyi lazım sayıb. PKK məsələsinə toxunan millət vəkili onlara dəstəyin Şimali İraq hökuməti tərəfindən verildiyini və bu il Barak Obamanın ənənəvi 24 aprel müraciətində 1915-ci hadisələrini soyqırımı adlandırmayacağını deyib.

Cənab Ələkdağ İsraillə Türkiyənin hərbi, iqtisadi və turizm sahəsində münasibətlərinin yüksək səviyyədə olduğunu, hər iki ölkənin strateji tərəfdaş olduğunu bildirib.

MHP-dən oln millət vəkili Mithat Melen 1915-ci il hadisələrinə toxunaraq problemin Ermənistanla deyil, erməni diasporu ilə olduğunu dedi. Cənab Melen Amerikanın qondarma soyqırımı ilə bağlı qətnamə qəbul etməsinin kasıb Ermənistanın marağında olmadığını bildirib. O, İstanbulda 80 min erməninin işlədiyini də xatırladıb. Daha sonra Mithat Melen “Ermənistanla ticari münasibətlər qurularkən biz gərək Azərbaycanın Dağlıq Qarabağla bağlı maraqlarını yaddan çıxarmayaq” deyib. O, Türkiyənin Azərbaycan vasitəsi ilə nəql olunan enerji resurslarına, Şimali İraqla apardıqları ticarətə ehtiyacı olduğunu deyib. Mithat Melenin sözlərinə görə, ticari əlaqələr olmasa, regionun inkişafından danışmaq olmaz.

Toplantıdan sonra APA-nın ABŞ bürosuna açıqlama verən Şükrü Ələkdağ Türkiyə-Ermənistan münasibətlərinin açılması məsələsinə münasibət bildirib: “Qarabağ məsələsi həll olunmadan Türkiyə Ermənistanla sərhədləri açmamalıdır. Türk xalqı buna icazə verməz. Belə durumun yaranması Türkiyənin Azərbaycanı itirməsi deməkdir. Bəs o zaman bizim “bir millət, iki dövlət” sözümüz harada qaldı? Nə tez bunu unutduq? Biz Ermənistanla münasibətlərin bərpasına qarşı çıxmırıq. Amma bunu Dağlıq Qarabağ münaqişəsi həll olunandan sonra etmək lazımdır. Əgər sərhədlər açılsa, biz Azərbaycanı yalqız buraxmış olarıq və Azərbaycanın dialoq prosesində gücü azalar”.

Şükrü Ələkdağ Türkiyənin Ermənistanla danışıqlarda üç mövzunun – Dağlıq Qarabağ münaqişəsi, qondarma “erməni soyqırımı” və sərhədlərin açılması məsələsinin müzakirə olunduğu fikrinə belə münasibət bildirib: “Əgər bu üç məsələ eyni zamanda həllini taparsa, o zaman bir söz demək olmaz. Amma iki ölkə arasında sərhədlər 2009-cu ildə açılmayacaq”.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1418

Oxşar yazılar