Millət vəkili Qənirə Paşayeva Pakistanın Azərbaycandakı səfiri ilə görüşüb
18 avqust 2010 18:15 (UTC +04:00)

Millət vəkili Qənirə Paşayeva Pakistanın Azərbaycandakı səfiri ilə görüşüb

Azərbaycan-Pakistan parlamentlərarası dostluq qrupunun üzvü, millət vəkili Qənirə Paşayeva Pakistanın Azərbaycandakı səfiri Əbdül Həmidlə görüşüb.

APA-nın məlumatına görə, Q. Paşayeva səfirə Pakistanda daşqın və sel fəlakəti nəticəsində dünyasını dəyişənlərlə bağlı başsağlığı verib. Hələ jurnalist fəaliyyəti dövründə dəfələrlə Pakistanda olduğunu və bu ölkənin əhalisinin Azərbaycana olan isti münasibətini özünün müşahidə etdiyini deyən millət vəkili Pakistanın həmişə Azərbaycana dost münasibəti ilə fərqləndiyini, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı Azərbaycanın haqlı mövqeyini ardıcıl dəstəklədiyini də ifadə edib: “Azərbaycan da həmişə dost-qardaş ölkə kimi Pakistanı dəstəkləyib və Pakistan üçün bu ağır günlərdə də cənab prezident İlham Əliyevin sərəncamı ilə Azərbaycan Pakistana yardım ayıran ilk ölkələrdən oldu. Cənab prezidentin bu addımı vətəndaşlarımız üçün də gözəl bir örnəkdir”. Pakistanın səfirliyinin Azərbaycan vətəndaşlarına çağırışını xatırladan Q. Paşayeva Müqəddəs Ramazan ayının ən böyük mənalarından birinin ehtiyacı olanlara yardım etmək olduğunu deyib. Millət vəkili Pakistanda sel fəlakəti nəticəsində ağır vəziyyətə düşən milyonlarla müsəlman bacı-qardaşlarımıza dəstək göstərmək üçün duyarlı hər bir insanımızın öz yardımını əsirgəməyəcəyinə inandığını bildirib.

Millət vəkili deyib ki, Pakistandakı sel, daşqın fəlakəti nəticəsində 20 milyon insan zərər çəkib, öz ev-eşiyini itirib, 2000 mindən artıq insanın həyatına son qoyulub, 7 minə yaxın kənd sel suları altında qalıb, ölkənin yaşayışına, əmlakına və fiziki infrastrukturuna külli miqdarda ziyan dəyib: “BMT bu fəlakəti 2004-cü ildəki sunamidən və bu yaxınlarda ABŞ-da baş vermiş zəlzələlərdən daha dəhşətli adlandırıb. Beynəlxalq səhiyyə qurumları Pakistanda vəba epidemiyasının yayıla biləcəyi ilə bağlı həyəcan təbili çalır, səylərin yetərli olmayacağı təqdirdə 300000 pakistanlının bu qorxlu epidemiyaya yoluxa biləcəyi barədə açıqlamalar verirlər. Hər bir duyarlı azərbaycanlı pakistanlı qardaş-bacılarımıza yardım göstərmək üçün əlindən gələni əsirgəməməlidir. Bəlkə kimsə düşünə bilər ki, bir nəfərin hesaba köçürəcəyi 10-20 manat nəyi dəyişə bilər? Amma minlərlə azərbaycanlı bu addımı atsa, görün nə qədər dəstək ola bilərik”.

Azərbaycan-Pakistan dostluq qrupunun üzvü, millət vəkili Qənirə Paşayeva Azərbaycandan kənarda yaşayan azərbaycanlıların və dünyada yaşayan bütün türklərin də dost-qardaş Pakistana dəstək göstərməyə çağırıb.

Millət vəkili özü də əmək haqqının bir hissəsini Pakistanda təbii fəlakətdən əziyyət çəkən insanlara yardım məqsədilə köçürüb.


Görüşdə səfir Əbdül Həmid prezident İlham Əliyevin dövlətimiz tərəfindən Pakistana fəlakətin ilk günlərində yardım ayrılmasını yüksək qiymətləndirib və buna görə təşəkkürünü bildirib. Səfir Azərbaycan vətəndaşları və iş adamlarının səfirliyin çağırışına həssas yanaşacaqlarına inandığını da ifadə edib.

Qeyd edək ki, Pakistan səfirliyi iş adamlarına, ticarət strukturlarına, habelə Azərbaycan vətəndaşlarına çətinlikdə olan qardaşlarına yardım üçün müraciət edib. Bununla əlaqədar Pakistan Milli Bankının Bakı Filialında 4501000000203000 saylı hesab açılıb. Bankın ünvanı: İstiqlaliyyət küçəsi 41, Tel: 4371642, 4371643.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 598

Oxşar yazılar