Seyran Ohanyanın qohumu erməni ordusundakı özbaşınalıqlardan danışdı
10 avqust 2010 13:00 (UTC +04:00)

Seyran Ohanyanın qohumu erməni ordusundakı özbaşınalıqlardan danışdı

Müdafiə nazirinin Azərbaycan tərəfə keçmiş hərbçi qohumu: “Biz bilirik ki, bu torpaqlar bizim deyil”



Ermənistan ordusundakı özbaşınalıqlardan canını qurtararaq Azərbaycan Silahlı Qüvvələrinin nəzarəti altında olan əraziyə keçən erməni əsgərləri arasında müdafiə naziri Seyran Ohanyanın qohumu Ohan Harutunyan da var.


APA həmyaşıdı Gevorq Tovmasyanla birlikdə ordu sıralarından qaçaraq Azərbaycana təslim olan 19 yaşlı Ohan Harutunyandan açıqlama almağa nail olub.

Ohan və Gevorq Dağlıq Qarabağdakı hərbi hissədə məruz qaldıqları zorakılıq və insan ləyaqətini alçaldan hərəkətlərə görə qaçmağa məcbur olduqlarını söyləyiblər. G.Tovmasyan hərbi xidmətə başladığı andan komandir heyəti tərəfindən alçaldıldığını, döyüldüyünü, ayaqyolu təmizləməyə məcbur edildiyini söyləyib. O, qaçmaq qərarına gəldiyini və bu qərarını Ohanla bölüşdüyünü deyib. Gevorq və Ohan Azərbaycanda yaxşı qarşılandıqlarını, Ermənistana qayıtmaq istəmədiklərini bildiriblər: “Biz Azərbaycan tərəfə keçərkən də düşünürdük ki, burada vəziyyətimiz Ermənistandakından yaxşı olacaq. Azərbaycanda bizi özününkülər kimi qarşıladılar. Şəraitimiz yaxşıdır. Yeməklə bağlı heç bir problem yoxdur. Bizə bir şey lazım olanda verirlər. Ermənistanda isə yaşamaq mümkün deyil, aclıqdır, iş yoxdur”.


O.Harutunyan müdafiə naziri Seyran Ohanyanla qohumluğu olsa da, orduda zorakılıq və pis rəftarla üzləşdikdə kömək üçün nazirə müraciət etmədiyini açıqlayıb: “Orduda bu vəziyyətlə qarşılaşdıqda Ohanyanın yaxşı insan olmadığını və ona müraciət etməyin faydasız olacağını anladım”.


Ermənistan ordusundakı əhval-ruhiyyə ilə bağlı APA-nın sualını cavablandıran Ohan bildirib ki, Dağlıq Qarabağda xidmət edən ermənistanlılar müharibə başlayarsa, qaçacaqlarını deyirlər: “Biz bilirik ki, bu torpaqlar bizim deyil. Ermənilərin çoxu bu ərazilərin Ermənistana məxsus olmadığını və onları geri qaytarmağın zəruriliyini anlayır”.


Qeyd edək ki, Ermənistan Ordusunun əsgərləri - 1991-ci il təvəllüdlü Harutunyan Ohan Vadinagiyeviç və 1991-ci il təvəllüdlü Tomasyan Gevorq Serjikoviç 2009-cu il mayın 31-də saat 13:00 radələrində qoşunların təmas xəttində, Goranboy rayonu ərazisində Azərbaycan Silahlı Qüvvələrinin nəzarəti altında olan əraziyə keçiblər.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 411

Oxşar yazılar