General Koşaner erməniləri təşvişə salıb
10 avqust 2010 12:45 (UTC +04:00)

General Koşaner erməniləri təşvişə salıb

Ordu generalı İşık Koşanerin Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargah rəisi təyin olunması iki gündür, erməni mətbuatını da məşğul edən əsas hadisələrdən birinə çevrilib.


Artıq erməni siyasətçiləri və hərbi ekspertləri Koşanerin Silahlı Qüvvələrin rəhbərliyinə gətirilməsini müxtəlif prizmalardan şərh etməyə başlayıb.


Lent.az-ın məlumatına görə, ermənilər hələ Türkiyədə Ali Hərbi Şuranın (YAŞ) toplantısı başlanandan Baş Qərargah rəisi postuna real namizəd olan Koşanerin azərbaycanpərəst olduğunu bəyan etmişdilər. Bu gün Ermənistandan yayımlanan və Daşnaksütyun partiyasına yaxınlığı ilə tanınan www.news.am saytı hazırladığı xəbəri «Türk ordusunun başına Azərbaycan tərəfdarı general gətirildi» başlığını ilə yayımlayıb. Sayt yeni Baş Qərargah rəisinin fəaliyyəti dövründə Azərbaycan Silahlı Qüvvələrinin gücləndirilməsində yaxından iştirak etdiyini, Azərbaycan hərbçilərinin Türkiyədə təhsil almalarına da ən böyük dəstəyin məhz general Koşaner tərəfindən göstərildiyini yazır.


Xatırladaq ki, İ.Koşaner sonuncu dəfə Azərbaycana ötən ilin oktyabr ayında gəlib. Səfər çərçivəsində türkiyəli general müdafiə naziri Səfər Əbiyev, daxili işlər naziri Ramil Usubov və prezident İlham Əliyevlə görüşüb.


İ.Koşanerin Azərbaycan ordusunun gücləndirilməsində göstərdiyi səylər artıq Rusiya və İran mətbuatında da yer alıb. İran internet saytları Koşanerin yeni vəzifədə Türkiyənin Mərkəzi Asiyadakı türk cümhuriyyətlərinə açılma siyasətində mühüm rol oynayacağını, eləcə də Ankaranın ən yaxın müttəfiqi olan Azərbaycana hərbi yardımları daha da artıracağını yazır.

Qeyd edək ki, YAŞ-ın budəfəki toplantısının qalmaqallarla yadda qalmasına baxmayaraq, türkiyəli hərbi ekspertlər vaxtı ilə «Bordo bereli» diviziyasına (xüsusi təyinatlı qüvvələr) rəhbərlik etmiş İ.Koşaneri «bacarıqlı və millətini sevən» hərbçi kimi xarakterizə edirlər. Türkiyə KİV-in yazdığına görə, İ.Koşaner müxtəlif dövrlərdə Azərbaycan da daxil olmaqla digər türkdilli dövlətlərin hərbçilərinin Türkiyədə hazırlanması, bu ölkələrə hərbi yardımların göstərilməsində, həmçinin ikitərəfli əməkdaşlığın genişləndirilməsində mühüm rol oynayıb. Buna misal olaraq, generalın «Türkiyə Silahlı Qüvvələri gücünü və qüdrətini əmrində və xidmətində olduğu, Türkiyə Cümhuriyyətini quran türk ulusundan alır» - sözləri misal göstərirlər.

Qeyd edək ki, Türkiyə Silahlı Qüvvələrinin rəhbərliyi tərəfindən dəfələrlə Azərbaycana qarşı sevgi və dəstək açıq bəyan edilib. Hazırda Hərbi Hava Qüvvələrinə komandanlıq edən Həsən Aksayın tədbirdə azərbaycanlı kursantların təqdim etdiyi Azərbaycan bayrağını öpməsi, avqustun 30-da təqaüdə çıxan generallar Hasan İğsız və Jandarma Komandanı Atilla İşıkın Azərbaycana səfərləri və Azərbaycanın mövqeyini dəstəkləyən bəyanatları buna misal göstərilə bilər. Ümumilikdə son 10 ilin təcrübəsi göstərir ki, Türkiyə Silahlı Qüvvələrinin və Silahlı Qüvvələrin strukturlarının yeni rəhbərləri ilk səfərlərini də Azərbaycana edir.
Rəşad
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 428

Oxşar yazılar