“Niderlandda 6 azərbaycanlı həbsdədir” - MÜSAHİBƏ
09 avqust 2010 15:00 (UTC +04:00)

“Niderlandda 6 azərbaycanlı həbsdədir” - MÜSAHİBƏ

Azərbaycan DİN və Niderland Krallığının Ədliyyə Nazirliyi arasında Anlaşma Memorandumu imzalanacaq


Azərbaycanda səfərdə olan Niderlandın ədliyyə naziri Hirş Bellinin (Hirsch Ballin) APA-ya müsahibəsi


- Səfərinizdə məqsəd nədir və Bakıda kimlərlə görüşəcəksiniz?

- Səfər azərbaycanlı həmkarım Fikrət Məmmədovun dəvəti əsasında həyata keçirilir. Məqsəd hüquq və immiqrasiya sahələrində ikitərəfli əməkdaşlığı gücləndirməkdir. Bu əməkdaşlıq transsərhəd cinayətkarlıq, insan alveri və qeyri-leqal miqrasiya ilə effektiv əməkdaşlıq baxımından vacibdir. Hollandiya Ədliyyə Nazirliyi Azərbaycanda həyata keçirilən müxtəlif layihələr vasitəsilə qanunun aliliyinin təmin olunmasında Azərbaycan hökuməti ilə əməkdaşlıq edir. Bu layihələr əsasən inzibati hüquq və saxlanma şərtlərinin yaxşılaşdırılması sahəsini əhatə edir. Səfər zamanı daxili işlər naziri, baş prokuror, Ali Məhkəmənin sədri, miqrasiya və sərhəd xidmətlərinin rəhbərləri ilə görüşməyi, eləcə də yeni inşa olunmuş Bakı İstintaq Təcridxanasına baş çəkməyi planlaşdırıram.


- Səfər zamanı ikitərəfli sənədlərin imzalanması nəzərdə tutulubmu? İndiyə qədər iki ölkə arasında ədliyyə sahəsində hansı razılaşmalar imzalanıb?

- Səfər zamanı Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi və Niderland Krallığının Ədliyyə Nazirliyi arasında cinayət işləri sahəsində qeyri-əməliyyat əməkdaşlığı haqqında Anlaşma Memorandumu imzalanacaq. Ölkələrimiz arasında ədliyyə sahəsində artıq 2 sənəd mövcuddur – qanunsuz miqrasiya ilə mübarizədə əməkdaşlıq məsələləri üzrə qarşılıqlı anlaşma Memorandumu və hüquqi sahədə ikitərəfli əməkdaşlıq məsələləri üzrə qarşılıqlı anlaşma Memorandumu.


- Ölkələr arasında ikitərəfli əməkdaşlığın gələcəyini necə qiymətləndirirsiniz? Hüquqi sahədə birgə layihələr planlaşdırılırmı?

- Bu yaxınlarda Azərbaycanda Niderland səfirliyinin açılması ikitərəfli əməkdaşlığın inkişafında növbəti addımdır. Səfirlik geniş fəaliyyət spektrinə malikdir və biz ümid edirik ki, münasibətlərimiz bütün sahələrdə dərinləşəcək. Mənim səfərim bundan sonrakı əməkdaşlıqda marağımızı göstərir.


- Məhkumların və saxlanılan şəxslərin mübadiləsi üzrə razılaşma varmı?

- Xeyr. Hələlik belə bir razılaşma yoxdur.


- Niderlandda nə qədər azərbaycanlı cəza çəkir və Azərbaycanda cəza çəkən Niderland vətəndaşı varmı?

- Hazırda 6 Azərbaycan vətəndaşı Niderlandda həbsdədir. Onlardan 4-ü əcnəbilər üçün cəzaçəkmə yerlərindədir, 1-i isə məhkəmənin qərarına qədər saxlanılıb. Azərbaycanda hər hansı Niderland vətəndaşı saxlanılmayıb.


- Azərbaycanın penitensiar müəssisələri Avropa standartlarına cavab verirmi?

- Dediyim kimi, mən Bakı İstintaq Təcridxanasına getməyi və məhkumların saxlanma şəraiti ilə tanış olmağı planlaşdırıram. Bir sıra problemlər həll olunmamış qalsa da, biz Azərbaycan hökumətinin yeni saxlanma mərkəzləri inşa etməklə məhbusların məişət şəraitinin yaxşılaşdırılması istiqamətində cəhdlərini dəstəkləyirik.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 618

Oxşar yazılar