Eldar Sabiroğlu: “Ohanyan qazanın ağzını əməlli-başlı açıb” – ŞƏRH
20 iyul 2010 16:30 (UTC +04:00)

Eldar Sabiroğlu: “Ohanyan qazanın ağzını əməlli-başlı açıb” – ŞƏRH

“Uğursuz cəhdləri davam etdirmək yalnız Ermənistanın ziyanına işləyə bilər”

Azərbaycan Müdafiə Nazirliyi Mətbuat Xidmətinin rəisi polkovnik-leytenant Eldar Sabiroğlu Ermənistanın müdafiə naziri Seyran Ohanyanın “İnterfaks” agentliyindəki müsahibəsini şərh edib. Bu barədə Lent.az-a nazirliyin Mətbuat Xidmətindən məlumat verilib.

Şərhdə əvvəlcə müsahibədəki sualların qoyuluşunun erməni naziri məmnun etməsinə diqqət çəkilib: “Etiraf etmək lazımdır ki, çox isti bir münasibətlə verilmiş suallardır. Bu, agentliyin öz işidir. Biz bu özəlliyin dərinliyinə varmaq istəmirik. Mahiyyətə gəldikdə isə nazir Seyran Ohanyanın regiondakı vəziyyətə, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı yanaşmaları məni heyrətləndirmədi. Eyni şeylər onun dilindən dəfələrlə səsləndirilib. Bircə fərq ondan ibarətdir ki, erməni nazir bu dəfə Rusiyanın və Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının Ermənistana verdiyi güvəncəni daha acıq və daha yuxarı tonda ifadə edib. Bununla o, belə demək mümkünsə, qazanın ağzını əməlli-başlı açıb.
Bütün bunlara rəğmən deməliyik ki, Cənubi Qafqazda sakitliyin bərqərar olması üçün Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həlli təkzibedilməz faktdır. Bunun başqa yolu yoxdur. İşğalın aradan qaldırılması nə qədər yubanacaqsa, bölgədə vəziyyət də bir o qədər mürəkkəb şəkil alacaq. Seyran Ohanyan hər şeydən danışır, nədənsə münaqişənin həlli üçün Madrid prinsiplərini dilinə gətirmir. Səbəbi bəllidir. İşğalçı siyasət Ermənistanın hakim dairələrinin şüurundan silinib getməyincə münaqişənin həllində sülh variantı arxa planda dayanacaq”.

Eldar Sabiroğlu qeyd edib ki, Seyran Ohanyan bu müsahibəsində də Azərbaycanın müdafiə büdcəsinin 2 milyard dollara çatdırıldığını böyük narahatlıqla vurğulamaqla yanaşı Azərbaycanı militarist siyasətdə günahlandırır: “Adi məntiq belə bu iddianı büsbütün rədd edir. Ona görə ki, Azərbaycan kimsənin bir qarış torpağını, o cümlədən də Ermənistanın ərazisini işğal etməyib. İşğal olunan Azərbaycan torpaqlarıdır. Öz torpaqlarını işğaldan azad edilməsi üçün hansısa məqbul yolu seçmək Azərbaycanın suveren hüququdur. Ermənistan 20 ildir ki, təcavüzü davam etdirir. Bir milyondan çox azərbaycanlının yurd-yuvası bu işğal nəticəsində darmadağın edilib. Saysız-hesabsız maddi mədəniyyət abidələri, qəbiristanlıqlar yerlə-yeksan olub. Bunu bütün dünya bilir. BMT-nin Təhlükəsizlik Şurasının məlum dörd qətnaməsi, Avropa İttifaqının və Avropa Şurasının Ermənistanın işğalçı siyasətini hədəfə alan qətnamələri bu gün hansı dövlətin təcavüzkar olduğunu və məkrli siyasət yürütdüyünü aydın şəkildə sübut edir. Əlbəttə ki, erməni nazir bunlardan danışa bilməz. Ona görə ki, bu haqsız siyasətdə, tökülən qanlarda, Xocalı qətliamında onun rolu az olmayıb. Görünür, bunlar ona azlıq edir. Ona görə də yenə eyni davranışı nümayiş etdirir. Hər şey göz önündədir. Azərbaycanın ərazi bütövlüyündən kənarda Dağlıq Qarabağın həlli məsələsi qeyri mümkündür. Bunu Azərbaycan Prezidenti cənab İlham Əliyev bir daha acıq şəkildə bəyan etdi. Beynəlxalq hüquq da bunu inkar etmir. Erməni nazir yaxşı bilməlidir ki, Dağlıq Qarabağı müstəqil qurum kimi heç bir beynəlxalq təşkilat və dövlət tanımayacaq. Bu, absurddur. Uğursuz cəhdləri davam etdirmək yalnız Ermənistanın ziyanına işləyə bilər”.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 447

Oxşar yazılar