Azərbaycan diasporundan ABŞ Konqresinə etiraz
02 iyul 2010 11:29 (UTC +04:00)

Azərbaycan diasporundan ABŞ Konqresinə etiraz

Buna səbəb ABŞ-ın erməni separatçılarına 10 milyon yardım ayırmasıdır

Azərbaycan-Amerika Şurası (AAŞ) və Amerika-Azərbaycan Cəmiyyəti (AAC) ABŞ Nümayəndələr Palatası Təxsisatlar Komitəsinin xarici dövlət əməliyyatları üzrə alt komitəsinin 30 iyun 2010-cu il tarixli iclasında 2011-ci maliyyə ilinin büdcəsinin bir hissəsi kimi separatçı “Dağlıq Qarabağ”a 10 milyon dollar həcmində birbaşa yardım ayrılmasına etirazını ifadə edib.


Bu barədə APA-nın Vaşinqton müxbiri xəbər verir.


“Bu 2010-cu maliyyə ilindəki göstəricidən 2 milyon dollar, 2009-cu ildəki göstəricidən isə 2 dəfə artıqdır. Alt komitə, həmçinin Ermənistana yardım qismində 44 milyon dollar ayrılmasını təqdir edib ki, bu da prezident Obama tərəfindən 2011-ci maliyyə ilin üçün təklif edilən həcmi ötür”, - deyə Azərbaycan diasporu bildirir.


Diasporun məlumatında qeyd olunur ki, ABŞ Konqresində atılan bu addım Erməni-Amerikan xüsusi maraqlar qrupunun təsiri altında atılıb. Bu addımın atılması ilə Ermənistan tərəfindən Azərbaycanın işğal edilmiş ərazilərində yaradılan tanınmamış qeyri-qanuni “Dağlıq Qarabağ” qurumuna yardım ayrılması nəinki dəstəklənir, hətta həcmi artırılır.


“Bu mövqe həm BMT üzvü olan Azərbaycanın ərazi bütövlüyün rəsmi tanınmasına dair ABŞ-ın rəsmi mövqeyinə ziddir, həm də ATƏT-in Minsk Qrupunun həmsədr ölkəsi kimi Ermənistan-Azərbaycan sülh danışıqları prosesində Amerikanın nüfuzunu aşağı salır. Ən mühüm olan odur ki, ABŞ iqtisadiyyatın bərpa və işsizlik problemi yaşadığı bir dövrdə Amerika qanunvericiləri marionet hökumətə əhəmiyyətli dərəcədə yardım edir, öz yurd-yuvalarına qayıda bilməyən 800 mindən çox azərbaycanlı məcburi köçkünün əzabını daha da artırır”.


Azərbaycan diasporuna görə, qondarma “Dağlıq Qarabağ” rejiminə ünvanlı maliyyə yardımının ayrılması barədə qərar ABŞ-ın regionda maraqlarına mənfi təsir göstərir: "ABŞ-ın yüksək vəzifəli şəxsləri hesab edirlər ki, Azərbaycan ərazisi Əfqanıstanda həyata keçirilən müvəffəqiyyətli hərbi əməliyyatların mühüm komponentlərindən biridir. Azərbaycan son 9 il ərzində Əfqanıstan, İraq və Kosovoda həyata keçirilən hərbi əməliyyatlarda ABŞ-ı tam dəstəkləyib, bu əməliyyatlarda iştirak üçün hərbçilər göndərib. Azərbaycanın ABŞ-ın Şərqi Avropa və Cənub-Qərbi Asiyada təhlükəsizliyin təmin edilməsi əməliyyatlarına göndərdiyi qüvvələrin sayı Ermənistanın göndərdiyi qüvvələrin sayını ötür, lakin ABŞ qanunvericiləri yalnız Erməni-Amerika xüsusi maraqlarını dəstəkləyir”.


Azərbaycan diasporu bütün aidiyyəti olan amerikanlar adından ABŞ qanunvericilərini həddindən artıq fanatik etnik lobbilərin təsiri altında milli maraqları qurban verməməyə çağırıb.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 364

Oxşar yazılar