Bolqarıstan prezidentinin Azərbaycana səfəri başlayır
30 iyun 2010 10:00 (UTC +04:00)

Bolqarıstan prezidentinin Azərbaycana səfəri başlayır

Bu gün Bolqarıstan prezidenti Georgi Pırvanovun Azərbaycana iki günlük rəsmi səfəri başlayır.


APA-nın məlumatına görə, səfər Azərbaycan prezidenti İlham Əliyevin dəvəti ilə gerçəkləşir.


Bolqarıstan prezidenti Bakıda aparacağı danışıqlarda Azərbaycan tərəfi ilə enerji sahəsində əməkdaşlıq məsələlərini müzakirə edəcək. Diqqət mərkəzində olacaq əsas məsələlərdən biri iki ölkənin iştirakı ilə strateji enerji layihələrinin hazırlanması və həyata keçirilməsidir. Səfər sabah başa çatacaq.


Xatırladaq ki, Azərbaycan prezidenti İlham Əliyev 2009-cu il noyabrın 13-də Bolqarıstanda rəsmi səfərdə olub. Səfər zamanı iki ölkə arasında “Azərbaycan Respublikasının Sənaye və Energetika Nazirliyi və Bolqarıstan Respublikasının İqtisadiyyat, Enerji və Turizm Nazirliyi arasında əməkdaşlıq haqqında Memorandum”u və “Bolqarıstanın “Bulqartransqaz” şirkəti (“Bulqarqaz” şirkətinin törəmə müəssisəsi) və Azərbaycan Respublikası Dövlət Neft Şirkəti arasında təbii qazın nəqli sahəsində qarşılıqlı Anlaşma Memorandumu” imzalanıb.


Bolqarıstan mətbuatının yazdığına görə, imzalanan memorandum 2011-2012-ci illərdə Azərbaycandan Bolqarıstana ən azı 1 milyard kubmetr qaz nəqlini nəzərdə tutur. Memorandumun imzalanması Bolqarıstana enerji resurslarının nəqlinin təhlükəsizlik səviyyəsini artıracaq və enerji mənbələrinin diversifikasiyasına imkan verəcək. Bu sənəd əsasında Azərbaycan Dövlət Neft Şirkəti və «Bulgartransgaz»ın iştirakı ilə birgə müəssisənin yaradılması planlaşdırılır. Sözügedən birgə müəssisə Azərbaycandan Bolqarıstana təbii qazın çatdırılması, Bolqarıstanın «Nabucco» qaz kəməri vasitəsilə almaq hüququna malik olduğu təbii qaz kvotası üçün resursların tapılması, həmçinin Qara dəniz vasitəsilə tankerlərlə daşınan sıxılmış qazın tranziti imkanlarını öyrənməyi nəzərdə tutur.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 438

Oxşar yazılar