Hərbi Doktrinaya Türkiyənin adının salınması təklif olundu
08 iyun 2010 17:15 (UTC +04:00)

Hərbi Doktrinaya Türkiyənin adının salınması təklif olundu

Milli Məclisdə Azərbaycanın Respublikasının Hərbi Doktrina layihəsinin müzakirələri davam edir.


Lent.az-ın məlumatına görə, çıxış edən millət vəkili Zahid Oruc Hərbi Doktrinanı “Azərbaycan torpaqlarını işğal olunmuş torpaqlarını azad edən Doktrina” adlandırıb. O, layihəni təqdir edərək təklif edib ki, Türkiyənin adı Azərbaycanla hərbi siyasi təhlükəsizlik sahəsində əməkdaşlıq edən bir ölkə kimi Hərbi Doktrinaya salınsın.


Spiker Oqtay Əsədov isə onunla razılaşmayıb. O deyib ki, Azərbaycan heç bir bloka qoşulmayan ölkədir, öz müstəqil siyasəti var: “Türkiyənin adını orada yazmaqla blok yaratmış oluruq”.


Millət vəkili Aydın Mirzəzadə deyib ki, Hərbi Doktrina peşəkarcasına hazırlanmış bir layihədir.


Millət vəkili Azay Quliyev də layihənin mükəmməl hazırlandığını, onun qəbuluna səs verəcəyini bildirib.

Müzakirələr davam edir.
Qeyd edək ki, müdafiə xarakterli olan Hərbi Doktrina sənədi 7 fəsil və 75 bənddən ibarətdir. Sənəddə şəxsiyyət, cəmiyyətin və dövlətin mühafizəsindən söhbət gedir. Layihədə regiondakı hərbi təhdidlər, hərbi təcavüz faktları, sürətlə silahlanma, Ermənistanın Azərbaycana təcavüzü, onun yaratdığı reallıqlar, Azərbaycan Silahlı Qüvvələrinin bununla bağlı qarşısında dayanan vəzifələr, eyni zamanda hərbi quruculuğun gələcək strategiyası, beynəlxalq hərbi əməkdaşlıq, hərbi əlaqələr, Azərbaycanın ikitərəfli beynəlxalq hərbi müqavilələri və digər məsələlər öz əksini tapıb. Azərbaycanın regionda hansı məsələləri özünə təhdid sayması göstərilib. Həmçinin Ermənistan təcavüzkar tərəf kimi göstərilib və işğalı öz əksini tapıb.

Pərvin ABBASOV
# 314

Oxşar yazılar