Almaniya Qarabağdakı qondarma seçkini tanımır
05 iyun 2010 19:00 (UTC +04:00)

Almaniya Qarabağdakı qondarma seçkini tanımır

Federal Hökumət Dağlıq-Qarabağda mövcud olan rejimin nümayəndələri və oradakı “parlament”lə əlaqə saxlamayacaq

Almaniyanın Xarici işlər Nazirliyi Bundestaqın solçular fraksiyasının mayın 23-də Azərbaycanın işğal olunmuş ərazilərində keçirilmiş qondarma “parlament seçkiləri”nin beynəlxalq hüquq baxımından legitimliyinin necə qiymətləndirməsinə dair federal hökumətə ünvanladığı sorğuya cavab verib.


Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, sorğunu Almaniyanın xarici işlər nazirinin müavini Verner Hoyer cavablandırıb. Rəsmi cavabda bildirilir ki, AFR Federal Hökuməti nə Dağlıq-Qarabağda mövcud olan rejimi nə də onun tərəfindən həyata keçirilən seçkiləri tanıyır. Cavabda daha sonra vurğulanır ki, Federal Hökumət, həmçinin gələcəkdə də Dağlıq-Qarabağda mövcud olan rejimin nümayəndələri və yaxud oradakı “parlament”lə heç bir əlaqə saxlamayacaq.


Xatırladaq ki, 2009-cu ilin 14 may tarixində Almaniya Federativ Respublikasının Bundestaqında “Cənubi Qafqazda təhlükəsizlik, stabillik və demokratiyanın gücləndirilməsi” adlı qətnamə qəbul olunub. Bu qətnamə ilə parlamentli respublika olan AFR-in ən ali orqanı Almaniya Bundestaqı hər üç Cənubi Qafqaz dövlətinin ərazi bütövlüyünü tanımış və regiondakı münaqişələrin həlli məsələsində dövlətlərin suverenliyi, onların razılığı olmadan sərhədlərin dəyişdirilməsinin yolverilməzliyi kimi beynəlxalq hüququn əsas prinsiplərini üstün tutmuşdu.


Qətnamədə Almaniya Bundestaqı Almaniya hökumətini “Dağlıq Qarabağ münaqişəsi ilə bağlı BMT qətnamələri, eləcə də Avropa Şurası və ATƏT-in qərar və qətnamələrinin bütün tərəflər tərəfindən yerinə yetirilməsi üçün bütün səylərini səfərbər etməyə” çağırmışdı. Almaniya Bundestaqı hökumətdən eyni zamanda “Cənubi Qafqazdakı münaqişələrin həlli üçün göstərilən səylər çərçivəsində bütün qaçqın və məcburi köçkünlərin vətənlərinə qayıtması da daxil olmaqla, qaçqınlar məsələsinin həlli ilə bağlı fəallığı artırmağı tələb edib”.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 358

Oxşar yazılar