Dağlıq Qarabağ üçün Kataloniya təcrübəsi - MODEL
03 iyun 2010 15:00 (UTC +04:00)

Dağlıq Qarabağ üçün Kataloniya təcrübəsi - MODEL

Avropa ölkələri ard-arda Kosovonun müstəqilliyini tanıdıqlarında, buna qarşı çıxan ölkələrdən biri İspaniya oldu. Çünki İspaniyanın özündə bir neçə bölgə var ki, Kosovonun müstəqilliyi onlar üçün pis örnək ola bilər. Bask və katalon bölgələr Madridin əsas başağrısıdır.

Muxtariyyətə aparan yol

Kataloniya İspaniyada geniş muxtariyyətə malik bölgədir. Təxminən 32 min kvadrat kilometr ərazisi və 7 milyon əhalisi (bu, İspaniya əhalisinin 15 faizidir) olan Kataloniyanın paytaxtı Barselona şəhəridir.

Katalonların Şimali Afrikanın iberlər tayfasından formalaşdığı və eramızdan 700 il əvvəl Afrika qitəsindən İspaniyaya köçərək indiki Barselonanın ətrafında məskunlaşdıqları bildirilir. Bizim eranın 414-cü ildə vestqotlar İspaniyanın şimalını ələ keçirərkən, bölgəyə Qotaloniya adı verirlər. 1808-1804-cü illərdə Kataloniya Fransa müstəmləkəçiliyinə qarşı qiyam qaldırır. Napoleonun qoşunları Kataloniyaya daxil olaraq, Barselonanı dağıdırlar.

Kataloniya 1833-cü ildə sənaye inkişafına baş vurur. İspaniyada ilk dəmir yolu 1848-ci ildə Kataloniyada istifadəyə verilir. Bu illərdə Kataloniyada sənət, ədəbiyyat və mədəniyyətin digər sahələri sürətlə inkişaf edir.

Kataloniya 1871-ci ildə İspaniyadan ayrılmağa çalışır, ancaq uzun danışıqlardan sonra İspaniya krallığının tərkibində qalmağa davam edir. 1898-ci ildə ABŞ-la müharibədə müstəmləkələri - Kuba və Puerto-Rikonu itirən İspaniya krallığının tənəzzül dövrü başlayır və bu, Kataloniyaya da sirayət edir.

Kataloniyada 1914-cü ildə yerli özünüidarə şurası formalaşır. Şuranın müstəqilliyə çalışmasının qarşısı İspaniyanın o zamankı diktatoru Primo de Rivera tərəfindən alınır. Kataloniya ilk dəfə İspaniya Respublikasının tərkibində 1932-ci ildə muxtariyyət statusu qazanır. Ancaq Kataloniya faktiki bu statusdan bəhrələnə bilmir. Çünki 1936-cı ildə İspaniyada vətəndaş müharibəsi başlayır. Diktator Frankonun silahlı qüvvələri 1939-cu ildə Barselonaya daxil olaraq, yerli respublikaçılara divan tuturlar. Kataloniya muxtariyyət hökumətinin başçısı Luis Kompanis edam edilir. 1977-ci ildə Frankonun ölümündən sonra İspaniyada referendum keçirilir və referendumun nəticəsinə görə İspaniya yenidən konstitusiyalı monarxiya sisteminə qayıdır. Kataloniya ikinci dəfə 1979-cu ildə muxtariyyətinə qovuşur. Kataloniyada 1980-ci ildə keçirilən parlament seçkilərində Jordi Pujol muxtar bölgənin baş naziri seçilir. Kataloniya Parlamenti 135 deputatdan formalaşır. Kataloniya prezidentini dörd ildə bir dəfə parlament seçir.

Əhalisinin əksər hissəsi katalonlardan formalaşan bölgədə iki rəsmi dil var: katalon və ispan dili. Katalon dili roman dil qrupuna aiddir, ispan dilindən fərqlənir. Kataloniyanın dövlət universitetlərində və məktəblərində təhsil katalon dilində aparılır. Yaşayış məntəqələrinin əksəriyyəti katalon mənşəlidir.

Kataloniya İspaniya ilə qarşıdurmadan çəkinir

Kataloniya iqtisadi nöqteyi-nəzərdən İspaniyanın ən inkişaf etmiş bölgəsi sayılır. Kataloniya İspaniya milli daxili məhsulunun 23 faizini verir. Kataloniyanın milli daxili məhsulunun həcmi Finlandiya və Danimarkanın milli daxili məhsulunun həcmi qədərdir. Adambaşına düşən milli daxili məhsul isə Almaniyadakı kimidir. İspaniyanın kimya, maşınqayırma və tikiş sənayesinin böyük hissəsi Kataloniyada yerləşir. Yeraltı sərvəti olmayan Kataloniyada kənd təsərrüfatına əhalinin cəmi 2 faizi cəlb olunub.

Göründüyü kimi, Kataloniya iqtisadi baxımdan inkişaf etdiyindən bölgənin siyasi dairələrində muxtariyyətin artırılması mövzusu daima gündəm mövzusudur. 2003-cü ildə Paskual Maraqall Kataloniyanın prezidenti seçildikdən sonra seçicilərə bölgənin statusunu dəyişdirəcəyini vəd edir. Bu vəddən bir il sonra işçi komissiya təsis edilərək yeni status üzərində çalışmalara başlanılır. 2005-ci ildə Kataloniya parlamenti böyük səs çoxluğu ilə Kataloniyanın yeni status mətninə səs verir. Bu sənəd İspaniyanın müvafiq orqanlarına göndərilir. Kataloniyanın yeni statusu İspaniyanın dövlət və ictimai dairələrində geniş müzakirə mövzusuna çevrilir. Mərkəz muxtar bölgənin daha böyük status istəyini etirazla qarşılayır. Yeni status sənədindəki maddələrin İspaniya Konstitusiyası və qanunlarına zidd olduğu vurğulanır. Kataloniya rəhbərliyinə zidd maddələri dəyişdirməsi tövsiyə edilir.

Bu arada, İspaniyanın şəhərlərində ölkənin bütövlüyü uğrunda mitinqlər düzənlənir. İspaniya müxalifəti Kataloniyanın istəyinə yumşaq münasibət göstərdiyinə görə baş nazir Rodriqes Sapaterorunu tənqid edir. Müxalifət liderlərindən Marinao Rahoy baş nazirə müraciətində bunları deyirdi: “Siz İspaniyanı hara apardığınızı bilmirsiniz. İspaniyanın dağılması təhlükəsi astanasındayıq. Bu yolun sonu yoxdur”.

Vəziyyət böhtanlı nöqtəyə gəlməsin deyə, Kataloniyanın yeni status layihəsinə qarşılıqlı razılaşma əsasında müvafiq düzəlişlər edilir. 18 iyun 2006-cı ildə Kataloniyada referendum keçirilir. Referenduma marağın az olmasına baxmayaraq, sənəd bəyənilir. Bununla da Kataloniyanın muxtar statusu bir qədər də artırılır.

Yeni status anlaşmasına görə, Kataloniya ilə İspaniya arasında səlahiyyət bölgüləri dəqiqləşdirilir. Madrid üzərinə Kataloniya hökumətinin səlahiyyətinə daxil olan məsələlərə qarışmamaq öhdəliyi götürür. Kataloniya geniş iqtisadi səlahiyyətlər qazanır. Bölgədə yığılan verginin tən yarısı Kataloniyada qalır. Hava və dəniz limanları, telekomunikasiya sahələri, daxili təhlükəsizlik, ədliyyə sistemi Kataloniya hökumətinin səlahiyyəti çərçivəsinə daxil edilir.

Kataloniyaya verilən bu geniş səlahiyyətlərə baxmayaraq, ara-sıra müstəqillik çağırışları da eşidilir. Məsələn, 13 dekabr 2009-cu ildə Kataloniyada qeyri-rəsmi referendum keçirilir. Referenduma qatılanların 94 faizi bölgənin müstəqilliyinə səs verir. Ancaq bu referenduma katalonlar arasında dəstək qazanmır. Buna misal kimi qeyri-rəsmi referenduma əhalinin cəmi 30 faizinin qatıldığını göstərmək kifayətdir.

Kataloniyanın müstəqllik tərəfdarları arasında məşhur simalar da var. Bunların arasında məşhur futbol klubu “Barselona”nın prezidenti Huan Laportanın adını çəkmək olar. Laporta futbol klubunun prezidentliyini tərk etdikdən sonra siyasi partiya təsis edəcəyini söyləyib. Laporta yeni siyasi qurumun əsas məqsədi kimi Kataloniyanın İspaniyadan ayırmasında gördüyünü deyib. Əvvəllər də separatçı şüarlarla çıxış edən Laporta İspaniyanın tərkib hissəsi olan Kataloniyanın müstəqilliyi uğrunda fəaliyyət göstərən insanları dəstəklədiyini heç zaman gizlətməyib.

Kataloniyanın iqtisadi müstəqilliyi Dağlıq Qarabağa uyğundur

Kataloniyanın statusu və status ətrafındakı müzakirələrin Dağlıq Qarabağ üçün mühüm dərsləri ola bilər. Birincisi, Dağlıq Qarabağdan fərqli olaraq Kataloniya varlı bölgədir və məhz daha çox maliyyə resurslarına nəzarət etmək üçün Kataloniya hər dəfə statusunun artırılmasına çalışır. Dağlıq Qarabağın isə gələcəkdə, əksinə, əlavə maliyyə resurslarına ehtiyacı olacaq. Başqa sözlə, əslində Dağlıq Qarabağın “müstəqilliyə” deyil, Azərbaycanla bağlığına ehtiyacı var ki, daha çox maliyyə vəsaitinə yiyələn bilsin və bu yekun status anlaşmasında da yer alsın. İspaniyanın Kataloniyaya verdiyi iqtisadi müstəqilliyi Azərbaycan da Dağlıq Qarabağa verməyə hazırdır.

Kataloniya İspaniyadan daha çox müstəqilliyə can atsa da, bunu Madridlə müzakirə şəklində həyata keçirir. Kataloniya yeni statusla bağlı anlaşmanın mətnini Madridə göndərir və qarşılıqlı anlaşma şəraitində ziddiyyətli maddələrdən imtina edilir. Yəni Kataloniya yeni genişləndirilmiş statusunu mərkəzin xeyir-duası ilə əldə edir. Bu muxtar bölgə ilə mərkəz arasındakı münasibətlərə örnək olacaq davranışdır.

Bir çox şeyləri iqtisadi rifah amili yoluna qoyur. Kataloniya və katalonların iqtisadi müstəqillikləri yüksək səviyyədədir ki, onların böyük əksəriyyəti bölgənin siyasi müstəqilliyinə maraq göstərmir. Anlayırlar ki, müstəqillik uğrunda mübarizə onların indiki rifah halının üstündən xətt çəkə bilər.

“Atlas” Araşdırmalar Mərkəzi
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 541

Oxşar yazılar