Hulusi Kılıc: “İsrail dövlət terroru həyata keçirir” – MÜSAHİBƏ
02 iyun 2010 19:00 (UTC +04:00)

Hulusi Kılıc: “İsrail dövlət terroru həyata keçirir” – MÜSAHİBƏ

Türkiyənin Azərbaycandakı səfiri Hulusi Kılıçın APA-ya müsahibəsi


- Qəzzaya humanitar yardım aparan gəmilərin İsrail ordusunun hücumuna məruz qalması dünya miqyasında böyük rezonansa səbəb oldu. Bu haqda nə deyə bilərsiniz?


- Bütün dünya bilir ki, türk xalqı ilə yəhudi xalqı dostdur. Bu dostluq əsrlərə söykənir. 1490-cı ildə yəhudilər İspaniyadan qovulanda türklər onlara qucaq açıb. Uzun illər türk torpaqları yəhudilər üçün təhlükəsiz ərazi olub. Bundan başqa, faşistlərdən qaçan yəhudilərin bir qismini də türklər, türk diplomatları xilas edib. Yəni bizim yəhudilərlə kökü yüzillərə söykənən dostluğumuz var. Bu dostluq davam edəcək. Biz dost olaraq qalacağıq, dost olaraq yaşayacağıq. İsrail xalqı, yəhudi xalqı ilə ən kiçik problemimiz belə yoxdur. Onlar bizim dostlarımızdır. Hər şeydən əvvəl bunu demək istəyirəm.


Sonuncu hadisəyə gəlincə, bu, insanlıq tarixində qara bir gündür. Kaş bunlar heç olmayaydı. İnsanlıq və bəşər vicdanı böyük zərər gördü. Əvvəlcə bu 6 gəminin nə daşıdığına baxaq. Bu gəmilər Qəzzada 35 aydır, girov qalan insanlara ərzaq, uşaqlara oyuncaq, xəstələrə dərman, inşaat materialları daşıyırdı. Qəzza orada yaşayan insanlara aiddir, İsrailə aid deyil. Oradakı insanlara yardım aparılıb. Bu yardımı aparanlar isə qeyri-hökumət təşkilatlarıdır. Bu, Türkiyə dövlətinin, hökumətinin nəzarətindən kənarda olan QHT-lərin irəli sürdüyü təşəbbüsdür. Orada 32 ölkənin vətəndaşları var. 600 sərnişinin arasında yaşlılar, uşaqlar, qadınlar, din adamları, siyasətçilər, jurnalistlər olub. Bu gəmilər açıq dənizdə, beynəlxalq sularda hərəkət edirdi, İsrailin ərazi sularından 72 mil məsafədə idi. Ora hər kəs üçün açıq bölgədir. Somali dəniz quldurları kimi mülki gəmiyə hücum edilib, gəmi kapitanının ağ bayraq qaldırmasına baxmayaraq, insanlar öldürülüb. Sülh üçün, humanitar yardım üçün o gəmidə olan insanlar öldürülür, yaralanır və sorğuya çəkilir. Bundan sonra isə qəribə açıqlamalar verilir. Mən bu açıqlamalara görə çox üzüldüm. Bunlar insanı məsxərəyə qoyurlar. Çünki oradakı insanlar radikal islam təşkilatlarının üzvləri deyil, humanitar yardım aparan könüllülərdir. Bunu bütün dünya bilir. Bu gəmilər silah yox, humanitar yardım daşıyırdı. İsrail hökumətinin açıqlaması utanc vericidir. Verdikləri açıqlama ilə qanunsuz, qeyri-hüquqi hərəkətlərinə haqq qazandırmaq istəyirlər. Kimi aldatdıqlarını hesab edirlər?


- İsrail hökuməti hadisəni əsgərlərin özünü müdafiəsi kimi qiymətləndirib.


- Əsgərlər özlərini nə ilə müdafiə edirdilər? Əvvəlcə onu desinlər. İsrail hərbçiləri helikopterlərlə, sahil hücum qayıqları ilə silahsız, dinc insanlara hücum ediblər. Bu, dəniz quldurluğudur. Bunu izah etmək mümkün deyil. Özlərini çox gülünc vəziyyətə salırlar, yalan danışırlar. Nədən qorxurlar? Oraya aparılan yardımı niyə qəbul etmirlər? Biz tarix boyunca yəhudi millətinin çəkdiyi acılara, əzablara üzülmüşük, kədərlərini bölüşmüşük. Onlar indi özlərinə qarşı edilən hərəkətləri başqalarına qarşı edirlər. Bu gün faşistlərin hərəkətləri təkrarlanır. Qəzzadakı insanların da insan kimi yaşamaq haqqı var. Oradakı uşaqlar uşaq kimi yaşamalıdırlar. Oranı bir qapalı həbsxanaya çevirmək olmaz. İsrail 35 aydır dünyanın gözü önündə zorakılıq edərək insan hüquqlarını, beynəlxalq hüquq qaydalarını pozur, Qəzza xalqına embarqo tətbiq edir və Qəzzanı mühasirədə saxlayır. Mən bunların İsrail xalqı tərəfindən xoş qarşılanmadığını düşünürəm. Bu, tamamilə dövlətin səhvidir. 62 ildir İsrail dövləti mövcuddur. Bölgədə yeganə dostu Türkiyə idi, onunla da münasibətləri pozmaq üçün bu əməlləri törətdilər. 62 ildir bölgədə sülh, əmin-amanlıq yoxdur. Niyə İsrail xalqı sakitlik içində yaşamasın? Terrordan çox əziyyət çəkiblər, amma indi özləri dövlət terroru həyata keçirirlər. Bütün dünya bunu belə qiymətləndirir. Mən şəxsən deyirəm ki, İsrail xalqı bunu qəbul etməz. İsrail xalqı sağlam fikirli xalqdır. “Tövrat”da deyilir ki, bir insanı öldürmək insanlığı öldürməkdir. Onlar bu hadisə ilə insanlığı Aralıq dənizinin dibinə batırdılar. İnsanlıq çox böyük yara aldı. Beynəlxalq sularda hərəkət edən gəmiyə hücum edildi. Beynəlxalq hüquq heçə sayıldı.


- Dünya ictimaiyyətinin hadisəyə reaksiyası sizi qane edirmi?


- Dünya ictimaiyyətinin reaksiyası gündən-günə artır. Hadisənin dəhşətini hələ yeni dərk
edirlər. Gözlənilən reaksiya tam verilməsə də, bunun veriləcəyinə inanıram. Ağlı və vicdanı olan hər kəs buna reaksiya verməlidir. Bundan başqa, sanksiyalar tətbiq olunmalıdır. Sanksiyalar tətbiq olunmasa, bunu BMT-dən soruşmaq lazımdır. Avropa Birliyi, Avropa Şurası da ciddi düşünməlidir. O insanları ən qısa müddətdə mühasirədən çıxarmaq lazımdır. Qarşıdakı günlərdə İslam Konfransı Təşkilatının toplantısı keçiriləcək. NATO Şurasının növbədənkənar iclası çağırıldı. Bir daha təkrar edirəm ki, bu hadisənin məsuliyyəti birbaşa İsrail hökumətinin üzərinə düşür. Bu hadisənin baş verməsinə səbəb olan İsrail hökumətidir. Biz hadisəni şiddətlə qınayırıq, humanitar yardım və sülh üçün gedənlər cəsəd torbasında qayıtmamalı idi. Bu, çox qorxunc hadisədir. Günahsız insanlar öldürülüb. İnsanlıq böyük bir yara alıb.


- İsrailin dəfələrlə xəbərdarlıq etməsinə baxmayaraq, yardım kampaniyasını həyata keçirənlər fikirlərindən dönmədilər. Bu israrın səbəbi nə idi? İsrailin belə reaksiya verəcəyi təxmin edilirdimi?


- Bu israrın səbəbi günahsız insanlarla həmrəylik, insanpərvərlik, mərhəmət, vicdandır. Onlar insanlığın ölmədiyini göstərmək, insani vəzifələrini yerinə yetirmək istəyirdilər. İnsani yardıma qarşılıq olaraq insani münasibət və hərəkət gözləyirdilər. Hamısının tək ümidi o idi. Onlar da dəfələrlə səfərlərinin məqsədini, yüklərinin nə olduğunu, sərnişinlərin kimliyini açıqladılar. Gəmidəki yüklər aidiyyəti ölkələrin gömrük nəzarətindən dəfələrlə keçib. Bu bir insanlıq hərəkatı idi. Deməli, insanlıq var. İnsan hüquqlarını müdafiə edənlərdən soruşuram: görəsən indiyə qədər bu sahədə nə iş görüblər? Onların başına gəlsə, nə edərdilər? Yəhudi millətinin faşistlərdən nələr çəkdiyini hamı bilir və üzülür. Yəhudilər özləri üçün nə istəyirlərsə, başqaları üçün də onu istəsinlər. Bölgə barış bölgəsi olsun, dünyaya gələn uşaq sülh şəraitində yaşasın. Düşmənçiliklə heç nə əldə etmək mümkün deyil. Bunu yalnız İsrail-Türkiyə problemi kimi qiymətləndirmək doğru deyil. Bu, insanlıq problemidir. Biz uzun illərdir sülhün əldə olunmasına çalışırıq. Atatürkün dediyi kimi “yurdda sülh, cahanda sülh” prinsipi ilə yaşayırıq. İstəyirik ki, o bölgədə də sülh olsun. İndiyədək İsrailin dostu kimi yaşamışıq. İsraili ilk tanıyan dövlətlərdənik. Suriya ilə İsrail arasında vasitəçilik etdik. Biz sülh istəyirik, bunu hamı bilir. İndi bir çox bəhanə söyləyəcəklər. Ciddi dövlət ənənəsi olanlar yalan danışmaz, yalan danışmaq dövlət adamına yaraşmaz. Etdiklərinə haqq qazandırmaq üçün dedikləri yalanlara inanmırıq. Mətbuat diqqətli davranmalı, İsrailin vəzifəli şəxslərinin yalanlarını yazaraq onların təbliğat aləti olmamalıdırlar.


- Türkiyədə Fələstin məsələsinə sanki Qarabağ məsələsindən daha həssas yanaşılır...


- Qətiyyən belə deyil. Yaxın keçmişdəki həssaslığı hamı xatırlayır yəqin ki... Azərbaycan torpaqları işğala məruz qaldıqda türk xalqı və hökumətinin göstərdiyi sərt reaksiyanı o vaxtın insanları yaxşı xatırlayır. Bundan başqa, o vaxtlar Türkiyədən buraya gələrək yardım edən çoxlu sayda insan var. Türkiyə 17 ildir Ermənistanla sərhədi bağlayıb. Bunun önəmini yaxşı düşünüb qiymətləndirmək lazımdır...


Son olaraq bunu demək istəyirəm ki, İsrail hökuməti ciddi şəkildə düşünməli və ağıllı hərəkət etməlidir. Çünki bölgədəki yeganə dostu Türkiyədir, onu da itirməsin. İsrail ən qısa müddətdə beynəlxalq ictimaiyyətin gözlədiklərini yerinə yetirməli, yaralıları öz ölkələrinə göndərməli, həbs olunanları azad etməlidir. Yəhudi xalqı keçmişdə yaşadıqlarını unutmamalıdır.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 709

Oxşar yazılar