Tallində Azərbaycanla bağlı konfrans keçirilib
02 iyun 2010 16:45 (UTC +04:00)

Tallində Azərbaycanla bağlı konfrans keçirilib

Avropa Birliyi ölkələrinin parlamentlərindəki Azərbaycanla dostluq qruplarının məşvərət şurası yaradılır

Tallində “Avropa Birliyi ölkələri parlamentləri və Azərbaycan: Parlamentlərarası əməkdaşlığın inkişafı və AB ölkələri parlamentlərindəki Azərbaycanla dostluq qruplarının məşvərət şurasının təşkili” mövzusunda konfrans keçirilib. Tədbir Azərbaycan Diasporla İş üzrə Dövlət Komitəsinin (DİDK), Azərbaycanın Latviya Respublikasındakı Səfirliyinin, Estoniya Parlamenti və Azərbaycan-Estoniya Parlament dostluq qrupunun, həmçinin “Aydan” Eston-Azərbaycan Mədəniyyət Mərkəzinin birgə təşkilatçılığı ilə baş tutub.

Bu barədə Lent.az-a DİDK-in mətbuat xidmətindən məlumat verilib.

Konfransda Azərbaycan Prezident Administrasiyasının nümayəndəsi, Estoniya, Latviya, Litva Parlamentlərindəki Azərbaycanla dostluq qruplarının üzvləri, Azərbaycan Milli Məclisinin deputatları, QHT-lərin, bələdiyyələrin və Kütləvi İnformasiya Vasitələrinin təmsilçiləri iştirak edib. Toplantıda əsasən AB ölkələri parlamentlərindəki Azərbaycanla dostluq qruplarının məşvərət şurasının yaradılması məsələsi müzakirə edilib.

Konfransı Estoniya Parlamentinin vitse-spikeri Keit Pentus açıb.

Çıxış edən Estoniya Parlamentinin azərbaycanlı deputatı, buradakı Estoniya-Azərbaycan Dostluq qrupunun rəhbəri Eldar Əfəndiyev deyib ki, Baltikyanı ölkələrin və Azərbaycan parlamentləri arasında əlaqələrin normal olmasına baxmayaraq, perspektivli əməkdaşlıq sahəsində bəzi maneələr var: “Belə ki, parlamentlərarası işçi və dostluq qruplarının üzvlərinin seçildikləri dövrdə gördüyü işlər və reallaşdırılan layihələr sona çatmır, yəni parlamentlər qalır, amma deputat korpusu dəyişilir və bununla da ardıcıllıq pozulur. Bu maneəni aradan qaldırmaq üçün daimi fəaliyyət göstərən bir qurumun yaradılması məqsədəuyğun olardı”.

Konfransda Latviya parlamentinin deputatı, Azərbaycan Respublikasının parlamenti ilə əməkdaşlıq qrupunun üzvü Oskars Kastens, Estoniya deputatı, Avropa Birliyi İşləri üzrə komissiyanın üzvü, Avropa Şurası Parlament Assambleyasında Estoniya nümayəndə heyətinin üzvü Mailis Reps, Litva parlamentinin nümayəndəsi, Azərbaycan parlamenti ilə əməkdaşlıq qrupunun sədr müavini Arturas Melianas moderatorluq ediblər. Estoniya parlamentinin Xarici İşlər üzrə komissiyasının sədri müavini Enn Eesmaa öz çıxışında Avropa Parlamentinin qəbul etdiyi qərarı bir daha gündəmə gətirərək “Ermənistan ordusu işğal olunmuş Dağlıq Qarabağın ərazisindən və ətraf rayonlardan çıxarılsın” deyib. Bu məsələyə Baltik Assambleyasındakı Estoniya parlament qrupunun sədri Trivimi Velliste, Eston parlamentinin Avropa Birliyi ilə İşlər üzrə komissiyasının üzvü Mart Nutt, həmin komissiyanın sədr müavini Ester Tuikso, Estoniya Xarici İşlər Nazirliyi siyasb şöbəsinin müdiri Clyde Kull da öz çıxışlarında toxunub, fikirlərini bölüşüblər. Daha bir estoniyalı millət vəkili Vladimir Velman isə öz çıxışında Baltik Assambleyasının GUAM ölkələri ilə sıx əməkdaşlığını vacib saydığını bildirib. Azərbaycan Milli Məclisin deputatı Rövşən Rzayev öz çıxışında Azərbaycanın Avropa Birliyinə inteqrasiyasının vacibliyini vurğulayıb. O, Prezident İlham Əliyevin “Azərbaycanın həyatına Avropa kriteriyalarını daxil etmək vacibdir” fikrini toplantı iştirakçılara çatdırıb.

Konfransın ikinci hissəsində Azərbaycan Prezident Administrasiyasının İctimai-Siyasi məsələlər şöbəsinin müdir müavini Ərəstun Mehdiyev ölkəmizin Avropa Şurası qarşısında üzərinə götürdüyü öhdəliklərin yerinə yetirilməsi barədə toplantı iştirakçılarına məlumat verib. Latviyalı deputat, Azərbaycan parlamenti ilə əməkdaşlıq qrupunun sədri Oleg Denisov da Azərbaycanın Avropaya inteqrasiyası haqqında fikirlərini bölüşüb. Azərbaycan Diasporla İş üzrə Dövlət Komitəsinin şöbə müdiri Surəddin Hümbətov həm respublikamızın Avropaya inteqrasiyasına, həm də yeni yaradılan AB ölkələri parlamentlərindəki Azərbaycanla dostluq qruplarının məşvərət şurasının işinə diaspor təşkilatlarının verə biləcəyi tövhələrdən danışıb və bunun üçün diasporumuzun parlamentlərlə, həmçinin QHT-lərlə əməkdaşlığını vacib sayıb. Bu fikrə Azərbaycan Qeyri Hökumət Təşkilatları Forumunun sədri Rauf Zeyni də dəstək verib. Mövzu ilə bağlı “Litva-Azərbaycan” Assosiasiyasının sədr müavini, Litva Mədəniyyət Nazirliyinin nəzdindəki Milli İcmalar Şurasının sədr müavini İmantas Melianas, Avropa Azərbaycanlıları Konqresinin üzvləri Roman Əliyev və Niyazi Haciyev də çıxış ediblər. Tədbiri yekunlaşdıran Estoniya Parlamentinin vitse-spikeri Jüri Ratas konfransın əhəmiyyətini vurğulayıb və yeni yaradılan məşvərət şurasına uğurlar arzu edib. O əmin olduğunu deyib ki, məşvərət şurası səmərəli fəaliyyət göstərən daimi orqan kimi parlamentlərarası əməkdaşlığa real töhfələr verəcək. Qeyd edək ki, AB ölkələri parlamentlərindəki Azərbaycanla dostluq qruplarının məşvərət şurasına ilk olaraq Azərbaycan və Baltikyanı ölkələr daxildir. Gələcəkdə digər Avropa ölkələrinin də bu quruma qatılması nəzərdə tutulur.

Tədbir çərçivəsində həmçinin Baltikyanı dövlətlərin və Azərbaycanın QHT Forumları arasında birgə əməkdaşlıq haqqında anlaşma əldə olunub. Yaxın vaxtlarda bununla bağlı memorandum imzalanacaq.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 500

Oxşar yazılar