Millət vəkili Qənirə Paşayeva Qətərdə mühüm görüşlər keçirib
01 iyun 2010 12:00 (UTC +04:00)

Millət vəkili Qənirə Paşayeva Qətərdə mühüm görüşlər keçirib

Qətərin paytaxtı Dohada keçirilən 10-cu Doha Forumunda iştirak edən Azərbaycan Milli Məclisinin üzvü Qənirə Paşayeva forum çərçivəsində Qətər Dövlətinin Əmiri Şeyx Hamad Bin Jassim Bin Jabr AL-Thani ilə görüşüb. Millət vəkilinin Lent.az-a verdiyi məlumata görə, Azərbaycanla Qətər arasında yüksək səviyyədə əlaqələrin olduğunu deyən Şeyx Hamad Bin Jassim Bin Jabr AL-Thani iki ölkə arasında əməkdaşlığın daha da inkişafına və genişlənməsinə böyük önəm verdiklərini bildirib. Əmir Azərbaycan prezidenti İlham Əliyevlə dost münasibətlərinin olduğunu və bunu yüksək qiymətləndirdiyini vurğulayıb.

Ermənistanın Azərbaycan torpaqlarının 20 faizini hələ də işğal altında saxladığını, rəsmi İrəvanın 1 milyon azərbaycanlı qaçqın və məcburi köçkünün öz yurd yuvasına dönməsinə imkan vermədiyini vurğulayan millət vəkili Qənirə Paşayeva Qətər dövlətinin Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi istiqamətində Azərbaycanın mövqeyini və ədaləti dəstəkləməsinə görə Qətər Dövlətinin Əmirinə təşəkkür edib və bu dəstəyin gələcəkdə də yüksək səviyyədə davam edəcəyinə azərbaycanlıların inandıqlarını bildirib.

Millət vəkili forum çərçivəsində Finlandiya prezidenti Tarya Halonen ilə də görüşüb. Azərbaycan Finlandiya münasibətləri, qadınların cəmiyyətdə rolunun genişləndirilməsi və s. mövzular ətrafında fikir mübadiləsi aparılıb.

Makedoniya prezidenti Georgi İvanovla görüş zamanı Azərbaycanla əməkdaşlığın genişlənməsinə böyük önəm verdiyini deyən Makedoniya prezidenti bildirib ki, Azərbaycan və Makedoniyanın beynəlxalq arenada bir-birini qarşılıqlı dəstəkləməsi vacib və əhəmiyyətlidir. Millət vəkili Makedoniya prezidentinə Dağlıq Qarabağ münaqişəsi ilə bağlı məlumat verib və fikir mübadiləsi aparılıb.

Millət vəkili Ermənistanın BMT Təhlükəsizlik Şurası, İslam Konfransı Təşkilatı, Avropa Şurası Parlament Assambleyasının qətnamələrinə məhəl qoymayaraq işğal etdiyi Azərbaycan torpaqlarından geri çəkilmədiyini və 1 milyon azərbaycanlı qaçqın və məcburi köçkünün öz evinə qayıtmasına imkan vermədiyini vurğulayaraq, beynəlxalq ictimaiyyətin bununla bağlı Ermənistana təzyiqlərinin artmasının vacibliyini vurğulayıb.

Millət vəkili forum çərçivəsində həmçinin İordaniya kraliçası Rania, Polşanın keçmiş prezidenti Aleksandr Kvasnevski, Livanın sabiq prezidenti Amin Gemayel və Suriyanın sabiq iqtisadiyyat naziri ilə də görüşüb.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 694

Oxşar yazılar