“Sumqayıt - SSRİ-nin süqutunun başlanğıcı”
26 may 2010 17:00 (UTC +04:00)

“Sumqayıt - SSRİ-nin süqutunun başlanğıcı”

Məşhur vəkil Aslan İsmayılov prokuror olduğu vaxtla bağlı kitab yazıb

Bu gün məşhur vəkil, “VİZA” hüquq firmasının təsisçisi Aslan İsmayılovun müəllifi olduğu “Sumqayıt - SSRİ-nin süqutunun başlanğıcı” kitabının və “sumgayit1988.com” saytının təqdimat mərasimi keçirilib. Lent.az-ın məlumatına görə, mərasimdə millət vəkilləri, ziyalılar, bəzi dövlət qurumlarının nümayəndələri, media qurumlarının rəhbərləri iştirak edib.

Çıxış edən A.İsmayılov kitabın 1988-ci il fevralın 27-29-da baş verən hadisələrə həsr olunduğunu bildirib. Həmin işin dövlət ittihamını müdafiə edən prokuror olmuş A.İsmayılov həmin vaxt 33 cildlik işlə tanışlıqdan sonra artıq nələrin baş verdiyinə əmin olduğunu deyib: “İttiham aktıyla tanışlıqdan sonra bildim ki, bunun arxasında SSRİ “KQB”si və erməni millətçiləri durur”.

A.İsmayılovun sözlərinə görə, Sumqayıtda törədilən hadisələrin təşkilatçısı milliyətcə erməni olan Qriqoryan Eduard Robertoviç olub. Hadisələrin mərkəzində də o dururmuş. A.İsmayılov bildirib ki, sonradan Ermənistana köçən zərərçəkmişlərə erməni müstəntiqləri bir çoxt şəkillər göstəriblər. Zərərçəkənlər azərbaycanlıların şəkillərini görəndə “tanımıram”, “bəlkə də görmüşəm” və s. bu kimi cavablar versələr də, Qriqoryanın fotosunu gördükdə dərhal reaksiya verərək bu adamı tanıdıqlarını, bütün vəhşiliklərin başında məhz həmin şəxsin durduğunu deyiblər.

A.İsmayılov bu iş üzrə dövlət ittihamçısı olduğu vaxt və sonrakı illərdə ünvanına təhqirlər yağdırılmasından, “erməni şpionu” ittihamı ilə üzləşməsindən də danışıb: “Yəqin bu kitabı oxuyandan sonra məni “erməni şpionu” adlandırmazlar”.

A.İsmayılov Sumqayıt hadisələri barədə görüb eşitdikləri barədə kitab yazmaq fikrinə düşdüyünü, lakin bu ideyanı özünə çox da yaxın buraxmadığını bildirib: “Ancaq ötən illərdə baş verənləri bir daha götür-qoy edəndən sonra əvvəlki mövqeyimə yenidən nəzər salmalı oldum. Saysız-hesabsız erməni siyasətçiləri, peşəkar və həvəskar publisistlər, ermənilərə lobbiçilik edənlər Azərbaycana və azərbaycanlılara maraq göstərən hər kəsi vahiməyə salmaq üçün Sumqayıt hadisələrini qorxunc bir vasitəyə çevirmişdilər. Bu vicdansız spekulyasiyalar nəticəsində həmin hadisələrin bilərəkdən saxtalaşdırıldığı minlərlə kitab, məqalə, televiziya verilişi və saytlar ortaya çıxıb. Yeganə məqsəd isə bütün bu hadisələrin təqsirini, özü də ən vicdansız formada bütövlükdə Azərbaycan xalqının üzərinə yıxmaq idi. Vaxt gələcək, tarixi saxtakarların sələfləri bu saxta materialları arxivlərdən çıxaracaq və “başıbəlalı erməni xalqı”nın bu dəfə artıq Sumqayıtda məruz qaldığı “soyqırım” haqqında yeni bir uydurmanı beynəlxalq ictimaiyyətə təqdim edəcəklər. Hesab edirəm ki, bitib-tükənmək bilməyən bu yalan, böhtan, uydurmalar axınına qarşı Sumqayıt hadisələrinin bütün aspektlərinə dair sənəd və sübutlarla, dəlillərlə əsaslandırılmış araşdırmalar təqdim edilməli, həmin araşdırmalarda Sumqayıt hadisələrini qızışdıranların hər birinin rolundan, hakimiyyət orqanlarının davranışından tutmuş, yüksək sovet instansiyalarının bu hadisələrə aşkar müdaxiləsinə qədər bütün məqamlar açıqlanmalıdır. Əgər Azərbaycan tərəfi hərəkətə gəlməsə, şübhəsiz ki, Sumqayıt hadisələri də əleyhimizə çevriləcək əsas ideoloji silahlardan olacaq. Məni əlimə qələm götürməyə sövq edən də məhz bizi gözləyən bu təhlükənin qarşısını vaxtında almaq istəyidir”.

A.İsmayılov “sumgayit1988.com” saytının oğulları Cəmil və Ziyəddin tərəfindən hazırlandığını bildirib.

Saytın təqdimatını edən A.İsmayılovun oğlu Cəmil İsmayılov bildirib ki, Sumqayıt hadisələrilə bağlı ittiham aktı böyük olduğundan o bütövlükdə kitabda yer almayıb. Bu səbəbdən də “sumgayit1988.com” saytı yaradılaraq ittiham aktı bütünlüklə ora yerləşdirilib. Saytın yaranmasında digər məqsəd isə xaricdə yaşayan azərbaycanlıların da Sumqayıtda baş verənlərdən real olaraq xəbər tutmasına şərait yaratmaqdır.

Sayt rus, ingilis, fransız və digər dillərə də tərcümə olunacaq ki, bunda da məqsəd əcnəbi oxuculara Sumqayıtda əslində nə baş verməsini çatdırmaqdır.

Pərvin ABBASOV
# 1306

Oxşar yazılar