“Əjdərbəy” məscidinin təmirinə 3 milyon manat ayrıldı
25 may 2010 15:00 (UTC +04:00)

“Əjdərbəy” məscidinin təmirinə 3 milyon manat ayrıldı

Prezident İlham Əliyev “Əjdərbəy” məscidinin təmirinin maliyyələşdirilməsi ilə bağlı sərəncam imzalayıb.

Lent.az-ın məlumatına görə, sərəncamda deyilir ki, ötən əsrin əvvəllərində, 1912-1913-cü illərdə tanınmış xeyriyyəçi Əjdər Bəy Aşurbəyov tərəfindən Bakı şəhərində tikilib istifadəyə verilmiş bu məscid Azərbaycanda mötəbər, dini ibadət mərkəzlərində biridir. Bu müqəddəs məbəd müsəlmanların birliyinin rəmzi kimi ilk vaxtlar “İttifaq” məscidi kimi tanınıb.

Ölkə başçısı sonradan “Əjdərbəy” məscidi adlandırılan və Bakının memarlıq incilərindən sayılan bu tarixi-mədəni abidənin əsaslı təmirinin, bərpasının və aparılan yenidənqurma işlərinin tamamlanmasını təmin etmək məqsədilə 2010-cu il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin Ehtiyat Fondundan Bakı Şəhər İcra Hakimiyyətinə 3 milyon manat vəsait ayırıb. Sərəncamda həmin vəsaitin müəyyən olunmuş qaydada maliyyələşdirilməsi Maliyyə Nazirliyinə tapşırılır.
# 406

Oxşar yazılar