Almaniyanın turizm şirkəti Azərbaycandan üzr istədi
21 may 2010 15:15 (UTC +04:00)

Almaniyanın turizm şirkəti Azərbaycandan üzr istədi

Turizm şirkətinin saytında Dağlıq Qarabağla bağlı yerləşdirilmiş yanlışlıq aradan qaldırılıb.

Almaniyada fəaliyyət göstərən diasporumuzun Azərbaycan Respublikasının bu ölkədəki Səfirliyi ilə əməkdaşlığı nəticəsində Drezdendə yerləşən turizm şirkətinin internet səhifəsində Dağlıq Qarabağla bağlı yerləşdirilmiş yanlışlıq aradan qaldırılıb. Bu barədə Lent.az-a Diasporla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən bildirilib. Məlumata görə, bu ilin aprel ayında Almaniyada yaşayan soydaşımız Sain Cəbrayılov Drezdendəki turizm şirkətlərindən birinin internet səhifəsində Ermənistana və Dağlıq Qarabağa turist səfərləri təşkil etməsi barədə elanla rastlaşıb. Elana görə, Ermənistana və Dağlıq Qarabağa təşkil edilən 13 günlük turist səfərinin 3 gününün Dağlıq Qarabağda keçirilməsi nəzərdə tutulub. Bununla yanaşı, turistlər üçün nəzərdə tutulan bu məlumata siyasi təbliğat xarakterli informasiya da əlavə olunub. Elanda qeyd olunub ki, Şuşa məscidini guya fars işğalçıları tikib, azərbaycanlılar Şuşada heç bir mədəniyyət abidəsinə malik deyillər, ümumiyyətlə Dağlıq Qarabağın Azərbaycanla heç bir tarixi bağlılığı yoxdur və 1924-cü ildə Stalin əhalisinin 95%-nin erməni olmasına baxmayaraq, bu bölgəni Azərbaycana verib.

Bu cür səhv məlumatla bağlı soydaşımız turizm şirkətinə bir necə dəfə etiraz və şikayət məktublar göndərsə də, şirkət nümayəndələri öz hərəkətlərinə bəraət qazandırıblar. Bundan sonra Sain Cəbrayılov Azərbaycanın Almaniyadakı Səfirliyinə müraciət edib. Səfirlik məsələ ilə dərhal maraqlanıb, səfir Pərviz Şahbazovun tapşırığına əsasən həmin turizm şirkəti ilə əlaqə yaradılıb. Şirkət rəhbərliyinə bildirilib ki, Dağlıq Qarabağ Azərbaycanın ayrılmaz tərkib hissəsidir, 20 ilə yaxındır Ermənistanı beynəlxalq hüquqa zidd şəkildə bu əraziləri işğal altında saxlayır və atəşkəs elan olunmasına baxmayaraq bu bölgədə vəziyyət sabit və təhlükəsiz deyil. Həmçinin Almaniya Xarici İşlər Nazirliyinin internet saytında Dağlıq Qarabağ münaqişə bölgəsi olduğundan bu əraziyə turist səfərlərinin təşkilinin təhlükəli sayıldığı məlumat verilib. Səfirliyin şirkət rəhbərliyinin diqqətini onu da çatdırıb ki, indiki halda Dağlıq Qarabağa Ermənistan vasitəsilə və Ermənistan ərazisindən səfərlərin təşkili beynəlxalq hüquq normalarına ziddir. Azərbaycan Respublikasının bu cür fəaliyyətə sərt mövqeyini bildirən Səfirlik məlumatın dərhal şirkətin veb səhifəsindən yığışdırılması tələb edib. İnternet səhifəsində turist səfəri üçün elana siyasi təbliğat xarakterli məlumatın da əlavə olunmasının yanlışlığı irad olaraq şirkət rəhbərliyinin diqqətinə çatdırılıb.

Turizm şirkətinin rəhbərliyi ciddi səhvə yol verildiyini etiraf edib və bildirilib ki, Dağlıq Qarabağa səfərlə bağlı ideyanın özü bir yanlışlıqdır və onlar belə bir elan yaymaqda hər hansı siyasi təxribat niyyəti güdməyiblər. Şirkətin nümayəndəsi təmsil etdiyi qurumun Azərbaycanla da əməkdaşlıq etdiyini, ölkəmizdə də tərəfdaş şirkətlərinin olduğunu, ümumiyyətlə Azərbaycan Respublikası ilə münasibətlərə xələl gəlməsini istəmədiklərini vurğulayıblar.

Almaniyadakı Azərbaycanlıların Koordinasiya Mərkəzindən Diasporla İş üzrə Dövlət Komitəsinə daxil olan məlumatda bildirilib ki, Azərbaycanın Almaniyadakı Səfirliyinin işə qarışmasından və turizm şirkəti rəhbərliyi ilə söhbətdən sonra Dağlıq Qarabağa dair məlumat şirkətin internet səhifəsindən gecikdirilmədən çıxarılıb və şirkət rəhbərliyi məsələ ilə bağlı Səfirliyə üzrxahlıq məktubu göndərib.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 545

Oxşar yazılar