Azərbaycanlılar Gürcüstan parlamentinin qarşısında mitinq keçirəcək
21 may 2010 15:00 (UTC +04:00)

Azərbaycanlılar Gürcüstan parlamentinin qarşısında mitinq keçirəcək

“Borçalı” İctimai Birliyinin sədri Zəlimxan Məmmədli mayın 21-də Bakıda mətbuat konfransı keçirib. Lent.az-ın məlumatına görə, Z.Məmmədli mətbuat konfransının keçirilməsinin Gürcüstanda gerçəkləşəcək tədbirlərlə bağlı olduğunu bildirib.

O deyib ki, rəhbərlik etdiyi təşkilat mayın 26-da – Gürcüstan Demokratik Respublikasının yaranmasının 82-ci ildönümü günündə Tiflisdə Borçalı türklərinin yürüşünü təşkil edəcək. Z.Məmmədli bildirib ki, bu, Gürcüstan tarixində ilk belə tədbir olacaq. Artıq aksiya ilə bağlı Tiflis meriyası razılığını verib. Aksiyada 3-5 min azərbaycanlının iştirakı nəzərdə tutulur. Həmçinin, aksiyanı işıqlandırmaq üçün Bakıdan jurnalistlərin Tiflisə səfəri təşkil olunacaq.

Belə ki, yürüş iştirakçıları mayın 26-da saat 10.00-da Tiflisdəki “Meydan” adlanan ərazidə (Heydər Əliyevin büstünün yanı) toplaşacaq, bir saatdan sonra isə Leselidze küçəsiylə hərəkətə başlayacaq. Yürüşün parlament binasına qədər davam edəcəyi nəzərdə tutulub. Orada təşkil olunacaq ümumgürcüstan mitinqində təşkilat sədri Zəlimxan Məmmədlinin çıxışı nəzərdə tutulub. Aksiyada “Borçalı türkləri öz vətənlərinə sadiqdir”, “Yaşasın demokratik Gürcüstan”, “Yaşasın vahid Gürcüstan” və s. kimi şüarlar səsləndiriləcək.

Z.Məmmədli hesab edir ki, bu aksiya Borçalı türklərini Gürcüstanın siyasi elitası ilə sıx yaxınlaşdıracaq, qarşılıqlı inteqrasiya prosesini sürətləndirəcək, regionda etnik konfliktlərin həll olunmasını asanlaşdıran psixoloji mühit formalaşdıracaq, Borçalı türklərində Gürcüstan dövlətçiliyi şurunun artmasına yardımçı olacaq, Gürcüstan cəmiyyətini Borçalı “qorxusu”ndan azad edəcək, soydaşlarımızın problemlərinin həll olunmasına Gürcüstan siyasi hakimiyyəti və cəmiyyəti həssas yanaşacaq və s.

“Azərbaycan da, Gürcüstan da daim etnik separatizmdən əziyyət çəkib. Biz separatçılığın əleyhinəyik. Ona görə də fəaliyyətimizi bu istiqamətdə qurmuşuq. Keçirəcəyimiz aksiya müəyyən dairələrin, o cümlədən Avropanın diqqətini çəkəcək” – deyə, Z.Məmmədli bildirib.

O, mayın sonunda Gürcüstanda bələdiyyə seçkiləri keçiriləcəyini də qeyd edib. Lakin əlavə edib ki, azərbaycanlılar həmin seçkiyə aktiv şəkildə iştirak etmir. Bununla yanaşı, Z.Məmmədli deyib ki, gələcəkdə Gürcüstan azərbaycanlısının hətta prezident seçilməsi də realdır.

Pərvin ABBASOV
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 400

Oxşar yazılar