Avropa Parlamentindən Ermənistana mühüm çağırış
20 may 2010 12:00 (UTC +04:00)

Avropa Parlamentindən Ermənistana mühüm çağırış

Avropa Parlamenti Ermənistanı işğal etdiyi Azərbaycan torpaqlarından çıxarmağa çağırıb

Avropa İttifaqı Cənubi Qafqazın çiçəklənməsi və bölgədə stabilliyin bərqərar olması, münaqişələrin nizamlanması strategiyasını yürüdür.

APA-nın məlumatına görə, bu fikirlər Avropa Parlamentinin bu gün qəbul etdiyi qətnamədə öz əksini tapıb. Bolqar parlamentar Yevgeni Kirillovun hazırladığı qətnamədə bildirilir ki, Azərbaycan, Ermənistan və Gürcüstan 2004-cü ildən Avropa Qonşuluq Siyasəti çərçivəsində Avropa İttifaqı ilə tərəfdaşlıq etsələr də, bölgə ilə bağlı kompleks regional strategiya mövcud deyil.

Deputatlar hesab edir ki, Avropa İttifaqının Cənubi Qafqaz siyasətində əsas səylər üç istiqamətə yönəlməlidir – münaqişələrin nizamlanması, demokratiya və insan haqlarının qorunmasına dəstək, qanunun aliliyi və iqtisadi əməkdaşlıq, sosial inkişaf: “Avropa Dağlıq Qarabağ və Gürcüstandakı münaqişələrlə əlaqədar bu regionla münasibətində mürəkkəb geosiyasi situasiya ilə üzləşir, həmçinin Ermənistan-Türkiyə münasibətlərində də gərginlik mövcuddur. Regionda münaqişəli situasiyalar qəbulolunmazdır”.

Avropa Parlamenti, həmçinin bölgə ölkələrinin hərbi xərclərini artırmasından narahatlıq ifadə edib və Ermənistanı öz Silahlı Qüvvələrini işğal etdikləri Azərbaycan torpaqlarından çıxarmağa çağırıblar.

Qətnamədə bildirilir ki, “dondurulmuş münaqişələr”in mövcudluğu iqtisadi və sosial inkişaf qarşısında ən böyük maneədir.

Parlamentarlar, həmçinin regionun Avropa İttifaqının enerji təhlükəsizliyi baxımından mühüm əhəmiyyət daşıdığını vurğulayıblar.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 434

Oxşar yazılar