İstanbulda Hidayət Orucovun kitabının təqdimatı keçirilib
19 may 2010 12:15 (UTC +04:00)

İstanbulda Hidayət Orucovun kitabının təqdimatı keçirilib

Türkiyədə Heydər Əliyev Mərkəzinin yaradılması təklif olunub


May ayının 18-də İstanbulda Hidayət Orucovun türk dilində yenicə çapdan çıxmış “Heydər Əliyev və Azərbaycanda milli siyasət” kitabının təqdimat mərasimi keçirilib.

Dövlət Komitəsinin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, tədbirdə dost ölkənin məsul işçiləri, millət vəkilləri, elm və təhsil xadimləri, İstanbulda akkreditə olunmuş diplomatlar, səfirlik əməkdaşları və tələbələr iştirak ediblər.

Tədbir başlanmazdan əvvəl dünya şöhrətli siyasətçinin xatirəsi bir dəqiqəlik sükutla yad olunub, “Heydər Əliyev. O, Azərbaycan deməkdir” adlı sənədli film nümayiş etdirilib. Tədbirdə çıxış edən Dialoq-Avrasiya Platformunun rəhbəri Harun Tokak, Azərbaycanda Atatürk Mərkəzinin sədri, millət vəkili Nizami Cəfərov, Heydər Əliyev Fondunun Türkiyə təmsilçisi Samir Cəfərov, İstanbul millət vəkili Mehmet Müəzzinoğlu, maarif xadimi Əli Bayram, Azərbaycanda Çağ - Öyrətim Şirkətlər Qrupunun prezidenti Ənvər Özərən, Türkiyə-Azərbaycan Dərnəkləri Federasiyasının rəhbəri Bilal Dündar, professorlar İdris Bal, Əbdülvahab Kara və Gökxan Bacık, Mərmərə vəqflər qrupunun rəhbəri Akkan Süner, sabiq millət vəkili Şamil Ayrım və başqaları çıxış edərək, keçən əsrin 60-ci illərindən başlayaraq Azərbaycan kontekstində “sovet ideologiyası və millilik” məsələlərini görkəmli şəxsiyyətin siyasi bioqrafiyasında işıqlandıran kitabın elmi-mənəvi dəyərini və türk dilinə səlis tərcüməsini yüksək qiymətləndiriblər. Mərasimdə tövsiyə olunub ki, “Heydər Əliyev və Azərbaycanda milli siyasət” kitabı digər türkdilli xalqların dilinə də tərcümə olunub yayılsın.

Tədbirdə çıxış edən elm, təhsil, mədəniyyət və siyasət xadimləri bir gün öncə Bakıda böyük qazi Mustafa Kamal Atatürkün heykəlinin təntənəli şəraitdə açılışı ilə bu tədbir arasındakı düşərliyi ölkələrimiz və millətlərimizin mənəvi bağlılığının vəfa borcu kimi qiymətləndirib, Türkiyədə Heydər Əliyev Mərkəzinin yaradılması barədə təkif irəli sürüblər. Hidayət Orucov Türkiyə ilə Azərbaycan arasındakı qardaşlıq əlaqələrinin yaranmasında Heydər Əliyevin misilsiz xidmətlər göstərdiyini xatırladıb, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin ölkələrimiz arasındakı münasibətlərin bugünkü inkişafında rolunu xüsusi qeyd edib. Hidayət Orucov kitabın türk dilində nəşrinə görə Dialoq-Avrasiya Platformunun rəhbərliyinə, kitabın Azərbaycan dilindən çevirəni Abdulkerim Üregen və redaktoru Mustafa Saatçıya təşəkkürünü çatdırıb.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 518

Oxşar yazılar