Rauf Arifoğlu: “Azər Ayxanın yeni qəzetlərlə bağlı dedikləri “Yeni Müsavat”ın mövqeyini əks etdirmir”
“Yeni Müsavat” qəzetinin baş redaktorunun birinci mavini Azər Ayxanın “Demokrat” və “Demokratik Müsavat” qəzetləri ilə bağlı Mediaforum saytına dediklərinə baş redaktor Rauf Arifoğlu da münasibət bildirib. “Mən Azər bəyin açıqlamalarını heyrət və təəccüblə oxudum. Mənimçün sürpriz oldu. Təkcə ona görə yox ki, Azər bəyə və qəzetin digər redaktorlarına “Yeni Müsavat” adından hər hansı açıqlama verməyi yasaqlamışam; hesab edirəm ki, bu işi mən daha problemsiz görə bilirəm; həm də və əsasən ona görə ki, ortaya qoyduğu mövqe ilə bu məsələdə Azər Ayxanı tam haqsız bilirəm. Bu səbəbdən də onun fikirlərinə verilən reaksiyaları, orada hətta mənə toxunan, incidən məqamlar olsa da, haqlı hesab edirəm. İnsanlar əmək və para sərf edir, riskə girir qəzet açırlar; onlara “xeyirli olsun”, demək bir yana, hələ üstəlik bu cür mühüm layihələri şübhə altına almaq... heç cür düzgün sayıla bilməz. Azər bəyin açıqlamalarından xəbər tutmadan “Azadlıq” qəzetinin bu mövzudakı suallarına da cavab vermişəm. Orada da demişəm, indi də təkrar edirəm ki, demokratik düşərgəyə aid olan insanların yeni media quruluşu yaratmasını təqdir edirəm. Ən azı ona görə ki, söz və mətbuat azadlığına qarşı hər hansı basqı olanda, iclas keçirməyə, müqaviməti qurmağa, bəzən radikal aksiyalara getməyə həmkar redaktor tapa bilmirik. Yeni qəzetlərin timsalında, söz üçün legitim mübarizə aparası redaktorların, jurnalistlərin sayı artır. Eləcə də tribunaların. Yeni qəzetlər çoxalsa, batmaqda olan müstəqil yayım sektorunu da dirçəldə bilərik. Bizim qəzet bazarında rəqabət qorxumuz yoxdur. Hesab edirəm ki, yaxın illərdə də olmayacaq. Lakin müstəqil yayım sisteminin, səyyar satıcıların işlərinə xitam verəcəkləri ilə bağlı əndişəmiz var. Çünki bazarda satılan qəzetlər artıq çox azalıb, yayım sektorunun gəlirləri azalıb... ”
“Yeni Müsavat”ın Müsavatdaxili proseslərə və başqanlıq yarışına qoşulmayacağını qeyd edən Arifoğlu: “Lakin bunu kim edəcəksə, onu da qınamaq düzgün olmazdı; bu, qəbahət deyil, tamamilə normal prosesdir ”,- dedi.
Sonda “Yeni Müsavat”ın baş redaktoru bir daha vurğuladı ki, qardaşı və qəzetdə müavini olan Azər Ayxanın fikirləri rəhbərlik etdiyi qəzetin mövqeyi deyil; bütün bunlardan təəssüf edir: “Yeni Müsavat”ı təsisçi və baş redaktor olaraq mən təmsil edirəm, yalnız mənim mövqeyim qəzetin rəsmi mövqeyi sayılır. Ona görə də xahiş edirəm həmkarlarım məsələ ilə bağlı mənim qeydlərimi nəzərə alsınlar”.

439