Müsavatın qəzetləri dalaşır
13 may 2010 18:00 (UTC +04:00)

Müsavatın qəzetləri dalaşır

Müsavat Partiyasına yaxınlığı ilə seçilən “Yeni Müsavat”, “Demokratik Müsavat” və “Demokrat” qəzetləri arasında mübahisə yaranıb.
“Yeni Müsavat” qəzetinin baş redaktorunun birinci müavini Azər Ayxan “Media forum”a Müsavat Partiyasında başqanlıq uğrunda mübarizə məqsədilə media layihələrinin həyata keçirildiyini bildirib.
A. Ayxan bildirib ki, “Yeni Müsavat” qəzetinin fəaliyyət göstərdiyi müddətdə bir neçə mətbuat orqanı işıq üzü görüb: “Ancaq onlar o qədər də uzunömürlü olmayıb və əksəriyyəti tarixin arxivinə çevrilib. Bu baxımdan bizim istər yeni təsis edilən, istər artıq satışda, qəzet bazarında olan, istərsə də gələcəkdə yaradılacaq heç bir qəzetlə bağlı narahatlığımız yoxdur”.
O bildirib ki, “Yeni Müsavat”ın bazardakı mövqeyini qoruyub saxlaması yuxusuz gecələrin, əzmlə çalışmağın nəticəsidir: “Biz bütün partiyaların, siyasi qüvvələrin, eyni zamanda Müsavatın üzünə açıq bir qəzetik. Etiraf edək ki, uzun illər Müsavat Partiyasının maraqlarından çıxış etmişik. Bu gün də qəzetimizdə o istiqamət qalmaqdadır. Qəzetimizin kollektivində xeyli müsavatçı çalışır. “Yeni Müsavat”ın təsisçisi və baş redaktoru Rauf Arifoğlu Müsavat Partiyasını Azərbaycanda bərpa edən ilk beş adamdan biridir. Bu istiqamətdə böyük əməyi var. Bu işlə bərabər biz müasir dövrün tələblərinə cavab verəcək bir qəzet formalaşdırmışıq. Bütün siyasi partiyaların, siyasi qüvvələrin və siyasətçilərin mövqeyini işıqlandırmağı bir qəzetçi kimi özümüzə borc bilirik”.
““Demokratik Müsavat” qəzeti, eyni zamanda Müsavat Partiyası Mərkəzi İcra Aparatının rəhbəri Arif Hacılının patronajlığı ilə çıxan “Demokrat” qəzeti Müsavat Partiyasında daxili qruplaşmaların başqanlıq uğrunda apardığı mübarizə üçün nəzərdə tutulmuş müvəqqəti layihələrdir. İsa Qəmbərdən sonra partiyada başqan olmaq istəyən bir neçə adam var ki, onlar qəzetlər buraxırlar. Ona görə də onların qəzetləri başqanlıq kürsüsünə, Müsavatın daxili auditoriyasına hesablanıb. Mən bu qəzetlərin uzunömürlü olacağını düşünmürəm. Qəzet çıxarmaq, qəzetə pul xərcləmək, ona tiraj qazandırmaq hər adamın səbrində, hövsələsində olan məsələ deyil”-deyə, A. Ayxan bildirib.

Azər Ayxana cvablar da özünü çox gözlətməyib.

Köşkə çıxmağa hazırlaşan “Demokratik Müsavat” qəzetinin təsisçisi Tapdıq Abbas Azər Ayxanın düşüncələrinin reallığı əks etdirmədiyini deyib: “Təsisçisi olduğum qəzetin Müsavat Partiyasında başqanlıq uğrunda mübarizə ilə bağlı olduğu barədə deyilənlər ağ yalandır. Mən bir vaxt “Paralel” qəzetini təsis edəndə də Müsavatda bəzi adamlar bunun Müsavat Partiyasını parçalamağa xidmət edəcəyini iddia edirdi. Bu, partiyada ən yüksək səviyyədə təmsil olunan bəzi adamların yanlış təsəvvürü idi. İndi də “Demokratik Müsavat”la bağlı belə sözlərin işlənməsi düzgün deyil”.
T. Abbas qeyd edib ki, kiminsə Müsavatdan çıxıb getmək, ya da partiyanı parçalamaq iddiası ola bilər: “Ancaq mənin açdığım qəzetlərin heç biri Müsavatda başqanlıq uğrunda mübarizəyə rəhbərlik etmir. Başqanlıq uğrunda kimin mübarizə aparmasını mən müəyyənləşdirmirəm. İkincisi, mənim bu mübarizədə heç bir marağım yoxdur. Əsas marağım ondan ibarətdir ki, Müsavat Partıyası öz missiyasına uyğun olaraq indiyə qədərki mübarizəsini uğurla həyata keçirsin”.
T. Abbas bildirib ki, “Demokratik Müsavat”da başqanlıq uğrunda mübarizəyə qoşulan adamlar olacaqsa, bu, qəzetin həmin prosesə münasibətdə fərqli mövqe nümayiş etdirməsinə gətirib çıxarmayacaq: “Hətta Azər Ayxan da başqanlığa namizədliyini irəli sürsə, “Demokratik Müsavat”da mövqeyini ortaya qoya biləcək. Müsavatdan kim gedəcəksə onun nə mənə, nə də “Demokratik Müsavat”a aidiyyəti var”.
T. Abbas “Yeni Müsavat” qəzetinin uzunömürlülüyünü müsavatçılarla bağlayıb: “İndi bunu kimlərinsə öz adına çıxması düzgün deyil”.
“Demokrat” qəzetinin baş redaktoru Mustafa Hacıbəylinin də cavabı sərt olub: “Mən qəzetimizə qarşı, bizim əleyhimizə ilk çıxışın məhz “Yeni Müsavat”dan gələcəyini gözləyirdim. Səbəb bəllidir. “Demokrat”ın varlığı oxucularda müqayisə imkanı yaradır və hansı qəzetin hansı marağa xidmət etdiyini əyani şəkildə ortaya qoyur”.
“Azər Ayxan tirajla çox öyünməsin. Bu qəzeti dirçəldənlər arasında onlarla insanın, o cümlədən mənim xidmətlərim olub. Müsavat Partiyası imkanlarının yaxşı vaxtında bu qəzetə hərtərəfli yardım edib. Təəssüf, bu gün həmin sevdiyimiz, doğma bildiyimiz qəzetdən əsər-əlamət qalmayıb.
Bütün tərəflərə qəzetdə yer veririk deyirlər. Amma baxın, İsa Qəmbərin, Əli Kərimlinin, başqa siyasətçilərin iqtidar haqqında çıxışlarına yer verirlərmi? Özümü demirəm, “Demokrat”da məqalələri çıxan başqa yazarların fikirlərinə yer verirlərmi? İkiqat senzuralı bir qəzet yaradıblar”-deyə, M. Hacıbəyli həmkarlarının ünvanına ittihamlar söyləyib.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 460

Oxşar yazılar