Misir Mərdanov müharibəni qaçılmaz sayır
08 may 2010 14:00 (UTC +04:00)

Misir Mərdanov müharibəni qaçılmaz sayır

“Uzun illər Azərbaycan xalqı haqqında yanlış təsəvvür yaradıblar, guya xalqımız vuruşa bilmir, qorxaqdır”.

Lent.az-ın verdiyi məlumata görə, təhsil naziri Misir Mərdanov bunu “Milli Qəhrəmanlar Zirvəsi” kitabının təqdimatı ilə bağlı keçirilən tədbirdə söyləyib. Misir Mərdanov deyib ki, İkinci Dünya Müharibəsi illərində də bu təəssürat geniş yayılıb, xalqımızın nümayəndələri əsassız yerə güllələnib: “Bu rüsvayçılığı qəbul etməyən Mircəfər Bağırov Moskva gedərək Stalinlə görüşüb və buna qəti etirazını bildirib. Bundan sonra, Azərbaycan milli diviziyaları yaradılıb, onlar böyük qəhrəmanlıq yolu keçiblər”.


Təhsil naziri 600 min azərbaycanlının İkinci Dünya Müharibəsində cəbhəyə getməsinə, onların yarıdan çoxunun həlak olmasına baxmayaraq, cəmi 223 nəfərə Sovet İttifaqı Qəhrəmanı adı verilməsinin əsasında da təxribatın durduğunu vurğulayıb. Misir Mərdanov Qarabağ müharibəsində erməni işğalçıları ilə döyüşdə 200-ə qədər insanın böyük qəhrəmanlıq etdiyini və Milli Qəhrəman adı aldıqlarını vurğulayıb: “Onların çoxu həlak olub, bu torpaq, Vətən uğrunda canlarından keçiblər”.


Azərbaycanın milli qəhrəmanlarından bəhs edən “Milli Qəhrəmanlar Zirvəsi” kitabının hər bir orta və ali təhsil müəssisəsində bir dərslik kimi xüsusi yer tutmasını zəruri sayan təhsil naziri hesab edir ki, bu kitab layiqli yerini tutandan, hər birimizin başı üstündə olandan sonra işğal altındakı torpaqlarımız azad olunacaq: “Torpaqları başqaları yox, biz özümüz azad edəcəyik, başqaları yalnız bizə mane olmağa çalışırlar”.


Misir Mərdanov torpaqlarımızın azad olunması üçün milli birliyi də şərt sayır: “Biz qonaqpərvər xalqıq, ancaq birləşmək məsələsində həmişə problemimiz olub. SSRİ dövründə hara gedirdik, öndə olanlar içərisində erməniləri görürdük. SSRİ Elmlər Akademiyasında da çoxlu sayda erməni vardı. Burada xristian amili və digər məqamlar var. Ancaq bizim irəlidə olmağımızı əngəlləyən başqa bir səbəb də vardı. Ermənilərin yanında bizim öndə gedən insanlarımız bir-birini qırırdılar. Bu hallar aradan qalxandan sonra biz torpaqlarımızı azad edəcəyik”.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 664

Oxşar yazılar