Azay Quliyev: “İsrail parlamentində canfəşanlıq göstərənlər Qubaya gəlsinlər...”
29 aprel 2010 11:15 (UTC +04:00)

Azay Quliyev: “İsrail parlamentində canfəşanlıq göstərənlər Qubaya gəlsinlər...”

“Azərbaycan Türkiyənin yanında olacaq”

Ərəb millət vəkillərinin dəstəyi ilə uydurma “erməni soyqırımı” məsələsi İsrail parlamentinin gündəliyinə salınıb və məsələ ilkin müzakirə üçün parlament komissiyalarından birinə göndəriləcək.

Bu məsələ Azərbaycan ictimaiyyətinin də narahatlığı ilə qarşılanıb. Azərbaycan Respublikası Prezidenti Yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının sədri, millət vəkili Azay Quliyev Lent.az-a açıqlamasında deyib ki, “erməni soyqırımı” məsələsinin İsrail parlamentinin gündəliyinə salınmasına təəssüflənir.

Azay Quliyev deyib ki, Milli Məclisin iclasında millət vəkili Aqil Abbas bu məsələyə toxunub və Azərbaycan-İsrail parlamentlərarası dostluq qrupu adından belə bir addımın atılmaması üçün İsrail parlamentinə müraciət edilməsini istəyib. Amma Azərbaycan-İsrail parlamentlərarası dostluq qrupunun rəhbəri Yevda Abramov millət vəkillərini əmin edib ki, “erməni soyqırımı” İsrail parlamentinin gündəliyinə salınmayacaq, bu barədə artıq danışılıb: “Təəssüf ki, üzərindən 1 gün keçmiş biz bunun tamam əksini gördük. Bu, qəbuledilməz bir haldır. Hesab edirəm ki, Azərbaycan dövləti, parlamenti və ictimaiyyəti həmişə olduğu kimi, bundan sonra da Türkiyəni tək buraxmayacaq, Türkiyənin yanında olacaq və bu məsələyə qəti etirazını bildirəcək. Mən də millət vəkili kimi İsrail parlamentinin bu addımını qəti şəkildə pisləyirəm. Bu məsələdə təkcə hökumət rəsmiləri, millət vəkilləri yox, Azərbaycan QHT-ləri də İsrail QHT-lərinə müraciət etməlidirlər və İsrail ictimaiyyətini bu əsassız və qanunsuz qərarın qəbulundan çəkindirməyə çalışmalıdır. QHT-lər çox fəal olmalıdır. Türkiyə bu məsələdə yalnız qoya bilmərik, qoymamışıq və qoymayacağıq. Türkiyədə qardaşlarımız bilsinlər ki, Azərbaycan ictimaiyyəti İsrailin bu təşəbbüsünü qəti şəkildə pisləyir və qəti etirazını bildirir”.

Şura sədri Azərbaycanda yaşayan yəhudiləri də bu çağırışa qoşulmağa dəvət edib: “Düşünürəm ki, İsrail-azərbaycan parlamentlərarası dostluq qrupu dərhal müraciət hazırlayaraq İsrail parlamentinə göndərməlidir. Mən əminəm ki, bizim həmkarımız, İsrail-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Yevda Abramov bu cür addım atacaq və Türkiyənin maraqlarına zidd olan hər hansı bir qərarın qəbuluna etiraz bildiriləcək”.

Millət vəkili vurğulayıb ki, bu təklifi irəli sürənlər təəssüf ki, erməni muzdurlarına çox bənzəyir, ermənilərin uydurmasının qəbul edilməsi üçün canfəşanlıq edirlər: “Ərəb deputatların “erməni soyqırımı” məsələsinin İsrail parlamentinin gündəliyinə salınmasında xüsusi fəallıq göstərdikləri bildirilir. Əgər onlar doğrudan da belə haqq-ədalət tərəfdarıdırlarsa, qoy zəhmət çəksinlər, Azərbaycanın Quba şəhərinə gəlsinlər. Görsünlər ki, ermənilər 1918-ci ildə Azərbaycan türklərini və onlarla bərabər yəhudiləri də qəddarcasına qətlə yetirib, onlara qarşı soyqırım törədiblər. İsrail parlamentinin bu addımı münasibətlərimizin mövcud vəziyyəti fonunda heç cür qəbul edilən hal deyil.

Azay Quliyev bildirib ki, bəziləri bu qərarı İsrail və Türkiyə arasında son dövrlər yaranmış soyuq münasibətlə əlaqələndirirlər: “Məncə, bu da yanlış yanaşmadır. Çünki hamı bilir ki, türklər tarix boyu yəhudilərə qucaq açıb, torpaqlarında yer veriblər. Yəhudilərlə türklər arasında qədim dostluq münasibətləri var və bunlar unudulmamalıdır. Onlar ermənilərin dünyada həyata keçirdikləri bu cür hiyləgər, yalan dolu siyasətə uymamalı və tarixi yanlışlığa, xətaya yol verməməlidirlər”.

Şura sədri ümid edir ki, uydurma “erməni soyqırımı” məsələsinə İsrail parlamentinin komissiyası səviyyəsində nöqtə qoyulacaq və layihə ilk addımdaca rədd olunacaq.

Ramiz Mikayıloğlu




1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 364

Oxşar yazılar