Ümid Partiyaçı icazəsiz aksiya keçirmək istəyir
28 aprel 2010 15:30 (UTC +04:00)

Ümid Partiyaçı icazəsiz aksiya keçirmək istəyir

Bu gün Ümid Partiyası Mitinq Komitəsinin növbəti iclası keçirilib. Bu barədə Lent.az-a partiyanın mətbuat xidmətindən məlumat verilib.

İclasda mitinqə hazırlıq işləri və Bakı şəhər İcra Hakimiyyətinin cavab məktubu müzakirə olunub.

Belə ki, Ümid Partiyası “ Seçki öncəsi mühitin demokratikləşməsi və Seçki Məcəlləsinə əlavə və dəyişikliklərin edilməsi” tələbi ilə mayın 1-də Bakı şəhərində mitinq keçirmək barədə qərar qəbul edib və mitinq iştirakçılarının təhlükəsizliyini təmin edilməsi üçün aprelin 23-də Bakı şəhər İcra Hakimiyyətinə məktubla müraciət edib.

Mitinq Komitəsinin üzvü Nəsimi Məmmədli bildirib ki, Bakı şəhər İcra Hakimiyyəti (BŞİH) mitinqi nəzərdə tutulan ünvanlarda – Füzuli Meydanında, N.Nərimanov adına kinoteatrının qarşısında və “Ukrayna” Meydanında deyil, Binəqədi qəsəbəsinin İdman-Sağlamlıq Kompleksinin stadionunda, 20-ci yaşayış sahəsi, Elçin Əzizov küçəsində yerləşən sürücülük məktəbinin həyətindəki meydançada və yaxud da Zığ yolu küçəsi 29/22-ci məhəllə ilə üzbəüzdəki meydançada keçirməyi təklif edib. O, təəssüflə deyib ki, BŞİH növbəti dəfə də Azərbaycan Konstitusiyası və “Sərbəst toplaşmaq azadlığı haqqında” qanunu pozub.

Mitinq Komitəsi üzvləri hesab edir ki, 1 may mitinqi üçün təklif olunan yerlər ilə yox cavabı arasında elə bir ciddi fərq yoxdur: “Hər iki halda Bakı şəhər İcra Hakimiyyəti Azərbaycan qanunlarını kobud surətdə pozmaqla yanaşı, həm də seçki öncəsi mühitin demokratikləşməsini əngəlləyib. Bakı şəhər İcra Hakimiyyətinin təklif etdiyi ünvanlar mitinq keçirmək üçün məqbul deyil. Partiya 1 may mitinqini nəzərdə tutduğu ünvanlarla yanaşı Azadlıq Meydanında, keçmiş Qələbə kinoteatrının qarşısında, yaxud S.Vurğun adına bağda keçirə bilər. Əks təqdirdə Ümid Partiyası Bakı şəhər İcra Hakimiyyətini məhkəməyə verməklə yanaşı, həm də icazəsiz aksiyalara başlaya bilər”.

Bununla yanaşı, Mitinq Komitəsində göstərilən ünvanlardan birində mitinqin keçirilməsi ilə bağlı müzakirələr də aparılıb. Bu ünvanlardan birində mitinq keçirilməsi imkanlarının öyrənilməsi məqsədi ilə partiyanın icra strukturlarına müvafiq tapşırıqlar verilib.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 800

Oxşar yazılar