AŞ PA sədri İsmayıl Ömərovla görüşdü
15 aprel 2010 17:00 (UTC +04:00)

AŞ PA sədri İsmayıl Ömərovla görüşdü

Mövlud Çavuşoğlu: “Ortaq yayım türk dünyasında mədəniyyət baxımından birliyin təmin olunmasında mühüm rol oynayır”


Azərbaycanda səfərdə olan Avropa Şurası Parlament Assambleyasının (AŞ PA) sədri Mövlud Çavuşoğlu bu gün İctimai Televiziya və Radio Yayımları Şirkətində olub, şirkətin baş direktor İsmayıl Ömərovla görüşüb.

İctimai Televiziya və Radio Yayımları Şirkətindən Lent.az-a verilən məlumata görə, Mövlud Çavuşoğlu Azərbaycanın ictimai yayımçısını qazandığı uğurlar münasibəti ilə təbrik edib.

AŞ PA sədri deyib ki, İctimai Televiziyanın “TRT-Avaz”la birgə həyata keçirdiyi ortaq yayım bütün türk dünyasında böyük maraqla izlənir: “Fürsət düşəndə səhərlər mən də bu proqrama zövqlə baxıram. Hesab edirəm ki, bu ortaq yayım türk dünyasında mədəniyyət baxımından da birliyin təmin olunmasnda mühüm rol oynayır”.

İsmayıl Ömərov AŞ PA sədrinə məhz İctimai Televiziyaya gəlişinə və ekzklüziv müsahibə verdiyinə görə təşəkkürünü bildirib. Baş direktor bildirib ki, İctimai Televiziya “Turksat” və Avropa peyk rabitə sistemi vasitəsilə böyük bir coğrafiyada yayımlanır: “Yayım siyasətimiz Azərbaycan mədəniyyətinin, tarixinin, həqiqətlərinin və türk xalqlarının ortaq dəyərlərini dünyada nümayiş etdirməkdir. “TRT-Avaz”la birgə hazırlanan ortaq yayıma bütün Orta Asiya ölkələrindəki türk dövlətlərinin də qoşulmasına çalışırıq”.

Baş direktor Avropa Yayımları Birliyinin üzvü kimi dünyanın aparıcı televiziyaları ilə də əməkdaşlıq etdiklərini söyləyib. Görüşdən sonra İctimai Televiziyanın “TRT-Avaz”la ortaq yayımda iştirak edən AŞ PA sədri Ankara və Bakı studiyalarından aparıcıların suallarını cavablandırıb.
# 440

Oxşar yazılar