Növbəti erməni yalanının üstü açıldı
31 mart 2010 19:00 (UTC +04:00)

Növbəti erməni yalanının üstü açıldı

“Dağlıq Qarabağ Respublikasının baş naziri” kimi özünü təqdim edən Ara Arutunyan BMT-də rəsmi görüşlər keçirməyib



Qondarma “Dağlıq Qarabağ Respublikasının baş naziri” kimi özünü təqdim edən Ara Arutunyanın 2009-cu ilin 18 noyabr tarixində BMT-nin binasına daxil olması və orada rəsmi görüşlər keçirdiyi barədə erməni mətbuatında bir müddət öncə yayılmış məlumatla əlaqədar Azərbaycan Respublikasının BMT yanında Daimi Nümayəndəliyi tərəfindən araşdırmalar aparılıb və BMT-nin müvafiq qurumlarından məsələ ilə bağlı rəsmi məlumat əldə edilib.


Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, Ara Arutunyan adlı şəxsə BMT-nin binasına müvafiq qurumlar tərəfindən heç bir buraxılış sənədi verilməyib, bu şəxs heç bir iclasda iştirak etməyib və onunla heç bir rəsmi görüşlər keçirilməyib.


Lakin BMT-nin binasının bir hissəsinin turistlər üçün açıq olduğundan, Ara Arutunyanın Ermənistan vətəndaşı sənədi ilə adi turist və ya tələbə kimi daxil olması istisna olunmayıb. Bununla da erməni KİV-də yayılan məlumatın uydurma olması müəyyən edilib.
# 363

Oxşar yazılar