Əli Əhmədovdan müxalifət partiyaları haqqında sərt bəyanat
24 mart 2010 20:00 (UTC +04:00)

Əli Əhmədovdan müxalifət partiyaları haqqında sərt bəyanat

“Bəzi müxalifət partiyaları xarici qüvvələrlə əlaqəyə girərək seçkilərdə onların dəstəyini qazanmaq taktikası seçib”



“Azərbaycanda fəaliyyət göstərən bir sıra müxalifət partiyaları seçkilərdə xarici amilləri gündəmə gətirməyə və ölkənin kənarından dəstək qazanmağa cəhd göstərmək taktikasını seçib. Həmin partiyalar xarici qüvvələrlə əlaqəyə girdiyindən onların sifarişlərini yerinə yetirmək məcburiyyətində qalır”.



APA-nın məlumatına görə, bunu Yeni Azərbaycan Partiyasının (YAP) sədr müavini Əli Əhmədov partiyanın saytına müsahibəsində deyib. Sədr müavini bildirib ki, onun söylədiklərini müxalifətin içərisində olan bir sıra şəxslər də təsdiqləyir.


Ə.Əhmədov hesab edir ki, Azərbaycan ictimaiyyəti müxalifətin içərisindən gələn bu cür siqnallara ciddi reaksiya verməli və xarici qüvvələrin maraqlarına xidmət edən, Azərbaycanın içərisində formalaşıb fəaliyyət göstərən siyasi partiyalara, onların təmsilçilərinə “yox” deməlidir: “Bu, onların seçimindəki səhvləridir və həm də çox böyük günahlarıdır. Onlar ölkənin daxili işlərinə qarışmaq niyyətində olan xarici qüvvələrin və güclərin maraqlarına oynamaqla Azərbaycanın mili və dövlətçilik maraqlarının əksinə fəaliyyət göstərmiş olurlar. Milli maraqlara xidmət göstərməyi öz qarşısına məqsəd qoymayan və dar siyasi ambisiyalarının həyata keçirilməsinə çalışan partiyalar istər-istəməz qeyri-demokratik və qeyri-qanuni yollara əl atmış olur. Bu yollardan biri də ölkədən kənarda fəaliyyət göstərən və o ölkənin daxili işlərinə bu və ya digər şəkildə müdaxilə etmək fürsəti güdən qüvvələrlə əlaqə yaratmaqdan ibarətdir”.
# 300

Oxşar yazılar