Bu ilki hərbi təlimlərdə ilk dəfə yerli silah və texnikalar nümayiş etdiriləcək
20 mart 2010 14:00 (UTC +04:00)

Bu ilki hərbi təlimlərdə ilk dəfə yerli silah və texnikalar nümayiş etdiriləcək

Vahid Əliyev: “Artıq Müdafiə Sənayesi Nazirliyi Azərbaycan Silahlı Qüvvələrinin tələbatına uyğun silah və sursatlar istehsal edir”


Silahlı Qüvvələrinin bu il keçiriləcək təlimlərində ilk dəfə olaraq Azərbaycan istehsalı olan silah və texnikanın taktiki nümayişi gözlənilir.

Bunu APA-nın əməkdaşının sualını cavablandırarkən Azərbaycan prezidentinin təhlükəsizlik və müdafiə məsələləri üzrə köməkçisi, general-leytenant Vahid Əliyev bildirib.

V. Əliyevin sözlərinə görə, artıq Müdafiə Sənayesi Nazirliyi ən müasir texnologiyalar tətbiq etməklə, Azərbaycan Silahlı Qüvvələrinin tələbatına uyğun silah və sursatlar istehsal edir.

Qeyd edək ki, ötən ilin iyun ayında Azərbaycan Silahlı Qüvvələrinin keçirdiyi «Qalxan 2009» taktiki təlimlərində iştirak edən prezident İlham Əliyev növbəti illərdə keçiriləcək təlimlərə həm də milli istehsal olan silah və texnikanın cəlb olunmasını tövsiyə edib.

“Ordumuz qarşısında duran bütün vəzifələri yerinə yetirməyə hazırdır. Həm döyüş hazırlığı, həm mənəvi-psixoloji hazırlıq baxımdan, həm də yeni, müasir silahlanma nöqteyi-nəzərindən...”, - deyə V. Əliyev vurğulayıb.

General onu da qeyd edib ki, bu gün komandanlıqlar tərəfindən verilən əmrlərə əsasən, bütün hərbi hissələrdə bayram tədbirləri keçirilir. Eyni zamanda döyüş bölgəsindəki hərbi hissələr baş verə biləcək provokasiyaların qarşısını almaq üçün yüksək hazırlıq vəziyyətindədir.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 463

Oxşar yazılar